Azərbaycan  dünyanın ən qədim insan məskənlərindən biridir. “Hər daşı altında bir tarix yatan” bu məkan haqda nə qədər salnamələr yazılsa da, dastan və nəğmələr qoşulsa da, onun çox olayları yenə sirr olaraq qalacaq. Belə möcüzəli məkanlardan biri də Abşeron yarımadasıdır.
Yarımadanın iqlimi quru, subtropikdir. Qışda buranın havası nisbətən mülayim, yazı qısa, yayı, payızı isə isti, quru, günəşlidir.
Kəndlərinin  sayı tarixən 32, sonralar 40-a çatmış Abşeronun hər bir yaşayış məskəninin özünəməxsus tarixi keçmişi,  təsərrüfat-məşiət həyatı, qiymətli memarlıq abidələri var.
Diqqət çəkən belə yaşayış məskənlərindən biri də, yarımadanın şimal-şərqində yerləşən Qala kəndidir.

Bu Qalanın sirri

Bu kəndlə tanış olmaqda mənə bələdçilik edəcək Fikrət müəllimlə kəndin girəcəyində görüşdük. Fikrət Allahverdiyev əslən qalalıdır. Tarix elmləri namizədidir. 1989-cu ildən Qala Tarix-Etnoqrafik Qoruq Muzeyində işləyir. Bu yerlərdə olan hər daşın, hər abidənin tarixini gözəl bilir. Ən dolğun məlumatları da elə onun özündən aldıq:
- Bu ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Arxeoloji qazıntılar göstərir ki, abidələrin çoxunun 5 min il yaşı var. Ta qədimdən XX  əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfat təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsr qalıqları və qədim abidələr günümüzə qədər gəlib çıxıb.
Çağımızın ən maraqlı abidələrindən olan Qala Arxeoloji Etnoqrafik muzey-kompleksindəyik. Səliqə-sahmanı ilə diqqəti cəlb edən muzey-kompleksə baxanda qürur hissi keçirirsən.

Qədim Qalaya müasir baxış

Qala kəndinin adı da bilavasitə “qala” sözü ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi- arxeoloji faktlara, digər tərəfdən isə xalq etimologiyasına əsaslanır. Yaşlı adamlar buranı “Mühafizə olunan yer” kimi mənalandırır. Başqa sözlə, alınmaz, məğlubedilməz yer, kənd, digərləri isə məhz sözün birbaşa mənası ilə, yəni “qala” ilə əlaqələndirir. Tarixi faktlar isə əsasən ikinci gümanı təsdiqləyir. Belə ki, burada XIV  və XVII əsrin birinci yarısında inşa olunmuş qala- istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə imkan verir. Yenə yaşlı informatorların dediyinə görə, Qalanın dibində də nə isə zirzəmiyəoxşar  bir yer olubmuş: guya təhlükə vaxtı burda 1000-1500-ə qədər adam mühafizə oluna bilirmiş. Əlbəttə, bunun həqiqət olub-olmadığını qəti surətdə demək mümkün deyil. Hər halda, bu söhbətin özü onu deməyə əsas verir ki, Qalanın qalası əzəmətli olmuşdur. 2-3 metrlik hündürlükdə olan qalıqları da fikrimizi təsdiqləyir.

Bir sıra Abşeron kəndləri kimi, vaxtilə Qala da duz gölləri ilə məşhur olub. XIX əsrin 30-cu illərində hər yay fəsli Abşeronun şor göllərindən xeyli  duz yığırlarmış. Qala duzu öz ağırlığına və tamına görə ən keyfiyyətli məhsul sayılır. Qalalılar əkin-biçin işində də böyük səriştəyə malik olublar. Əkiləcək torpaqlar ənənəvi olaraq xış ilə şumlanır, bəzən, öküzlərlə  yanaşı, atlardan da istifadə olunub. Qala kəndində bir sıra sənət sahələri də inkişaf edib. Buranın dəmirçiləri, bənnaları, dülgərləri, örkən toxuyanları, xüsusilə də xalçaçıları adla deyilərmiş.
Qalalılar üçün ənənəni təsərrüfat sahələrindən biri də heyvandarlıq, xüsusilə qoyunçuluq olub. Qala qoyunları öz üstün keyfiyyətlərinə görə nəinki Abşeronda, hətta Qafqaz regionunda öncül yerlərdən birini tutur. Bu qoyunların çəkisi 100 kiloqramadək  olur. Təəssüf ki, indi həmin qoyun cinsinin sayı  azalıb.

Əsrlər boyu xalq pirlərə, səcdəgahlara, ocaqlara inam bağlamış,  nəzir demiş, qurban kəsmişdir. Kimi pirlərdən, ocaqlardan sağlamlıq, düzəlməyən işə çarə, yol üstündə olanlara uğur  istəmiş, kimi də beşik asıb övlad diləmişdir.

Belə ocaqlar, pirlər Qalada da var. Fikrət müəllim bunlardan “Pirvəro”, “Seyidgah”, “Pirzəmani” və “Pirxani”nin daha məşhur olduğunu dedi: Əsl qalalıdan “haralısan?” soruşanda çox məğrur, fəxarətli bir tərzdə cavab verər ki, “mən qalalıyam!”. Bu cür deyiliş tərzinin müəyyən əsası  var, tarixən qalalılar məğrurluğu ilə seçiliblər.

İkincisi isə kəndin adlı-sanlı adamları olub. Qala kəndindən  görkəmli şair, musiqiçi və  ictimai xadimlərlə yanaşı, məşhur qoçuları da olub. Bitib-tükənməz coşğusu, heyrətamiz qorxmazlıq və yurdsevərliyi üzündən obasından didərgin salınmış qərib şairimiz -

“Azərbaycan, mənim
            taxtım-tacım oy!..
Oyanmazmı kor olası
  baxtım oy!..”
- deyərək, ömrünü qürbətdə başa vurmuş Almas İldırım da əslən qalalıdır.

Açıq səma altında muzey

2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk arxeoloji etnoqrafik muzey kompleksi yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanıb və bərpa olunub. Dünyanın və keçmiş SSRİ-nin bir çox ölkələrində bu cür etnoqrafik kəndlər yaradılıb. Qala kəndində yaradılmış etnoqrafik muzeyin özünəməxsus  xüsusiyyətləri ondan ibarətdir ki, burda insanlar ata-babalarının yaşadıqları kimi yaşayırlar.
Təxminən 1,2 hektar ərazidə salınmış muzey-kompleksə daxil olarkən, elə bil, uzaq keçmişə düşürsən. E.ə. III-II minilliklərə aid kurqanlar və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi bərpa edilib.
Qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə çox rəngarəngdir. Burda ov, insanı qurban vermə, müqəddəs nikah və s. səhnələr təsvir olunub. Nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar maraq doğurur.
Muzey-kompleksi gəzdikcə burada olan hər bir eksponatın yanında istər-istəməz ayaq saxlamalı olursan. Hər biri bir tarix olan nümunələri  sözlə təsvir etmək çətindir. Hər bir eksponatla tanış olduqdan sonra ulu əcdadlarımızın məişəti, təsərrüfatı, sənətkarlıqları haqqında dolğun məlumat ala bilirsən. Fikrət müəllimin dediyinə görə, bu muzey təşkil olunduqdan sonra istər xarici turistlərin, istərsə də yerli əhalinin bura axını çoxalıb və sakinlərin istirahət yerinə çevrilib. İlk nəticələr onu göstərir ki, bu muzey gələcəkdə respublikada turizmin inkişafına da təkan verəcək.

Kəndlə əyani tanışlıq

Fikrət müəllimin müşayiəti ilə kəndi səyahətə çıxırıq. Yolumuzu orta əsrlərdə tikilmiş yaşayış yerlərindən salırıq. Muzeydən fərqli olaraq burada  kecmişlə canlı tanış olursan. Bəzi evlərdə indi də yaşayanlar var, bəziləri də təmir olunub, olduğu kimi saxlanılır. Bunların sayı 170-ə qədərdir. Abşeron yarımadasında XIV-XIX əsrlərə aid çoxlu hamam var. Onlardan 3-ü Qala kəndindədir. Biri hazırda fəaliyyət göstərir. Bu gün də Şüvələn, Mərdəkan, Zirə və başqa yerlərdən buraya keçmişdən adət qalmış “bəylik hamamı”na gəlirlər. Başqa bir hamam da var ki, oranı yerli əhali “Qum” hamamı adlandırır. İndi onun qalıqları qalıb. Uçqunları təmizləndikdən sonra tikintinin içində onun  təyinatı müəyyənləşdirilib. Tikintinin yaxşı vəziyyətdə qalmış planı sayəsində bu hamamın orta əsrlərdə Abşeronda geniş yayılmış hamam tipinə aid olduğu aydınlaşıb.

Qaladan görünənlər

Kəndin qədim memarlıq abidələri ilə tanış olduqdan sonra onun bu gününə də biganə qalmadım. Burada müasir evlər də tikilib. Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq bağçası, poliklinika, müasir aptek kəndin qədim görünüşünə xüsusi gözəllik verir. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə kənd kitabxanası yenidən təmir olunub. 17 mindən çox kitab fondu olan bu kitabxananın 700-dən çox oxucusu var.
Son dayanacağım Qala kənd klubu oldu. 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə qalalılara hədiyyə olunan bu klub müasir tələblərə cavab verir. Burada kənd sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.

Salamat qal, Qala!

Yaxından tanış olduqdan sonra öz  qədimliyi və müasirliyi ilə məndə xoş təəssüratlar yaradan  bu gözəl məkandan  ayrılıram. Qədimliklə müasirliyin qovuşduğu olan unikal məkana, maraqlı həyat tərzindən məmnun kənd sakinləri və köhnə Qalada yenilik amalı ilə yaşayan Fikrət müəllimlə  nə vaxtsa yenidən görüşmək ümidi ilə ayrılıram.

Fərahim Dünyamalıoğlu