Aygün Bal 
   
   
   Payız
  
   Bələnmiş buludlar əl-ələ verib,
   Qaçaraq tələsik haraya gedir?!
   Ayrılıq mahnısın oxuyur onlar,
   Göylərdən ayrılmaq istəyir, nədir?!
  
   Çiçəyi öldürdün torpağın üstə,
   Solğun çəmənlərdə sanki inləyir.
   Xallı kəpənəklər sanki yatıbdır,
   Təbiət yuxuda sükut dinləyir.
  
   Quşlar da qorxaraq o sərt üzündən,
   Köç edir dəstəylə uzaq ellərə.
   Göylər də dözməyir sənin vəfana,
   Ağlayır, göz yaşı dönür sellərə.
  
   Gəl dəyiş, ay payız, sən əməlini,
   Ayrılıq eyləmə haqdan, nahaqdan.
   Sevəni ayırmaq böyük günahdır,
   Ayırma yarpağı sevən budaqdan.
  
   Hələ çox meyvəndən
    dad almamışdım,
   Daddırdın dərdlərin dadını payız.
   Adını dəyişə bilsəydim əgər,
   Ayrılıq qoyardım adını payız.
  
  
   Ay torpaq
  
   Necə sakit-sakit səssiz yatırsan,
   Dərdləri udaraq sevinc satırsan.
   Sən pisə yaxşını necə qatırsan,
   Nə olar sirrini söylə, ay torpaq.  

   Nə qədər dərd görüb sənin də gözün,
   Bəlkə, ona görə qaradır üzün.
   Bilirəm qəlbində nə çoxdur sözün,
   Nə olar sirrini söylə, ay torpaq.
  
   Canlıya-cansıza doğma anasan,
   İstəməm qışda da sən heç donasan.
   İstərəm sən məni bir dost sanasan,
   Nə olar sirrini söylə, ay torpaq.
  
   İndi sənə ərkim daha çox çatır,
   Çünki əzizlərim qoynunda yatır.
   Qoy sənə can deyim, onlara çatdır,
   Mənə bir yaxşılıq elə, ay torpaq.
  
  
   Nənəm güzgüdən küsüb
  
   Nənəm baxmır güzgüyə,
   Nənəm güzgüdən küsüb.
   Şəlalətək saçına,
   Ağ dəni güzgü düzüb.
  
   Görən, nədir güzgünü,
   Nənəmlə düşmən salıb.
   Elə bilir qocasın,
   Güzgü əlindən alıb.
  
   Deyir gözəlliyimə,
   Güzgü eylədi qarğış.
   Gündə bir qırış saldı,
   Üzümə naxış-naxış.
  
   Təsəlli tapmaq üçün,
   Mən baxırdım üzümə.
   Güzgü qocalığımı,
   Hey salırdı gözümə.
  
   Çox gözəlin ömrünü,
   Əlindən güzgü alıb.
   Qorxa-qorxa güzgüdən,
   Baxa-baxa qocalıb.
  
  
   Gözüm görə-görə qocalır anam
  
   Nə edim, taleyi dəyişim necə,
   İnsan dəyişərmiş göz önündəcə.
   Bəlkə, uşaq olum, elə körpəcə,
   Söyləsin yenidən, ay körpə balam,
   Gözüm önündəcə qocalır anam.
  
   Gülü dərələrə dağ layla çalır,
   Göylər ulduzları qucuna alır.
   Təbiət anadır, hey cavan qalır,
   İstərdim Tanrının hökmünü danam,
   Gözüm önündəcə qocalır anam.
  
   O şəvə saçlara indi yağır qar,
   Sanki gəlməyəcək o yaz, o bahar,
   Hanı əynindəki o güllü paltar,
   Dəyişib özü tək paltarın, sonam,
   Gözüm önündəcə qocalır anam.
  
   Övladmı günahkar, yoxsa ki, illər?!
   Anayla bəhsdədir sanki fəsillər.
   Lal olsun qocaldım deyən o dillər,
   İstərəm Kərəmtək mən oda yanam.
   Gözüm önündəcə qocalır anam.
  
  
   Tale ulduzu
  
   Kaş bir külək olub mən,
   Hər tərəfə əsəydim.
   Gah saçını dağıdıb,
   Gah da sığal çəkəydim.
  
   Bələnmiş buludları,
   Qovaydım dörd bir yana.
   Günəşlə birgə çıxıb,
   Nur saçaydım cahana.
  
   Qəlbi qırılan ayın,
   Şəklini dəniz çəkib.
   Gecə çiçək yerinə,
   Göydə ulduzlar əkib.
  
   Çiçəklər tək ulduzlar,
   Bir gün sönür, məhv olur.
   Hər insanla bir ulduz,
   Birgə torpağa dolur.
  
   Göydəki ulduzları,
   Dərib çiçək yerinə.
   Kaş paylaya biləydim,
   İnsanın hər birinə.
  
  
   Ölümdü, gülüm
  
   Dedim yaşamıram sənsiz dünyada,
   Əhdimə, andıma yalan olmuşam.
   Bir quru cismimdir yaşayır, əlbət,
   Nə qəlb var, nə ruh var - talan olmuşam.
  
   Mən daha duymuram çiçək ətrini,
   Bahar da qış kimi donuq görünür.
   Dəyişib donunu al-əlvan nə var,
   Hamısı gözümdə yasa bürünüb.
  
   Bu zülmü sən etdin, sən etdin mənə,
   Dərdə əsir düşüb, mən qul olmuşam.
   Göz yaşı qəlbimi elə yuyub ki,
   Mən daşlı-çınqıllı bir yol olmuşam.
  
   Yaralı ürəklə yol getmək çətin,
   Ölümcül yaşamaq zülümdür, gülüm.
   Dünyanın xoşbəxti, bəlkə də, sənsən,
   Zülmün ən yüngülü ölümdü, gülüm.