Mirzə Cəlilin 140 yaşı olduğuna adamın inanmağı gəlmir. Yüz qırx yaşlı kişinin düz 100 il bundan əqdəm (əvvəl) qələmə aldıqları necə də təptəzə qalıb. Yox, Mirzənin 140 yaşı olsa da, çox cavan qalıb. O, bugünkü əliqələmlilərin çoxunun qələm yoldaşı, əməl dostu, lap yol yoldaşıdır. Mirzədən hələ də öyrənirik. Belə getsə, hələ çox öyrənəcəyik. İnanmayan varsa, elə bu dəmdə, bu məqamda Mirzə Cəlilin «Mırt-mırt» felyetonunu oxusun. Bu kiçik əsərin mövzusuna fikir verin, üslubuna diqqət edin. Nə gördünüz? Görənlər və bilənlər deyəcək: Mirzə hələ də bizimlədir.
  
 
     
   Vacib və lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik: "Eh, necə olacaq olsun!"
   Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır və bir neçə il gözləyirlər, axırda da hər kəs rast gəlir, gedirlər, amma çoxu da qalır evdə və özünə layiq oğlan tapa bilmir ki, getsin (Dövlətli qoca kişilərin kefidir ha!).
   Bunun səbəbi nədir? Niyə qızlarımız çoxalıb və evlənən cavanlarımız azalıb?
   Bunun səbəbi budur ki, oğlanlarımız gedib Avropa dərsi oxuyurlar və Avropa tərbiyəsi alırlar. Bunların da bir parası dərsi qurtarıb, vətənə qayıdıb gələndə öz yanlarınca rus, yəhudi, ya qeyri bir millətlərin qızlarından birini seçib gətirirlər və kəbin kəsdirib, özlərinə övrət eləyirlər.
   Cavanlarımızın da bir parası qayıdıb gəlir vətənə ki, burada öz səliqəsinə müvafiq bir müsəlman qızı tapıb alsın. Amma gəzir, dolanır, xəbərləşir və axırda görür ki, dərs oxumuş və tərbiyə tapmış müsəlman qızı yoxdur. Bir neçə il də gözləyir, gözləyir və lap axırda ya bu da gəlir bir rus qızı, ya yəhudi qızı tapır, ya da "cəhənnəmə, gora!" -deyib, gedir bir müsəlman qızı alır.
   Bəli, qızı alıb gətirir evə və öz-özünə deyir ki, "bəlkə, bir tövr ötüşək".
   Bir gün səhər tezdən övrət yerindən durur, istəyir geyinsin getsin anasıgilə, kişi soruşur ki, "niyə gedirsən?", övrət cavab verir ki, "bu gecə yuxu görmüşəm, gedirəm anama deyim, getsin Molla Haqverdiyə kitaba baxdırsın". Kişi deyir ki, "nahaq yerə zəhmət çəkib getmə, ondan ötrü ki, yuxudan heç bir şey bilmək olmaz".
   Övrətin bu sözlər xoşuna gəlmir, ərindən küsür və iki gün əri ilə danışmır.
   Bir neçə gün də keçir. Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, qardaşının da və qeyri yad kişilərin də yanında ayaqları çılpaq dolanır; amma, söz yox, üzünü və başını çarqatnan bərk-bərk gizləyir. Əri deyir ki, "ayıbdır, ayaqlarına corab gey", övrət cavab verir ki, "sən allah, ətimizi tökmə, evdə adam corab geyməz, adam yasa gedəndə, ya hamama gedəndə corab geyər".
   Bu da kişinin acığına gəlir və burada da kişi iki gün övrətindən küsüb danışmır.
   Bir neçə gün də keçir. Övrət görür ki, həmişə axşamlar əri qabağına kitab qoyub oxuyur, ya bir kağız götürüb yazır.
   Övrət bikar oturub başlayır əsnəməyə. Bir az keçir, övrətin yuxusu gəlir və kişi də kitabından və kağızından əl çəkmir. Bir az da gözətləyəndən sonra, övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: "A kişi, sən olasan allah, bu kitabları və kağızları tulla cəhənnəmə, az bu cinlərnən və şəyatinlərnən mırt-mırt danış, canına yazığın gəlsin! Bu nədir yuxunu özünə haram eləyirsən ki, nə bilim nə var? Bir canına yazığın gəlsin, bir usan, ay bu kitab-mitabı icad eləyənin evi yıxılsın!"
   Bu bir lazımlı və yenə lazımlı məsələdir. Əgər bu məsələni elə bu halətdə qoysaq, oxumuş cavanlarımızın heç biri müsəlman qızı almaz. Bu dərdə bir çarə tapmaq lazımdır; elə bu saat tapmaq lazımdır, sabaha da qoymaq olmaz! Bizə qalsa, biz buna iki çarə bilirik:
   1. Bunun bir çarəsi budur ki, oğlanlarımızı dəxi bundan sonra Avropa tərbiyəsinə qoymayaq; məsələn, Nehrəamin, Ordubadın cavan oğlanları həmişə Təbrizdə "elm" təhsil eləyirlər və vətənlərinə qayıdıb gələndən sonra evlənirlər və ömürlərinin axırına kimi də xoşbəxt yaşayırlar. Ya gərək belə ola.
   2. Ya da ki, oğlanlarımızı Avropa dərsinə göndərəndə qızlarımızı da qoyaq dərsə ki, heç olmasa, Avropa elmindən və tərbiyəsindən barı yarımçıq da olsa, bir az oxusunlar və öyrənsinlər. Biz belə qanırıq və belə də deyirik. Hər kəs nə cür qanır, elə də qansın.
  
   Molla Nəsrəddin.
   "Molla Nəsrəddin", 10 fevral, 1908