Respublika Uşaq Kitabxanası “Bilik günü” münasibətilə tədbir keçirəcək
 
  
   Sentyabrın 15-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası “Bilik günü” və “Sülh aylığı” çərçivəsində paytaxtın Nəsimi rayonundakı “Koala parkı”nda “Şən, əyləncəli mütaliə” adlı tədbir keçirəcək.
   
   Kitabxanadan bildiriblər ki, balacaların sevimli yeri olan park görkəmli şəxsiyyətlərin “Bilikdən nur alıram mən”, “Oxuya bilirsənsə, hər insan bir kitabdır”, “Bilik sərhədsiz bir dənizdir”, “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər”, “Biliyə aparan yeganə yol - mütaliədir” kimi müdrik kəlamları yazılmış plakatlar, şarlarla bəzədiləcək.
   Məqsəd uşaqların kitaba, kitabxanaya maraqlarını artırmaq və mütaliəsini təşkil etməkdir.
   Tədbirdə yeni nəşr olunmuş uşaq ədəbiyyatlarının sərgisi nümayiş olunacaq və qatara, yelləncəklərə minən uşaqlara oxumaq üçün kitablar və kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə ediləcək. Bütün tədbir iştirakçılarına kitabxananın bələdçisi və şirniyyatlı vizit kartı veriləcək.
   Sərginin “Sirli-sehrli nağıllar”, “Sizin sevimli yazıçılarınız”, “Azərbaycan - yurdum mənim”, “Sənin maraq dünyan”, “Çox oxuyan, çox bilər”, “Biri var idi, biri yox idi”, “Məktəb proqramına kömək” və s. mövzulu bölmələrində müxtəlif kitablar nümayiş etdiriləcək.
   “Şən, əyləncəli mütaliə” tədbirinin iştirakçıları görkəmli ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanası haqqında geniş məlumat əldə edəcəklər.