Yaxın günlərdə “Dünya ədəbiyyatından books” və “525 kitab” seriyalarında gürcü şairi Şota İataşvilinin özünün iştirakı ilə “Veriya bağçasındakı kafe” adlı kitabının Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirildi. Səlim Babullaoğlunun baş redaktoru olduğu kitabda Şota İataşvilinin şeirləri, esse, məqalə və söhbəti toplanmışdır. Tədbir haqqında geniş danışmaq istəmirəm. Keçək mətləbə.  

    Oxucu kimi Şotanın şeirlərinin məndə oyatdığı təəssüratlardan danışmaq niyyətindəyəm. Ancaq deyim ki, tədbir boyunca Şota İataşvilinin sadəliyi, şeir oxuyarkən mimika və jestləri çox maraqlı idi. Gürcü dilini bilməsəm də, şeirlərin deyilişi mənə çox şey anladırdı. Şotanun üzündəki kədər həyatının ifadəsi idi. İstəməzdim şairin görkəmi ilə şeirlərini müqayisə edim, fəqət Şota o qədər təbii idi ki, kədər poza, görüntü təsiri bağışlamırdı. Şotanın kədəri onun şeirlərinə də hopmuşdu.
   Əgər bu gün,
   otuz iki yaşındaykən,
   Məhz bu dəqiqə
   Kimsə mənə ilk dəfə
   desəydi ki,
   Gec, ya tez,
   Biz hamımız öləcəyik
   Onda mənim qəlbimdə,
   Gözlərimdə,
   Barmaqlarımın ucunda
   nə baş verərdi…
   Şeirin daxilində suallar var, amma misraların sonunda sual işarəsi yoxdur. Çünki Şota suallarına cavab axtarmır, həmin sualın cavabları müxtəlifdir və hər kəs öz cavabında haqlıdır. Şeiri oxuyan hər adamda həmin suallara müxtəlif cavablar yaranır. Məncə, şeirində müəllifin ən böyük uğuru elə budur. Tədbirdə həmin şeiri Səlim Babullaoğlu oxuyarkən başa düşdüm ki, biz ilk dəfə eşitdiyimiz ölüm sözüylə və öləcəyimizi düşünməklə əslində özümüzü ölümə hazırlayırıq. O an yetişəndə isə nə qədər ağır olsa da, biz ölümlə barışmalı oluruq. Allah öləcəyimizi bəlli etməklə bizi ölümə öyrəşdirir. Şotanın şeirindəki kimi, əgər hər şeyi sonradan bilsəydik, həyat oyununun elan olunmamış qanunu ilə barışmaq çox çətin olardı. Şotanın şeirinin fəlsəfəsi olduqca heyrətamizdir.
   Kitabdakı ən maraqlı şeirlərdən biri də “Statistik ölüm” adlanır. Ölmüş adamın cibindən çıxan kağıza yazılmış sözlər, teatra aldığı bilet, anasının ağlaması və s. təsvir olunur.
   Kəvər- 2 dəstə,
    1 dəstə - reyhan.
   Kartof - 3 kiloqram,
    soğan- 1 kq.
   Ketinin nömrəsi: üç 2, 7.
   Bir 3 və doqquz -
   Bir üzə yazılmış yazı
   beləydi.
   Şeirdə qısa situasiya yox, konkret süjet var. Süjet çox maraqlıdır, hadisə uzanır, amma şeirdə yersiz təkrarlamalar, hadisəyə yenidən qayıtmaq kimi mənfi cəhətlər yoxdur. Oğruların dili ilə desək Şota “təmiz iş “ görüb.
   Bəzən təbii olaraq təkrarlar da olur, amma bu təkrarlar Şotanın şeirlərinə maraqlı musiqi gətirir, şeir uzanır, fəqət oxucunu yormur. “Ev” şeirinə nəzər salaq.
   Budu o
   Budu o - ev
   Budu o -bizim evimiz
   Yağışlı havatək aydın,
   Ürək döyüntüsütək rahat.
   Payız bağçasıtək həyat dolu.
   Şeirin əvvəlindən sonunadək hər misra “budu o” sözləri ilə başlanır. Birinci misradan sonra hər yeni misranı oxuyanda qeyri-ixtiyari olaraq həmin sözləri - budu o, budu o - ev, budu o mənim (bizim) evimiz - oxucu oxumamış təkrar edir. Struktur baxımdan “Ev” şeiri türk poeziyasını (Orxan Vəli, Fazil Hüsnü Dağlarca) xatırladır. Təkrarlar oxucuda yorğunluq yox, xoş bir “vərdiş” yaradır, oxucu təkrarları öz-özünə əzbərləyir.
   Şotanın şeirlərindəki poetik güc sadəliyindədir. İntellektuallıq baxımından isə Azərbaycan ədəbiyyatından Vaqif Səmədoğlunun şeirləri ilə müqayisə oluna bilər.
   Dünən yığışıb getsən də,
   Qaya rəsimləri tək,
   Köhnə gəldi mənə
   Dirsəklərinin
   Masanın tozunda
    qalmış yeri.
   İki ağ ləkə,
   İki yumru
   Sənsizliyimin
   Bərəlmiş gözləri.
   Şotanın kitabının adı olan “ Veriya baxçasındakı kafe” şeirindən bir parçaya diqqət edək:
   Sənin irəli uzanmış
    bir cüt əlin
   Həyatı və ölümü
    birləşdirən
   Bərabərlik işarəsidi.
   Bu şeirlərdəki məna “qışqırtı” ilə yox”, “soyuqluq”u ilə yadda qalır. Şotanın mənalıdır və oxucuya boş-boş “hicran-vüsal” təəssüratı bağışlamır. Əslində bu şeirlər adi oxucu yox, intelektual oxucu üçün nəzərdə tutulub.
   “Veriya bağçasındakı kafe” kitabındakı “İstiqamət” poeması (İmir Məmmədlinin tərcüməsində) çox xoşuma gəldi.
   “Hafizin qızılgülünü Prüdomun vazasına qoydum ehmalca” (Əsəd Cahangirin tərcüməsində) analitik məqaləsi Şota İataşvilinin milli, eləcə də dünya ədəbiyyatını yüksək səviyyədə bildiyini sübut edir. İnanıram ki, bu kitabla tanış olan hər bir oxucuda gürcü ədəbiyyatına maraq və sevgi yaranacaq.
   
   Fərid