Dekabrın 5-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş “Milli qüruru, milli qeyrəti tərənnüm edən şair” mövzusunda tədbir keçirildi.

Kitabxananın direktoru Şəhla Qəmbərova tədbirin Məmməd Arazın 80 illiyi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamına əsasən təşkil olunduğunu bildirdi. Mərasimdə Xalq şairinin yubileyinə həsr olunmuş videoçarx nümayiş olundu.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli tədbirdə çıxış edərək Məmməd Arazın bənzərsiz ədəbi irsindən danışdı, onu böyük yaradıcılıq imkanlarına malik şair, klassik Azərbaycan poeziyasını müasir dövrümüzdə inkişaf etdirən, vətənpərvərlik ideyasını təbliğ edən söz ustadı kimi xarakterizə etdi.
Məmməd Arazla bağlı xatirələrini bölüşən Musa Yaqub onun şeirlərinin Azərbaycan poeziyasına yeni çalarlar gətirdiyini, ədəbiyyatımızı daha da zənginləşdirdiyini bildirdi: “Məmməd Arazın yaradıcılığı ilə Azərbaycan təbiətinin ədəbiyyatda tərənnümü daha da gücləndi, zirvələri fəth etdi. Azərbaycan ədəbiyyatını Məmməd Arazsız təsəvvür etmək çətindir”.
Tanınmış qiraət ustası, Əməkdar artist Ağalar Bayramov Məmməd Arazın əsərlərinin əvəzsiz poeziya inciləri olduğunu vurğuladı, şeirlərini səsləndirdi.
Şairlər Qəşəm İsabəyli, Zahid Xəlil, Oqtay Rza və başqaları Məmməd Araz irsinin öyrənilməsi və təbliğinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük töhfə verəcəyini diqqətə çatdırdılar. Qeyd olundu ki, şair təbiəti, daşı, qayanı sanki danışdırır, Vətən gözəlliklərinin sözlə rəsmini çəkir, Azərbaycan oxucusuna sevdirir.
Şairin ailəsi adından danışan Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Məmməd Arazın 80 illik yubileyinin geniş şəkildə qeyd edilməsini dövlətimizin ümumilikdə ədəbiyyatımıza göstərdiyi diqqət və qayğı kimi qiymətləndirdi.
Sonda Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinə fəxri diplomlar təqdim edildi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar