Buradakı nadir eksponatlar içərisində "kitab sırğa" da var 2002-ci il aprelin 23-də Bakının qədim İçərişəhərində - Şirvanşahlar sarayının qonşuluğunda, dünyada ilk və hələlik yeganə olan qəribə bir muzeyin acılışı oldu. Dünyanı qarış-qarış gəzib, məşhur muzeylərdə olmuş insanlar da analoqu olmayan bu əntiqxananın mövcudluğunu dərin maraq, təəccüb və heyrət hissiylə qarşıladılar. Sözügedən muzeyin "doğum günü"nün nə üçün məhz aprelin 23-nə düşməsi isə heç də təsadüfi deyildi. Dünyada ilk və yeganə... Azərbaycanın ziyalı xanımlarından olan Zərifə Salahovanın 26 il ərzində dünyanın 50-yə yaxın ölkəsində çap olunmuş 6000 nüsxə miniatür kitabdan ibarət zəngin bir kolleksiya sahibi olması 6 il əvvələdək yalnız onun yaxınlarına məlum idi. Müxtəlif zamanlarda, ayrı-ayrı qitə və ölkələrdə müxtəlif dil və mövzularda nəşr olunmuş bu qədər kitabı əldə edərək səliqə ilə toplamaq hər kəsə möcüzə kimi görünür. Lakin Zərifə xanımın elmə, sənətə olan tükənməz həvəsi, kitablara sonsuz sevgisi, yüksək mədəniyyəti "möcüzə"ni əsl həqiqətə çevirə bilib: "Məndən tez-tez soruşurlar,- necə oldu ki, miniatür kitablar kolleksiyası, sonra da muzey yaratmaq qərarına gəldim? Əlbəttə, bütün bu işlərin hər birnin öz maraqlı tarixçəsi var. 1982-ci ilin noyabrı idi. Moskvada - Ümumittifaq Könüllü Kitabsevərlər Cəmiyyətinin qonağı idim. Burada mənə 23 manata İ.Krılovun 1835- ildə kiçik formatda nəşr olunmuş tam külliyyatının faksimilesini almağı təklif etdilər. O zaman üçün 23 manat az pul olmasa da, mən bu kitabcıqları aldim. Pulu kassaya ödəyib, saxlanc otağına getdim. İlk dəfə olaraq miniatür kitabları da məhz orada gördüm. Çox xoşuma gəldi. Həmin gündən başlayaraq rastıma çıxan miniatür kitabları alaraq kolleksiya yaratmağa başladım. Bu işə yaxın dost və tanışlarımı da cəlb etdim. Xalq rəssamı olan qardaşım Tahir Salahov da mənə dəstək verdi. Bu günə kimi - yəni 26 il ərzində 6000-dən artıq miniatür kitab toplamağa müvəffəq oldum.. O zamankı sovet standartlarına görə miniatür kitablar üçün ölçü meyarı 100 x100 mm. qəbul olunurdu. Avropa standartlarına görə isə bu parametrlər 76 x58 mm- dir. Sonralar daha nadir nüsxələr əldə etdim. Hazırda muzeyimizdə nümayiş olunan ən kiçik ölçülü kitab Yaponiyanın "Tolpan" nəşriyyatında çap olunub. Onun ölçüləri 2x2 mm-dir. Bu, təxminən, qulağa taxılan kiçicik bir sırğa boydadır və həqiqətən sırğa kimi istifadə olunmaq üçündür". Maraqlıdır ki, Zərifə xanım indi də xeyirxah dostları - tanınmış artist Zinovi Gerdt, məşhur şairə Rimma Kazakova, qrafika ustası Orest Vereyski, sənətşünas Aleksandr Dolski, habelə moskvalı, sank-peterburqlu, permli kolleksiyaçı həmkarları ilə müntəzəm əlaqə saxlayır, kitab mübadiləsi edir, dünyada bənzəri olmayan, Azərbaycanda isə həm də ilk özəl mədəniyyət ocaqlarından olan Miniatür Kitablar Muzeyini daha da zənginləşdirir. O ki qaldı muzeyin "doğum günü"nə, bu da təsadüfi deyil. Məlumdur ki, YUNESKO-nun qərarı ilə hər il aprelin 23-ü bütün dünyada "Beynəlxalq kitab və müəllif hüquqları günü" kimi qeyd olunur. Deməli, Miniatür Kitablar Muzeyinin "ad günü" həm də beynəlxalq bir bayramla üst-üstə düşür. İndi bir çox pullu və imkanlı adamların restoranlar, barlar, kafelər, şadlıq sarayları, ticarət şəbəkələri açmağa üstünlük verdikləri halda, Zərifə xanımın hətta girişi də pulsuz olan belə bir unikal mədəniyyət ocağı yaratmasını əsl ziyalılıq, vətənpərvərlik, yurdsevərlik adlandırmaq olar. Təəccüb, heyrət, məftunluq... ...Muzeyin fəxri qonaqları üçün nəzərdə tutulmuş “Rəy kitabçası”ndakı qeydlərə nəzər salarkən məhz bu hisslərin şahidi olursan - təəccüb, heyrət, məftunluq! Uzaq Amerikadan, İspaniyadan, Hindistandan, qonşu Türkiyədən, İrandan, Rusiyadan və digər ölkələrdən gəlmiş hər bir qonaq kiçik məkanda böyük dünya yaratmış insanın - Zərifə xanımın tükənməz həvəsinə, incə zövqünə, arayıb-axtarma ehtirasına sözün həqiqi mənasında məftun olurlar. Muzey ayrı-ayrı tematik bölmələrdən ibarətdir. Bu sırada "Nadir nüsxələr bölməsi" xüsusi maraq doğurur. Burada 1815-ci ildə Londonda nəşr olunmuş "İngiltərə - tarixi illüstrasiyalarda", 1817-ci ildə Parisdə çapdan şıxmış "Gənc arvadbazın Yunanıstanda sərgüzəştləri" adli 5 cildlik, A.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş "Yevgeni Onegin" poemasının 3-cü nəşri, "Sen-Milos yetimi", Q.Lafontenin 1848-ci ildə Moskvada rus və fransız dillərində buraxılmış "Təmsillər"i, M.Lermontovun 1894-cü ildə Kiyev-Xarkovda az bir nüsxə ilə buraxılmış "Aşıq Qərib", "Taman", "Xəzinədarın arvadı" povestlərinin 2-ci nəşri, Şekspirin 1841-ci ildə Nyu-Yorkda çap olunmuş "IV Henri" əsəri və digər nadir nüsxələr də seyrçiləri heyran edir. Eksponatlar arasındakı "Daş-qaşların simvolikası", "Çiçəklərin əlifbası", "Zodiak bürcləri", "Vətənimiz", 9 dildə buraxılımış "Olimpiya andı", "Azadlıq zəngi", kecmiş SSRİ-nin ən kicik nəşri, 1985-ci ildə Moskvada 5 dildə çap olunmuş "Çudo iz çudes " miniatür kitabları da hər kəsi "ovsunlayır". Muzeyin ən qiymətli eksponatları isə, heç şübhəsiz, ümummilli lider Heydər Əliyev və onun layiqli varisi - ölkə Prezidenti İlham Əliyevin inauqurasiyası (andiçmə) mərasimlərinə həsr olunmuş miniatür nüsxələrdir. Burada eyni zamanda "Əsrin müqaviləsi", "Azərbaycan neft siyasəti","YUNESKO-nun xoşməramlı səfiri" və bu seriyadan olan digər çap nümunələri də diqqəti cəlb edir. Ulu öndərin töhfəsi Məlum bir həqiqətdir ki, hər bir muzeyin, qalereyanın, sərgi salonunun, əntiqxananın nüfuzu həm onun yerləşdiyi binadan, bu binanın tarixi dəyərindən, arxitekturasından, yerləşdiyi məkandan çox asılıdır. Bu mənada Miniatür Kitablar Muzeyinin bəxti gətirib. Bu barədə danışarkən Zərifə xanım ümummilli lider, mərhum prezident Heydər Əliyevin adını dönə-dönə çəkir, bütün dünyada yeganə olan belə bir muzeyin yaradılması üçün ulu öndərin göstərdiyi diqqət və qayğını xatırladır. Deyir ki, bu binanı muzeyə ümummilli lider Heydər Əliyevin şəxsi göstərişinə əsasən, şəhər meriyası verib. Sahəsi 165 kvadratmetr olan salonda 35 şüşəli vitrin quraşdırılıb. Muzey həmçinin müasir texniki qurğularla təchiz olunub. Təbii ki, hələ özünün 6 yaşını qeyd edən bu unikal muzey zaman keçdikcə daha da zənginləşəcək. Fəxri qonaqlar kitabına hələ nə qədər heyranlar imzalar atacaq. Amma bu rəylərin, imzaların lap önündəki Azərbaycan durduqca unudulmayacaq: "Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir." Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti 3 iyun 1995-ci il Ulu öndərin bu rəyi həm də ölkəmizdə kitab çapına və milli poliqrafiyamızın inkişafına, bütünlükdə isə dünya sərhədlərini çoxdan aşıb keçmiş Azərbaycan mədəniyyətinə verilən ən layiqli qiymətdir. Cəlal Tağıyev P.S. Bu yazı "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsinə təqdim olunur.