Gəncliyim milli zəmində, dünya standartları səviyyəsində bilik və bacarıqlara, o cümlədən kompyuter savadına, bədii, tarixi, estetik mədəniyyətə yiyələnməsi qaçılmaz bir zərurətə çevrilib. Məktəblilər, ilk növbədə, xalqın tarıxını, ədəbiyyatını, incəsənətini, etnoqrafiyasını dərindən öyrənməlidir.Tarix xalqın dünəni olduğu kimi həm də gələcəyidir. Bu gün isə həmin tarixin şagirdə mükəmməl tədrisi üçün əyani surətdə nümayişindən danışaq.Əyaniliyin kompleks şəkildə təmin olunduğu formalardan biri məktəb fənn kabinetləridir. Digər məkan ölkədəki muzeylərdir.Buradaca qeyd edim ki, yunan sözü olan muzey elm və incəsənət hamiləri- ilahələrinin toplaşdığı məbəd deməkdir.Əgər orta məktəb şagirdinə Şirvanşahlar sarayından, Kiş qalasından danışırıqsa yeni nəslin bu tarixi yadigarlarla mümkün qədər əyani tanış olmalarına n ə üçün şərait yaradılmasın? Tək-tük kollektiv ekskursiyaları çıxsaq, etiraf etməliyik ki,məktəblilərin muzeylərimizlə tanışlıq səviyyəsi yox dərəcəsindədir. Yeri gəlmişkən, may ayında qəzetimizin xətti ilə Oğuz rayonununa birbaşa getdiyim diyarşünaslıq muzeyndə oldum. Burada qarşılaşdığım mənzərə - bir neçə kənd məktəbinin şagirdlərinin muzeyə ekuskursiyası məni çox sevindirdi. Amma həmin gün sadəcə muzeylər günü idi və ekskursiyaların mütəmadi xarakterli olub-olmamasını dəqiqləşdirə bilmədim.Lakin əgər şagirdə tarix fənnindən etnoqrafik məlumatlar verilirsə, onun əyani sübutlarını göstərmək üçünmuzey faktorundandaim istifadə edilməlidir. Eləcə də nə üçün oğuzlu məktəbliyə ətraf rayonların muzeyləri ilə tanişlıq imkanı yaradılmasın? Axı, onun yaşadığı məkandan bir qədər aralıda olan Qəbələ, Şəki, Zaqatala, Balakən muzeylərində Azərbaycan tarixinin canlı maddi subutları yetərincədir. Üstəlik, həmin məktəblini tarix fənnindən məlumat aldığı Şirvanşahlar sarayı, Qız Qalası kimi abidələrlə birbaşa tanış etmək yalnız fayda gətirər. Bu təkliflərin maddi tərəfini önə çəkə bilərsiniz. Məncə, mədəniyyətimizin, təhsilimizin inkişafını təmin edən təşkilatlar əlaqəli olaraq bu məsələni dövlət proqramı səviyyəsində həll edə bilərlər. İlk dövrlərdə, heç olmasa, yaşadıqları və yaxın ətraf ərazilərdə yerləşən muzeylərə məktəblilərin davamlı, səmərəli ekuskursiyalarını təşkil etmək olar.Muzeylər məktəblinin tarixi biliklərini daha da əyaniləşdirərdi.Əlbəttə,bu səmərəli metoda, gənc nəslin öz tarixi keçmişi ilə əyani tanışlığına muzey işçiləri də həvəslə qoşula bilər. Sözsüz ki, Cəlilabad rayon Diyarşünaslıq Muzeyinin darısqal və qaranlıq otaqlarına yığılmış eksponatlarla “bu sənin tarıxındır” deyə məktəbliyə nə isə öyrətmək çətindi. Lakin əyalətlərimizdə öz zənginliyinə və digər imkanlarına görə paytaxtdan heç də geri qalmayan onlarla muzeyimiz mövcuddur. Unutmaq lazım deyil ki, muzeylər təkcə tarixi əşyaları qorumur, onun bir funksiyası da elmi-maarifçilik xəttidir ki, bundan da gənc nəslin maksimum yararlanması vacibdir. Salyanlı yeniyetmənin bu rayonun mərkəzində yerləşən məşhur abidənin tarixi Cümə məscidi olduğunu bilməməsi sadəcə təəssüf hissi doğurur, məktəbli bilmir ki, dərslikdən adını eşitdiyi böyük Azərbaycan ziyalısı – Əli bəy Hüseynzadə haqqında ən qiymətli faktlar onun yaşadiği Salyan rayonunun muzeyində əyani şəkildə nümayiş olunur. Ədəbiyyat təmayüllü muzeylər məktəblinin ədəbi təhsilində çox böyük əhəmiyyət kəsb edir.S.Vurğunu, C.Cabbarlını, Ü.Hacıbəyovu, M.Müşfiqi öyrənən məktəblinin bu görkəmli şəxslərin ev muzeylərinin ona ekspozisiyası ilə tanışlığı yazıçının həyat və yaradıcılığının əlaqəsini daha dərindən anlamağa, müstəqil təhlilə kömək edər. Bu sırada S.Vurğunun və ya C.Cabbarlının övladlarının söylədikləri xatirələr ədəbi irsin öyrənilməsinə yerindəcə əyani kömək olardı. Ümumiyyətlə, muzey materiallardan istifadə etməklə keçirilən dərslər, məşğələlər şagirdlərin görmə, eşitmə duyğularını əhatə edir. Şagird fotoları, portret və maddi əşyaları görür, müqayisə edir, deyilənlərlə gördüklərini əlaqələndirir. Bu proses tədris-tərbiyə prosesini də aktivləşdirir. Bu cür fəaliyyət zəminində qazanılan bilik isə heç vaxt unudulmur. Məktəblilərin muzeylə təması onların bilik dünyasının zənginləşməsində oynayacağı rol barədə uzun danışmaq fikrində deyiləm. Bu təmasın daha bir mənəvi tərəfini üzləşdiyim bir əhvalatla oxucuya çatdırmaq istəyirəm. Sankt-Peterburqda, məşhur Ermitrajın salonlarını gəzərkən minlərlə tamaşaçı içindən iki şəxs xüsusi olaraq mənim, eləcə də çoxlarının diqqətini cəlb edirdi. Bu adamlar, belə demək mümkünsə, muzeyi sadəcə «fırlanırdılar». Saqqız çeynəyə-çeynəyə. bərkdən danışa-danışa. Çox təəssüf ki, bu şəxslər muzeyə təsadüfdən gəlib çıxmış soydaşlarımızdan idi. Bu faktı ona görə xatırlatdım ki, gənc nəslin muzeylərlə daimi təması həm də onlarda muzeyləri sevmək və onların əhəmiyyətini başa düşmək mədəniyyətini formalaşdırmaqda böyük yardımçı ola bilər. Sabutay