Bugünlərdə İtaliyanın Milan Universitetinin professoru Luidci Sqrinz Qobustanda apardığı işlər və onların nəticələri barədə ictimaiyyətə açıqlama verdi. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə professor Luidci Sqrinz avqust ayından Azərbaycana gəlib. Bu müddət ərzində italiyalı professor Qobustan ərazisindəki “Böyük Daş” üzərindəki roma yazısını və “Cingir dağ”dakı ərəb yazısını oxumağa nail olub. Bərpa işinə cəlb edilmiş Qobustan qoruğunun üç gənc əməkdaşı da iş prosesində təcrübə qazanaraq artıq, daşların qorunması və oxunması üzrə mütəxəssis kimi formalaşıblar. Bu memarlıq abidələri I əsrə aid Roma legionu tərəfindən (və XIV -XV əsrə aid edilən ərəb qrafikası ilə fars dilində) yazılmış yazıdır. Hər iki abidənin önəmli olduğunu vurğulayan italiyalı elm adamı dedi: ”Daşların tarix danışan ruhları var. Lakin bu abidələrdə onları oxumağa mane olan mikroorqanizmlər mövcud idi. Daşlarda yaşayan bu mikroorqanizmlər həmin abidələrin deqradasiyasına səbəb olublar. Biz daşları təmizlədik, bərpa etdik və oxuduq. “Böyük Daş”da “Maksimus Avqust Sezarın zamanında XII legionun başçısı burada olmuşdur”, “Cingir dağ”da “Mən imam burada oldum, gəldim, dua etdim getdim” sözləri yazılıb”. XII legionun başçısı Qobustandan keçərkən burada xatirə abidəsi qoymaq istəyib. Professorun araşdırmasına görə, bu yazı bizim eranın 84-96-cı illəri arasında yazılıb. Güman etmək olar ki, belə tipli yazı Qafqazda təkcə Qobustanda deyil. Araşdırmalara görə, roma yazısına bənzər yazı Füzuli rayonunda da mövcud olub. Təəssüf ki, bizim günümüzə gəlib çıxmayıb. Bəzi alimlər XII ildırım sürətli legionun bura Qafqazda hərbi təlimlər keçmək üçün gəldiklərini qeyd edirlər. Amma bu mülahizənin yetərincə sübutu yoxdur. Digər versiya - XII legionun hərbi əhəmiyyətli Dərbənd keçidini yoxlamaq üçün gəldiyi həqiqətə daha yaxındır. Dərbənd keçidi qış aylarında Cənubi Qafqazdan Şimali Qafqaza keçmək üçün yeganə yol idi. Bu yazının oxunması Azərbaycan tarixinin öyrənilməsində önəmli olduğu kimi, Roma imperiyasının tarixinin öyrənilməsində də böyük əhəmiyyətə malikdir. “Cingir dağ”dakı yazı ilə bağlı fikirlərini bildirən Luidci Sqrinz uzun illər bu yerin xalq arasında müqəddəs hesab olunduğunu qeyd etdi: ”Mən “Cingir dağ”dakı yazını təmizlədim, bərpa etdim. Yazı oxunmaz halda idi. Onun oxunmasında mənə kömək etdilər. Çünki mən ərəb əlifbasını bilmirəm. Bu yazı da simvolik yazıdır. Bərpa zamanı yeni materialların qatılmasının əleyhinəyəm. Bu abidələr dünyada nadir tapıntılardandır.” Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs Şöbəsinin müdiri Rizvan Bayramov daşların bərpasında heç bir kimyəvi maddədən istifadə olunmadığını bildirdi: ”Daşlar distilə olunmuş su ilə təmizlənib və üzərlərinə qoruyucu maddə çəkilib. Qobustanda 6000-dən çox qayaüstü təsvir var. Onların çoxu qorunmağa, konservasiyaya möhtacdır. Amma bütün daşların qorunması ağır bir işdir. Sadəcə, ən önəmli təsvirləri, daşları qorumağa çalışırıq. Bildiyimiz kimi, 2007-ci ilin iyun ayında ölkə başçısı Qobustanın qorunması ilə bağlı sərəncam imzalayıb. O sərəncamdan irəli gələn məsələlər nazirlikdə icra olunub, xüsusi tədbirlər planı hazırlanıb və işlər görülür.” Məlumat üçün bildirək ki, Luidci Sqrinz bir italyan kimi roma yazısını bərpa etməkdən məmnun olduğunu və bu işləri təmənnasız olaraq həyata keçirdiyini bildirdi. Turan