“Uşaqlar torpağın canlı çiçəkləridir“ deyirlər. Uşaqlar gələcəyimiz, bu günün iftixarı, sabahın güvənc yeridirlər. Rəşid Behbudov küçəsində (Türkiyə səfirliyinin yanı) qoyulmuş uşaq heykəl-kompleksi önündə keçirirəm bu hissləri.

...Gələcəyimiz olan balaların bu yaralı heykəlləri qarşısında donmuşam sanki. Dünənlərdə "sabaha doğru irəli” deyən bu  məsum körpələrin daş heykəllərə dönəcəyinə və bu heykəllərin də  güllə atəşinə tutulacağını hardan biləydik?

...20 Yanvar... Tariximizin bir gecəlik epopeyası! Səhifələri vərəqlədikcə yaşlıların nifrini, cavanların qəzəb, intiqam hayqırtıları ilə yanaşı, körpə balaların qəlbləri göynədən, ürəkləri dağlayan hıçqırtıları da eşidilir.

...Yaralı heykəllər  önündən keçirəm. Tariximizin üzünə qanlı şapalaq kimi dəyən o gecəni anıram. Sovet ordusu törətdiyi bütün vəhşiliklər kompleksinə bu cansız daşları gülləbaran etməyi də yamadı.

...Bu ünvana körpələr anaları ilə gələcəkdilər. Əylənməyə gələcəkdilər; bura körpələr üçün hazırlanmış bir park idi. Daha  balalarımız bu məkana ziyarətgah kimi baxmalı olacaqlar. Bəli, artıq yaşıdlarını anmaq, o dəhşətləri xatırlamaqçün gələcəklər bu yerlərə. Təbiətin canlı çiçəkləri bu daşlardan boylanan  yaralı heykəl - körpələrin önünə qərənfillər qoyub, yad edəcəklər onları. Bu canlı çiçəklərimiz şəhid olub axı, bu gül bağçamız solub axı! İndi bu yaralı heykəllər önündə yaşlarına yaraşmayan bir hüzn yaşayır, yas saxlayır canlı çiçəklər. İndi qan yaddaşımızdan heykəl fəryadı da səslənir. Bu dünyanın heykəl - anaları dözəcəkmi bu ah-naləyə?! Bəs, şəhid balasının tökülən qanını görən canlı analar necə?! O ölkənin ki şəhidi yoxdur, orda vətənsizlik sindromu yaşanar. Şəhid verən analarımızın qəlbi göynəsə də, için-için ağlayıb könülləri dağlasa da, Vətən  məğrur dayanar düşmən qarşısında. Şəhid məzarına baş əyən qadın düşmənə heç vaxt əyilməz!       
2009-cu il ölkə başçısının sərəncamı ilə Uşaq İli elan edilib.

Məmləkətimizdə uşaqlarımızın xoşbəxt gələcəyi üçün hər cür  şərait var. Amma hər bir uşaq öz keçmişinə boylanmağı bacarmalı, hər bir azərbaycanlı balası tarixini dönə-dönə vərəqləməli, dünən 20 Yanvarda, o biri gün Xocalıda günahsız körpələrimizə divan tutanları  tanımalıdır körpələrimiz. Xoşbəxt gələcəyə doğru addımlayan hər bir övlad bilməlidir ki, onun neçə-neçə yaşıdı hələ də namərd əllərdə əsirdir. Ana qucağında qana bələnib bu dünyanın şirinliyini duymadan nakam gedən həmyaşıdları var. Neçə-neçə fidan körpənin qəlbində qönçələnməmiş arzuları qalıb. Kim bilir, 19 il öncə qətlə yetirilən bu məsumlar bu gün vətən üçün nələr edə bilərdilər...

...Bir vaxtlar böyük bir prospektin yaraşığı olan, lakin indi tariximizin daş yaddaşına çevrilən uşaq heykəllərinin önündəyəm.  Bu  güllə nöqtələri buradan boylanan məsum körpələrin göz yaşlarıdır, sanki.
O körpələrin qarşısında baş əyirəm...  "Qanınız yerdə qalmayacaq!" deyə bağırmaq, fəryad qoparmaq istəyirəm. Səsimi bütün dünya övladlarına eşitdirmək, onları bir araya toplamaq, başımıza gələn müsibətləri, murdar düşmənin kor, şikəst, əlil etdiyi balalarımızın harayını onlara da çatdırmaq üçün  bu məkanı çağırış meydanına çevirmək istəyirəm...

SƏbinƏ