Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan bildiriblər ki, şifahi xalq ədəbiyyatımızın qədim yazılı abidəsi olan oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyi münasibətilə tədbirlər planı hazırlanır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə bu barədə müzakirələr aparılıb, tapşırıqlar verilib.
Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, “Kultura+” internet televiziyasının məsul şəxslərinin iştirak etdikləri müşavirədə dövlət müşaviri Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanına böyük önəm verdiyini diqqətə çatdırıb: “Kitabi-Dədə Qorqud” abidəsinin açılış mərasimində ölkə başçısı bu dastanı Azərbaycan xalqının milli sərvəti adlandırıb. Bu qayğı və diqqət ulu öndər Heydər Əliyevin dastana göstərdiyi münasibətin davamı və zamana uyğun inkişafıdır”.
K.Abdullayevin sözlərinə görə, dastanın “Təpəgöz” boyunun 1815-ci ildə Fridrix fon Dits tərəfindən almancaya tərcümə edilərək elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan mədəniyyətinin təbliğində çox önəmlidir: “Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının dünyaya təqdim formalarından biridir”.
Müşavirədə yanvarın sonlarında “Kitabi-Dədə Qorqud” və fon Dits - 200” mövzusunda beynəlxalq kollokviumun keçirilməsi ilə bağlı təşkilat komitəsi yaradılıb. Dövlət müşaviri “Kitabi-Dədə Qorqud” və fon Dits - 200” proqramı əsasında ilboyu keçiriləcək tədbirlərdə filoloqlarla yanaşı, riyaziyyatçı, fizik, həkim və mühəndislərin, eləcə də digər sahələrin mütəxəssislərinin iştirakına şərait yaradılmasını tövsiyə edib.