Orta əsr memarlıq abidələrimiz
   
      
   Azərbaycanın orta əsr memarlığının dəyərli abidələrindən biri də Xərrəqan türbələridir. Kərpic tikililərinin ən yaxşı örnəklərindən sayılan bu türbələr Böyük Səlcuq İmperiyası dövründə tikilib.
   
   Hər iki türbə Güney Azərbaycanda - Qəzvin və Həmədan şəhərləri arasında, bir-birindən təxminən 30 metr məsafədə inşa edilib. Səfəvilər dövründə bu türbələr imamzadələrə çevrilib və "Qoşa İmam" türbələri adlanıb. Yaxınlıqdakı kəndin adı da bu türbələrdən götürülüb. Türbələr indi də yerli əhali tərəfindən Qoşa İmam Türbələri adlanır.
   Araşdırmalarda göstərilir ki, türbələr Sultan Alp Arslanın hakimiyyəti (1063-1072) zamanı (1067) Əbu Səid Bicar Səəd adlı bir türkmən bəyin xatirəsinə inşa edilib. Türbənin kitabələrinin birində tikilmə tarixindən sonra "Məhəmməd Məkər oğlu Zəncaninin əməli" qeydi yazılıb.
   Mütəxəssislər yazırlar ki, birinci Xərrəqan türbəsi səkkizbucaqlıdır. Bayır diametri 11 metrdir. Bucaqların hər birinə silindrik qülləcik birləşir. Qülləciklərdən ikisinin içərisində dolama pilləkən quraşdırılıb. Abidənin iç planı da səkkizbucaqlıdır. İnteryerdəki sivri tağçalar iki yerə bölünür. Hər tağçanın aşağı hissəsində yerliyi abı rəngdə olan tağ çəkilib.
   Onu da qeyd edək ki, əski türk ellərinin memarlıq abidələrində günəşin, işığın rəmzi təsvirləri sıx-sıx işlədilib. Mütəxəssislər belə izah edirlər ki, memar bu təsvirləri yaradarkən nəzərdə tutub ki, guya qaranlıq-axirət dünyasını işıqlandırmaqla ruhlar üçün rahat mühit yaranacaq. Birinci Xərrəqan türbəsi içərisindəki çıraq təsvirləri də bu əski türk inamı ilə bağlı çəkilib. Mənbələrdə göstərilir ki, buradakı çıraq təsviri süni işığın rəmzidirsə, medalyonlar günəşi təmsil edir.
   Əski türk inamında tovuz quşu günəşin simvolu olub. Birinci Xərrəqan türbəsinin medalyonlarından birinin içərisində yelpik şəkilli erkək tovuz quşu, başqa birində üz-üzə dayanmış iki tovuz quşu, üçüncüsündə isə boyunları bir-birinə sarınmış və iki əjdaha tərəfindən qorunan qoşa tovuz quşu çəkilib. O biri medalyonların içərisində isə altıbucaqlı və səkkizbucaqlı ulduzlar var.
   Beləliklə, sənətkar rəmzi təsvirlərlə qaranlıq türbə içərisinə günəş və işıq gətirib. "Günəş işıqlı" tağçalar arasındakı səthlərdə həyat ağacı çəkilib. Simmetrik ağac təsvirini cənnət simvolu olan nar ilə tamamlayıb. Ağacın ucu göyü təmsil edən xətlərə söykənib. Məlumdur ki, əski inanclarda həyat ağacı göy ilə yeri bir-birinə bağlayır. Burada isə ağacın hər tərəfində iki quş şəkli çəkilib.
   Məlumdur ki, əski türk inamında kainat həyat ağacı, yer, göy və planetlərlə təmsil edilib. Birinci Xərrəqan türbəsinin interyerində bu kainat elementlərinin hamısı çəkilib. Memar sanki, çeşidli təsvirlərlə türbə içərisində bir kainat modeli, o biri dünyanı "yaratmağa" çalışıb. Əski türk ellərinin inamları və mifologiyası ilə bağlı olan bu divar rəsmləri göstərir ki, Səlcuq memarlığının ilk çağlarında İslam dini ilə əlaqələri olmayan türk süjet və simvolları işlədilib.
   Maraqlıdır ki, ikinci Xərrəqan türbəsinin interyerində divar rəsmləri artıq yoxdur. Onların hamısını cənub üzdəki mehrab tağçası əvəz edib. Bu da Səlcuq memarlığında getdikcə İslam təsirinin müəyyən ölçüdə artmasını əks etdirir. Abidənin gövdəsi və künc dayaqlarının bütün səthi müxtəlif çeşidli həndəsi naxış örtüyünə tutulubdur. Üzlərdən birində giriş qapısının düzbucaqlı gözü yerləşir. Memar bu üzün bədii həllini o birilərdən ayırmış, ona baştağ biçimi vermişdir. Uçuq və dağıntılara baxmayaraq, hündürlüyü 13 metr olan türbələr əzəmətli görünür.
   İkinci Xərrəqan türbəsi üstündəki kitabələrdən məlum olur ki, memar Əbül Məali Məkər oğlu Zəncani hicri 1096-cı ildə türkmən bəyi Atsız Təkin oğlunun xatirəsinə ucaldılıb.
   Mütəxəssislər göstərirlər ki, türbələrin plan quruluşu, konstruktiv sistemi, bədii memarlıq həllində heç bir prinsipial fərq yoxdur. Bunlar əslində birtipli tikilinin müxtəlif variantlarıdır. Görünür memar ikinci türbəni tikərkən türbələrin yerləşmə yaxınlığını nəzərə alaraq məsələyə bütöv halda yanaşıb. Bununla belə türbələr eyni deyil. Memar Əbül Məali dayaqlar içində pilləkənlərdən birini ixtisara salmaqla və bir neçə əlavələrlə ikinci türbəyə özəllik verib. Əlavələrin bir qismi türbə kompozisiyasında ucalığı artırmaq məqsədi güdüb. Ona görə də türbənin hündürlüyü əvvəlkindən yarım metr ucadır...
   Türbələrin kitabələri bu dövr üçün xarakterik olan kufi xətti ilə naxışlanıb. Heyrətləndirici naxış kompozisiyası rəngarəngliyi alıb. Tədqiqatçılar hər iki türbədə 70-dək ornament kompozisiyası qeydə alıblar. İşlənmə yerinə uyğun biçim və ölçüləri, səthin formasına yatımlı çeşniləri olduğundan naxışlar ümumi quruluşun təbii bölümü kimi üzə çıxıb. Yüksək estetik keyfiyyətləri ilə abidələrə ifadəli görkəm veribdir.
   Bir materialdan ucaldılan bütün tikililər kimi, Xərrəqan türbələrinin də bədii gücü memarlıq quruluşunun zənginliyinə, tutumların ahəngdarlığına, işıq-kölgə bolluğuna hesablanıb. Divar və üzlük materialı kərpic olan tikililərin ən yaxşı örnəklərindən sayılan Xərrəqan türbələrinin özündən əvvəl və sonra ucaldılan bir sıra memarlıq abidələrlə ümumi və oxşar cəhətləri vardır. Bununla belə, Azərbaycan memarlığının ən dəyərli abidələrindən olan bu türbələr bir çox özəlliklərinə görə bənzərsizdir.
   
   Savalan Fərəcov