Dünyaya gələnin bir gün bu dünyadan köçəcəyi yaranışdan üzü bəri bütün insanlığa məlumdur. Hər bir insan itkisi beləcə ürəkləri göynədir, doğmalarına, yaxınlarına qəm-qüssə, nisgil gətirir. Bir də bu, həyatın çətin yollarında sınaqlardan alnıaçıq, üzüağ çıxan, nəcib insani keyfiyyətləri ilə hamının ürəyində özünə yurd-yuva quran bir alim-müəllim itkisi ola...

Filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya fakultəsinin dekanı olmuş Firidun Cəlal oğlu Hüseynovun vaxtsız ölümü də, təkcə ailə üzvləri üçün deyil, bütövlükdə respublikamızın elmi-pedaqoji ictimaiyyəti üçün böyük itki oldu.
Bu il ədəbiyyatşünas alimin 80 illik yubileyi tamam olur. Firidun Hüseynov gözəl müəllim, görkəmli pedaqoq, istedadlı natiq idi. Onun mühazirələri elmi səviyyəsi, aydın, səlis üslubu, zəngin faktik materialı ilə həmişə tələbələrin böyük rəğbətini qazanıb, onları milli mədəniyyəti sevməyə, ədəbiyyatımızı dərindən öyrənməyə həvəsləndirib. Firidun Hüseynovun professor Mir Cəlal ilə birlikdə yazdıqları “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi neçə illərdir ki, ali məktəb tələbələrinin, ədəbiyyat müəllimlərinin stolüstü kitabı kimi istifadə olunur. Bu gün, alimin özü həyatda olmasa da, onun yaşının 80-ci ili təkcə ailə üzvləri, dostları, tələbələri tərəfindən deyil, Azərbaycanın bütün elm ocaqlarında yad edilir.
Dekabr ayının 14-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində də Firidun Hüseynovun yubileyi qeyd olundu.
Professorun həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayan tədbirdə filologiya elmləri doktorları, professorlar Tofiq Hacıyev, Nizami Cəfərov, Cahangir Məmmədli, Aqşin Babayev, Xalq şairi, dramaturq Nəriman Həsənzadə, BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev, şair, ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi Ayaz Vəfalı və başqa elm, mədəniyyət xadimləri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, yubilyarın ailə üzvləri və yaxınları iştirak edirdi.
Yubiley tədbirində Firidun Hüseynovun həyat və elmi fəaliyyətindən bəhs edən çıxışlar dinlənildi, onunla bağlı xatirələr danışıldı. Qeyd olundu ki, o, həm elmdə, həm də təşkilatçılıqda öz fəallığı ilə seçilir, tələbələrə doğma ata qayğısı göstərirdi.
Sonda alimin ailəsi adından çıxış edən Araz Hüseynov tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Xatırladaq ki, tanınmış alim Firidun Hüseynov “Əli Nəzminin yaradıcılığı”, “Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər”, “Sənət və əməl dostları”, “N.Nərimanovun bədii nəsri haqqında”, “Tənqidçi və ədəbi proses”, “Adi əhvalatlarda böyük həqiqətlər”, “Satirik gülüşün qüdrəti”, “Molla Nəsrəddin və mollanəsrəddinçilər” kimi tədqiqat əsərlərinin müəllifidir.

Şəbnəm Babaşova,
Səbail rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri