Ey gahi qədim kimi xəmidə, Gahi pür olan misali-didə. Füzuli. Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi. Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngi-təbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular. Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin, sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin! Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya tamaşa edirdi. Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi. O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi: - Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb; nə olardı bunun dili olsaydı! Axı, nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver nağıl edim: Qırx il ya daha artıq bundan əqdəm mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yüklüyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh şəxs Səlmanın qabağını kəsib buyurdu atdan düşsün. Binəva Səlman ayaqları titrəyə-titrəyə atdan endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: indi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, mənim dalımca gəlib məni tutarlar. Səlmanın bədəninə lərzə düşdü, dedi: «Ey şəxs! Hər kimsən mən səni tanımıram, amma görürəm müsəlmansan, müsəlmanda nə qədər olsa bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdırlar. Sən gəl, Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm, insan ürəyində gözəl sifətdir: sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndi-aləm də səni yaddan çıxarmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım». Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: «Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!» Səlman dedi: «Belə olan surətdə izn ver iki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına». Quldur cavab verdi ki, namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm. Səlman iki rükət namaz qılıb sonra əllərini qaziyəlhacat dərgahına qalxızıb dedi: «Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balarıma pərəstar ol!» Sonra gözü aya döndərib dedi: «Ey dünyanı illərlə seyr edən ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir olmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən sivayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, onun yeddi balasını yetim qoydular». Sonra kəlmeyi-şəhadətini deyib üzün quldura tutub dedi: «Qardaş, imdi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan isə, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı allah yerdə qoymayacaq». Quldur heç bir söz deməyib, tüfəngini düzəldib Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü. Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəf üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus on yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balaların halətini təsəvvürünə gətirə bilər. Səlmanın ölümündən beş-altı ay keçmiş, onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub düstaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular. Bu binəvaya neçə il katorqa kəsildi. Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb, quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi. İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İmdi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm. Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi: «Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər». Yoldaşlar dərədən çıxdılar düzə. Bir az gedəndən sonra Süleyman atının irəşini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib onu kürəyinin ortasından vurub, öz qardaşının qanını aldı… Əmim nağılını qurtarıb dedi: «Bala, Allah heç nahaq qanı yerdə qoymaz və ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər». Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənim başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: «Nə üçün bu göydəki ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı bu ay mənimlə bir az söhbət edə idi!» Bu xəyalla məni yuxu tutub yatdım. Gecə röyada gördüm: ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: «Məramıma çatdım, yəqin, mənimlə söhbət edəcəkdir». Həqiqət, ay gəlib bərabərimdə durub dedi: «Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam. Və Həzrət Yəqubun gecələr naləsini və «oğul vay» sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən İslamın tərəqqi və tənəzzülünün şahidi olmuşam. Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında dürüb deyirdi: «Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb, dini-mübini yox edəcək. Məsləhət büdür ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə, o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə içində, din yolunda şəhadətə hazırlanırdılar… İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o qara ləkə deyil, bəlkə, mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..» Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm sübhə az qalıb və ya da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır. Yuxudan ayılmağıma artıq heyif edib dedim: nə olardı bir həftə yuxu yatıb ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim. Ax, nə gözəl olardı, bu ay danışsaydı!..