Həyat təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər cahanşümul himayədarı, qayğıkeşi olmayıb. Ötən əsrin sonlarında cəmiyyətdə baş verən aşınmalar yaddaşlardan silinməyib. Dağılan təkcə iqtisadiyyat deyildi, - mənəvi potensialımız da sıradan çıxmaq üzrə idi. Məhz Heydər Əliyev zəkasının işığında sahmanı pozulmuş həyatımızın bütün sahələrində olduğu kimi, mədəniyyətimizdə də nizamlanma aparıldı. Heydər Əliyev mədəniyyətə sadəcə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyir, təhlillər edirdi ki, sənətşünaslar belə həsəd aparırdılar. Heydər Əliyev hər bir sənət sahibi ilə məhz o sənətin mahir bilicisi kimi söhbət edərdi. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti sözün həqiqi mənasında yüksəliş dövrü keçdi.1969-1982-ci illərdə memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr, kino sahəsində misli-bərabəri görünməyən tərəqqi baş verdi. O dövrdə Azərbaycanın bütün sahələrində mədəniyyət evləri, memarlıq ansamblları yaradıldı. 1949-cu ildən fəaliyyəti dayandırılmış bir sıra rayon teatrları yenidən həyata qaytarıldı. Azərbaycanın müxtəlif bölgələrində mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldıldı. İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Səməd Vurğun, Nəriman Nərimanov, Mehdi Hüseyn və başqa ədiblərin şərəfinə ucaldılmış heykəllərin təşəbbüskarı məhz Heydər Əliyev oldu. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. Onun Prezident təqaüdü təsis etməsini incəsənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Bu siyahıda Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın, Hökumə Nəcəfovanın, Məmməd Cavadovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Azər Rzayevin, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Aqşin Əlizadənin, Firəngiz Əlizadənin, Ramiz Mirişlinin, Musa Mirzəyevin, Nəriman Məmmədovun, Oqtay Zülfüqarovun, Elza Ibrahimovanın, Oqtay Kazımovun, Yaşar İmanovun, musiqişünas Elmira Abasovanın, Ramiz Zöhrabovun adlarını çəkə bilərik. Ölkə rəhbərinin sözün əsl mənasında musiqi sənətinə verdiyi yüksək qiymət bu sahədə çalışanları yaradıcılığa ruhlandırmışdır. 1995-2003-cü illər ərzində Prezident H.Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev ən yüksək mükafata - «İstiqlal» ordeninə, Azərbaycan Respublikasının xalq artistləri Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev, Ramiz Mirişli, daha bir yüksək Dövlət mükafatı - «Şöhrət» ordeni ilə təltif olunmuşdur. Bu müddətdə Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşlər. Söz yox ki, bu təltiflər sənətkarlarımızın yaradıcılığı üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq etmişdir. Xatırladaq ki, Azərbaycan o zaman böyük dövlətin -sovetlərin tərkibində kiçik bir respublika idi. Amma həmin vaxt dörd yazıçı və şairimiz - Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, üç bəstəkarımız - Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, böyük müğənnimiz Rəşid Behbudov, memar Mikayıl Abdullayev, rəssam Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı kimi ad aldılar. Bu görkəmli insanların çətin maneələri aşmasında ilkin köməyi, dəstəyi məhz ümummilli liderimiz göstərmişdir. Azərbaycan musiqi sənətinin inkişafında xidmətləri olan bəstəkarlardan C.Hacıyevin, A.Əlizadənin, xalq artistlərindən S.Qədimovanın, F.Qasımovanın, Z.Xanlarovanın “Şöhrət” ordeni ilə təltif olunması ümummilli liderin musiqi sənətinə göstərdiyi diqqətin nəticələrindəndir. Ümummilli liderimiz çıxışlarının birində demişdir: «Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz. Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən ən yaxşı vasitədir. Bu səbəbdən də müxtəlif xalqlar arasında mədəni körpülər salmaq çox vacibdir”. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra respublikamızda müxtəlif ölkələrin, eləcə də, xarici ölkələrdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə start verildi. Heydər Əliyev tərəfindən təməli qoyulmuş mədəni əlaqələr bu gün də müntəzəm davam etdirilməkdədir. Ümummilli lider haqqında yazılan xatirələrdən, eləcə də onun özünün yaddaşımıza həkk olunmuş sözlərindən məlumdur ki, o, lap uşaqlıqdan teatr həvəskarı imiş. Heydər Əliyev orta məktəbdə oxuyarkən rəssam olmaq istəyirmiş. Yaradıcılığa meyil və məhəbbət onun bütün varlığında yaşadığından, həmişə teatrı dərin məhəbbətlə sevib. H.Əliyev teatrlarda tamaşaya qoyulan bütün əsərlərin premyerasında mütləq istirak edərdi. Bu səbəbdən də Azərbaycanın rejissor və aktyor qrupları Heydər Əliyevi «teatrın dostu» adlandırırdılar. Milli teatrımızın müasir tələblər səviyyəsində fəaliyyət göstərməsi onun ən böyük arzusu olmuş və həmişə teatrın tərəqqisi üçün müxtəlif göstərişlər, təşəbbüslər irəli sürmüş, sərəncamlar imzalamışdır. Heydər Əliyevin belə bir amalı var idi: «Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki mədəniyyət hər şeydən üstündür». Unudulmaz Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqət heç vaxt yaddan çıxan deyil. Belə bir fikir var ki, millət şəxsiyyətini yetişdirir, şəxsiyyət də öz millətini dünyaya tanıdır. Müasir Azərbaycanın memarı olan Heydər Əliyev ümummilli lider və millət qəhrəmanı kimi tarixin şərəfli taxtında ucalıb. Ulu öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir. Azərbaycan və Heydər Əliyev! Bu tərkib əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası H.Əliyevin şah əsəridir. Vətən təəssübü, torpaq qeyrəti, xalq sevgisi böyük öndərimizin həyat yolu, amalı idi. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. H.Əliyev elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, heç bir sahə onun diqqətindən kənarda qalmırdı. O, sözün həqiqi mənasında Azərbaycanla yaşayır, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Məleykə Kamilova, Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri