Kitabxanaçıların II Ümumrespublika müşavirəsi ayrı-ayrı kitabxanalarımızın fəaliyyəti, ötən dövrdə əldə etdikləri nəticələr barədə bir növ hesabat imkanıdır. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası da əlamətdar toplantıya mühüm nəticələrlə gəlib.
   
   Kitabxananın direktoru Fizurə Quliyeva müşavirə öncəsi fikirlərini bizimlə bölüşdü: “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən beş ildə xeyli işlər görülüb, o cümlədən kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılıb.
   Rayonlarımızın əksəriyyətində uşaq kitabxanaları tikilib istifadəyə verilib, mövcud kitabxanalar təmir olunub. Bu mədəniyyət ocaqlarımıza daxil olanda insan fəxr hissi keçirir. Dövlət Proqramının icrasının bariz nümunələrindən biri də bizim kitabxanadır. Proqramla bağlı kitabxanamıza hər cür şəraiti və təchizatı olan yeni bina verildi. Bu gün kitabxanalarda elektronlaşma işi həyata keçirilir. Rayonların əksəriyyəti İBRİS proqramına qoşulub. Kitabxanaların saytları var, istənilən zaman saytdan hər hansı kitabın elektron variantını açıb oxumaq mümkündür. Bu, çox sevindirici haldır. Amma elektron kitab günün tələbi olsa da, kitabı ələ götürüb oxumağın zövqü başqadır. Bizim elektron kitabxanamızda oxuculara animasiyalı hekayələr təqdim olunur. Bu maraqlıdır. Uşağa sərbəstlik verir. Amma uşaqlarımıza kitabın özünü daha çox sevdirməliyik”. 

   Beynəlxalq əlaqələr genişlənir
   
   Həmsöhbətimin sözlərinə görə, kitab bilik mənbəyi olmaqla yanaşı, mədəniyyət daşıyıcısıdır. Uşaqların informasiya tələbatının ödənilməsi, onların mütaliəyə cəlb edilməsi uşaq kitabxanaları qarşısında duran ən vacib məsələlərdən biridir. Bu xüsusda xarici ölkələrin uşaq kitabxanaları ilə əlaqələr, təcrübə mübadiləsi mühüm rol oynayır: “Dövlət tərəfindən kitabxanalara diqqət və qayğının nəticəsində biz müxtəlif beynəlxalq konfranslarda iştirak edib dövlətimizin kitabxana işi sahəsindəki uğurlarını dünyaya çatdıra bilirik. F.Köçərli adına Respublika Uşaq Kitabxanası beynəlxalq - Krım, İFLA, LİBNET, Anapa, Lipetsk konfranslarında iştirak etməklə yanaşı, Rusiya, İsveçrə, Türkiyə, Ukrayna, Almaniya, Moldova, Latviya və bir sıra ölkələrin şəhərlərində olmuş, kitabxana cəmiyyətləri ilə müqavilələr imzalamış və həmin ölkələrə Azərbaycan uşaq ədəbiyyatı göndərilmişdir. 2012-ci ildə kitabxanamız Beynəlxalq Uşaq Kitabı Şurasına (İBBY) üzv olmuşdur. Əsas vəzifələrimizdən biri də bu təşkilat vasitəsilə ölkəmizi tanıtmaq, dünya arenasına çıxarmaqdır”.
   
   Respublikanın mədəni həyatında fəallıq
   
   Tarixi günlər, milli bayramlar və bu kimi tarixlər xüsusi qeyd olunmaqla uşaqlar və yeniyetmələr arasında maraqlı işlər aparılır: “Kitabxanamızın təsis etdiyi “Göy qurşağı” jurnalında valideynlər üçün guşədə “Uşaqlarınızı mütaliəyə necə cəlb edə bilərsiniz” başlığı altında məlumatlar dərc olunur. Bundan əlavə tanınmış uşaq yazıçıları ilə görüşlər, kitab bayramları, uşaq kitabı sərgisi, teatr-tamaşa müzakirələri, viktorina və müsabiqələr uşaqların mütaliəyə marağını artırır. Onu da qeyd edim ki, kitabxanamız Moldova Milli Uşaq və Rusiya Dövlət Uşaq kitabxanalarının iş təcrübəsi əsasında elmi tədqiqat işləri aparmış, bu barədə müvafiq material respublikanın bütün MKS-lərinin uşaq şöbə və filiallarına paylanmışdır. Dövlət Proqramının həlli istiqamətində atılan addımlardan biri də rayonlarda aparılan monitorinqlər və uşaq kitabxanalarında keçirilən rəy sorğularıdır. Bunların nəticəsində Respublika Uşaq Kitabxanası Bakı şəhər uşaq və məktəb kitabxanaları üçün “Kitabxanaya uşaqların cəlbi: mütaliə haqqında düşüncələr” mövzusunda elmi konfrans keçirmişdir”.
   
   “Uşaq kitab karvanı”
   
   2011-ci ildə dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən “Kitab karvanı: uşaq kitabları İpək Yolu ilə” adlı səyyar kitab sərgisi maraqla qarşılandı. Gəncə-Qazax zonasına səfərimiz, uşaq yazarları ilə görüşlər, rəngarəng tədbirlər xoş anlarla yadda qaldı. Bu il həmin müsbət təcrübəni ölkəmizin Cənub bölgəsinə (Astara-Yardımlı zonası) gerçəkləşdirdiyimiz “Uşaq kitab karvanı”nda tətbiq etdik. Layihəni həyata keçirməkdə məqsədimiz respublikamızın rayonlarında uşaq ədəbiyyatının azlığını nəzərə alaraq, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etməkdir. Səyyar sərgilərdə nümayiş etdirdiyimiz kitablar və uşaq mətbu orqanlarının jurnalları sonda müvafiq uşaq kitabxanalarına paylanmaq üçün müvafiq rayon mədəniyyət və turizm şöbələrinə təqdim edildi.
   Bundan əlavə, 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə kitabxanamız artıq 4-cü ildir ki, Milli Uşaq Kitabı sərgisi təşkil edir. Bu işdə məqsədimiz gənc nəsli milli uşaq ədəbiyyatı nümunələrimizlə tanış etməkdir”.
   
   Müşavirədən gözləntimiz
  
 
   “Kitabxanaçıların II Ümumrespublika müşavirəsindən ümumilikdə işimizə təkan verəcək nəticələr gözləyirik. MDB ölkələrində fəaliyyətdə olan uşaq kitabxanaları milli kitabxana statusu alıblar. Biz də Dövlət Proqramına əsasən kitabxanamıza belə bir statusun verilməsini gözləyirik. Düşünürəm ki, kitabxanamızın belə status alması fəaliyyətimizə də müsbət təsir edər, əməkdaşlarımızın işinə əlavə stimul olar. Kitabxanamız öz iş prosesini dünya kitabxanaları səviyyəsinə çatdırmağa səy göstərir. Bundan sonra da informasiya təminatı istiqamətində fəaliyyətimizin səmərəsini artıracaq, xidmətin təkmilləşdirilməsi məqsədilə günün tələbləri səviyyəsində yeni iş üsullarından istifadə edəcəyik”. 
   
   Lalə Azəri