12 dekabr 2003-cü il. Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün. Bütün xalqı sonsuz kədərə, göz yaşlarına qərq edən o soyuq qış günündən bu gün bizi 5 illik zaman ayırsa da, xalqımız yenə o itkinin hüznünü ilk gündə olduğu kimi yaşamaqdadır. Bunu Fəxri Xiyabana axışan insan seli bir daha təsdiqləmiş oldu. Bu sel, bu axın sübut etdi ki, zaman keçdikcə xalqın dahi oğluna, ulu öndərinə, ümummilli liderinə olan sevgisi, millət ehtiramı daha da böyüməkdə, ürəklərdəki yeri dərinləşməkdədir. Bu, ümumilikdə el məhəbbətinin təzahürüdür. Çünki yenə də minlərlə insan sinələrinə sıxdıqları tər qərənfillər, qızılgül dəstələri ilə dahi öndərin Fəxri Xiyabandakı məzarı önündən ehtiramla, sevgi ilə keçdi. Bu insan seli arasında ulu öndərin daim diqqət mərkəzində saxladığı mədəniyyət təmsilçiləri, mədəni irsimizin təəssübünü çəkən insanlar, ədəbiyyat və incəsənət xadimləri də var idi. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində dahi lider Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Heydər Əliyev özünün uğurlu, strateji dövlət idarəçiliyi proqramında mədəni və mənəvi intibahı iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək, vahid məcrada həyata keçirirdi. O öz zəngin siyasi fəaliyyəti ilə ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan vermiş, onu daim yüksəliş yoluna çıxarmış, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri ilə yadda qalmışdır. Ulu öndər ölkənin inkişafı üçün bütün sahələrin tərəqqisini vacib sayır və heç bir istiqaməti unutmurdu. Bu mənada o, mədəniyyətimizin böyük təəssübkeşi idi. Tarixən qədim və zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəyə yüksəlməsində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz mədəniyyəti daim xalqın böyük sərvəti hesab edərək, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində öz diqqət və qayğısını əsirgəmirdi. O, həm də mədəniyyət, incəsənət, musiqi, ədəbiyyat sahəsinin bilicisi kimi də tanınırdı. Ölkənin həyatında baş verən əsaslı mədəni proseslərin, mədəniyyət hadisələrinin daim önə çəkilməsinə əhəmiyyət verirdi. Ona görə də tam cəsarətlə demək olar ki, mədəniyyətimizdə mövcud olan böyük simalar və onların yaratdığı ölməz nümunələr heç zaman Heydər Əliyev zamanında olduğu qədər həqiqi dəyərini almamışdır. Xalqımızın yetişdirdiyi mədəniyyət, incəsənət xadimləri, ədəbiyyatımızın simaları, musiqimizin korifeyləri, bir sözlə, milli mədəniyyətimizin canlı daşıyıcıları və bütünlükdə dəyərli mənəvi xəzinəmiz ulu öndər tərəfindən daim yüksək qiymətləndirilib. Onun böyük sənətkarlara qayğı və məhəbbəti, təbii ki, ilk növbədə vətəni Azərbaycana, onun maddi-mənəvi dəyərlərinə sonsuz sevgisindən qaynaqlanırdı. Bu mənada mübaliliğəsiz demək olar ki, H.Əliyevin sayəsində Azərbaycan ədəbiyyatı, musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, teatr və kino sənəti dünya arenasında uğurla təmsil olunaraq mədəniyyətimizin və bu kontekstdə xalqımızın mənəvi irsinin böyüklüyünün isbatına çevrilmişdir. Beləcə, daim sənətə və sənətkara xalqın xəzinəsi, qiymətli incisi kimi yanaşan və bunu onlara göstərdiyi diqqət və qayğısı ilə təsdiqləyən böyük xalq oğluna ehtiram, minnətdarlıq ifadə etməyə gələnlərin sırasında bu sahə insanlarının əksəriyyət təşkil etməsi də təsadüfi deyil. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də qurumun tərkibindəki idarə və müəssisələr, teatr və konsert kollektivləri, mədəniyyət və incəsənət xadimlərimiz əbədiyyətə qovuşmasının 5-ci ildönümündə də ulu öndərə dərin ehtiram nümayiş etdirdlər. Ulu öndərin abidəsi önünə qızılgül dəstələri düzən mədəniyyət və turizm nazirinin müavinləri Ədalət Vəliyev, Teymur Mehdiyev, nazirlik aparatının rəhbəri Firudin Qurbanov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, nazirliyin şöbə müdiriləri və ümumilikdə mədəniyyətimizin təəssübkeşləri ulu öndərin ruhu qarşısında baş əydilər. Beləcə, bu insanlar anım günündə bir daha həmrəylik nümayiş etdirərək Heydər Əliyevin ruhu qarşısında dahi liderin ideyalarına sonsuz sədaqətlərini bir daha nümayiş etdirdilər. Həmidə Nizamiqızı