Tarixi uzaq-uzaq əsrlərə   gedib çıxan Naxçıvan ilk insan məskənlərindən biridir. Qayaüstü rəsmləri, yazılı abidələri, Gəmiqaya kimi məşhur incisi ilə öyünən bu diyar, ibtidai insanların yaşadıqları mağaralar, daş alətlər, siklop tipli  müdafiə tikililəri və qalalarla da zəngindir.

Tarixi araşdırmalar göstərir ki, Naxçıvan dünyanın qədim bölgələrindən biridir. Bu mənada Gəmiqaya, Oğlanqala, Çalxanqala, Xaraba Gilan, Kültəpə, Əlincəqala, Qızılvəng və neçə-neçə abidələr ulu tarixin yadigarıdır. Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları vardır. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçiləri, coğrafiyaşünasları Naxçıvanın e.ə. 1539-cu ildə salındığını göstərmişlər.


Naxçıvanın adı ilk dəfə eramızın ikinci əsrində yaşamış yunan coğrafiyaşünası Ptolomeyin "Coğrafiya" əsərində "Nakçıvana" kimi çəkilir. Orta əsrlər ərəb-fars mənbələrində bu şəhərin adı "Nəşavə", Nəqcuan (Nəxcuvan, Nəxcəvan) şəkillərində işlənmişdi. Bir sıra qaynaqlarda isə  Naxçıvan toponimi "Nəqşi cahan" təşbehi ilə - dünyanın bəzəyi mənasında işlədilir. Naxçıvan toponimi əfsanəvi Nuh peyğəmbəri dünya tufanı ilə də əlaqələndirilir. Bir el mülahizəsinə görə isə "Naxçıvan" sözu üç hissədən "Nax" (Nuh) türk dillərində isim düzəldən, "çi" şəkilçisindən və yer, məkan bildirən "van" toponik formalarından ibarət olub, "Nuhcuvan", Nuh tərəfdarlarının məskəni, Nuhun diyarı deməkdir. V.A.Nikonov isə "Naxçıvan" sözünün "Naxuc" tayfa adından, yer, qəsəbə bildirən "avan" sözlərindən əmələ gəlməsini ehtimal edir. Bu barədə yozumlar və ehtimallar çoxdur. E.ə. X-VI əsrlərdə Naxçıvan şəhəri Manna və Midiyanın tərkibində olmuşdur. Midiya dövləti dövründə Naxçıvan tanınmış şəhərlərdən biri idi. Sonralar Əhəmənilərin və Atropatenanın tərkibində olan Naxçıvanın, Yaxın Şərqin bir sıra dövlətləri ilə mədəni əlaqələr qurmuşdur. Eramızın əvvəllərində isə Naxçıvan Albaniyada şəhər, IV əsrdən isə Sasani dövlətinin tərkibində olmuşdur. Az sonra Şərqi Roma imperiyası ilə İran arasında müharibə meydanına çevrilən Naxçıvan  591-ci il İran-Bizans müqaviləsinə görə Naxçıvan Sünik və Vasparakan vilayətləri tərkibində İrana tabe edildi.


Ərəb xilafəti dövründə Naxçıvan Azərbaycanda hərbi, inzibati mərkəz və ərəb əmirlərinin əsas iqamətgahı idi. IX əsrdə xilafət əleyhinə yüksələn xürrəmi-babəkçilər hərəkatı Naxçıvan şəhərini də bürümüşdü. IX əsrin sonlarından X əsrin 30-cu illərinədək qədim diyar Sacilər dövlətinin tərkibində qaldı. Sonralar Salarilər və Rəvvadilər dövlətinin tərkibində olmuşdur. Səlcuq sultanı Alp Arslan (1063-72) Azərbaycanda Rəvvadilər  hakimiyyətinə son qoymuş, Naxçıvana yiyələnmiş və burada özünə iqamətgah tikdirmişdir. XI əsrin 30-70-ci illərində Naxçıvan Atabəylər dövlətinin paytaxtı olmuşdur. "Əcaib əd-dünya" əsərində göstərilir ki, Naxçıvan Eldəgizlər dövründə - yəni Atabəylər dövründə "yüksək tərəqqiyə" çatdı.


XIII-XIV əsrlərdə Naxçıvan Qərbdə gedən siyasi-iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrildi. Bu dövrlərdə şəhər, monqol imperiyasına daxil olan Hülakilərin, Çobanilərin, Cəlairilərin nüfuz dairəsinə daxil olan nümayəndələr tərəfindən idarə olunurdu. 1386-cı ildə  şəhər Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və güclü dağıntıya məruz qalmışdır.  1386-1400-cü illərdə Əlincə qalası düşmənlərə inadlı müqavimət göstərmişdir.


1412-ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu, 1468-ci ildən Ağqoyunlu, XVI əsrdən isə Səfəvi dövlətinin tərkibində olmuşdur. XVI-XVII əsrlərdə Osmanlı-Səfəvi müharibələri zamanı (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı şəhər əldən-ələ keçərək dağıdılmış, qarət edilmişdir. 1603-cü ildə I Şah Abbas şəhəri hakimiyyəti altına almış, hərbi düşərgəyə çevirmişdir. Onun idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olunmuşdur. 1605-ci ildə Osmanlı qoşunları şəhəri zəbt edərək ərazini Osmanlı imperiyasının tərkibinə qatırlar. Fransız səyyahı Uan Batist Tavarnye, alman səyyahı Adam Ollari bu zaman Naxçıvanın xarabazarlığa çevrildiyini xəbər verir. XVII əsrin 2-ci yarısından Çuxursəd bəylərbəyliyinə daxil olan Naxçıvanın hakimləri artıq Kəngərli tayfa başçılarından seçilirdi. Nadir şah öldürüldükdən (1747) sonra Kəngərli tayfa başçısı Heydərqulu xan şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan edir. Şəhər xanlığın paytaxtı olur. 1828-ci il Türkmənçay müqaviləsinə görə Naxçıvan Rusiya imperiyasına birləşdirilir.


XX əsrin əvvəllərində - 1918-1920-ci illərdə Naxçıvanda Araz-Türk hökuməti fəaliyyət göstərmişdir. Sovet hakimiyyəti illərində Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi  kimi sovet cəmiyyəti dövrünü yaşamışdır.


Səyyahların, eləcə də ərəb, yunan, fars alim və tarixçilərinin verdikləri məlumatlardan, salnamə və məxəzlərdən gətirilən sitatlardan belə qənaətə gəlmək olar ki, Naxçıvan torpağı Sasani dövründən XX əsrin ortalarınadək, tarixin hər cür sərt üzünü görmüşdür.
Şərqin qapısı sayılan Naxçıvanda tikilən memarlıq abidələri, qalalar, körpülər, ziyarətgahlar, Yaxın Şərq ölkələri, Mesopotamiya ilə əlaqələri onu göstərir ki, bu diyar ta qədimdən Şərqin mədəni mərkəzlərindən biri olmuşdur.

Hüseyn Əliyev,
Naxçıvan