Ötən yüzilliyin əvvəllərində çarizmin müstəmləkəçilik siyasətinə qarşı xalq etirazlarında ziyalılar, ədəbiyyat və sənət adamları mühüm rol oynamışlar. Başqırd xalqının da sosial ədalət və bərabərlik naminə mübarizəsində öndə gedən nümayəndələrindən biri yazıçı, Başqırdıstanın Xalq şairi Məcid Qafuri olub.

Məcid Nurqəni oğlu Qafuri 1880-ci il avqust ayının 1-də Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində dünyaya göz açıb. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir.
Ancaq tale gənc Məcidin üzünə gülmür. Əvvəl atası, az sonra isə anası dünyasını dəyişir. Bu itkilərdən sarsılsa da, təhsilindən ayrılmır. 1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. Folklorşünas, publisist Əli Şamil Məcid Qafuri ilə bağlı araşdırmasında yazır ki, o, mədrəsədə oxuya-oxuya qızıl mədənlərində işə düzəlir. Eyni zamanda Troitskdə zəngin tatar və başqırd ailələrinin, eləcə də yay tətilləri günlərində köçəri qazaxların uşaqlarına dərs deyir. Həm də bədii yaradıcılıqla məşğul olur. İlk qələm təcrübəsi olan “İşanın şagirdlərinə” adlı şeirini də 1902-ci ildə burada yazır.
Qəribliyin və ehtiyacın doğurduğu ağrı-acılar Məcidin yaradıcılığına təsirsiz ötüşmür. “Dilənçiliklə keçən ömür” adlı ilk hekayəsini yazır. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. Lakin o, burada da çox qala bilmir. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir. Burada “Sibir dəmir yolu və ya millətin vəziyyəti”, “Dilənçiliklə keçən ömür” adlı kitablarını çap etdirir. Eyni zamanda didaktik şeirlər yazır. 1905-1907-ci illərdə Rusiyada yaranmış qarışıqlıqdan vəcdə gəlir. Hökumətin yeritdiyi siyasəti kəskin tənqid edir. Şair “Zamanı gəldi”, “İki quş”, “Müstəqilliyin əhəmiyyəti”, “Dəyişim”, “Qıtlıq ili və ya satılan qız” hekayəsində kəskin və üsyançı fikirlər irəli sürür.
Hökumət tətilləri yatırdıqdan sonra inqilab əhval-ruhiyyəsi təbliğ edənləri cəzalandırmağa başlayır. Məcid də məhkəməyə cəlb olunur. “Gənc ömrüm”, “Millətə sevgim” şeir kitabları, “Yetim uşaqlar” adlı hekayə kitabı müsadirə edilir. O, vəziyyətin ciddiləşdiyini, onu həbs edəcəklərini gördükdə tatar şairi Mirayaz Uqmasi ilə birlikdə polis nəzarətindən yayınaraq qazax çöllərinə yollanır. Bir müddət köçəri heyvandarlar arasında gizlənirlər.
Məcid Qafuri ara sakitləşdikdən sonra yenidən Ufaya dönür və təhsilini davam etdirir. Bu zaman artıq o, xalq arasında tanınır, şeir və hekayələri oxucular tərəfindən rəğbətlə qarşılanırdı. Bunun bir səbəbi əsərlərindəki üsyankar ruh idisə, digər bir səbəbi də sadə başqırdların anlaya biləcəyi bir dildə yazması idi. O, “Şərq” mətbəəsində düzəltmən (korrektor) işində çalışır. Təqiblər isə ara vermir. Şair millətini azad və xoşbəxt görmək istəyir. İstəyir ki, hamı onun kimi üsyankar, əsaslı dəyişikliklər və inqilab yolunu tutsun. 1917-ci ilin oktyabrında baş verən silahlı çevrilişi böyük ruh yüksəkliyi ilə qarşılayır. Sosializm quruculuğuna həsr etdiyi şeirləri ilə sovetlərin coşqun tərənnümçüsünə çevrilir. Ona Başqırdıstanın Xalq şairi adı verilir.
1924-cü ildə tatarca nəşr olunan “Yeni kənd” qəzetində işə düzəlir. Böyük ruh yüksəkliyi ilə yazıb-yaradır. “Qızıl ulduz” dramını qələmə alır. “İşçi” poemasının əsasında tamaşa hazırlanır. Əsər Kazanda Tatar Akademik Teatrında uğurla səhnəyə qoyulur. Məcid Qafuri bir çox başqırd xalq qəhrəmanlıq dastanlarını, nağılları və digər folklor nümunələrini toplayır.
Başqırd xalqının gələcəyindən nigaran olan şairin vətənpərvər qəlbi 1934-cü il oktyabrın 28-də dayanır. Ömrünün son illərini yaşadığı mənzili muzeyə çevrilir. Başqırdıstanda bir çox elm və mədəniyyət mərkəzinə, o cümlədən, Rusiya Elmlər Akademiyası Ufa filialının Dil, Ədəbiyyat və Tarix İnstitutuna, doğulub böyüdüyü rayona ədibin adı verilir.

Savalan Fərəcov