AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna dörd arxeoloji tapıntı daxil olub. Tapıntılar muzeyə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən təqdim edilib. Tapıntılar pastadan hazırlanmış üç ədəd silindrik möhürdən və bir tunc toppuz başından ibarətdir.
Nümunələr eramızdan əvvəl II minilliyin sonlarına aiddir. Silindrik möhürlərdən biri 1985-ci ildə Mərdangöl nekropolunda, ikisi 2013-cü ildə III Plovdağ nekropolunda qazıntılar zamanı tapılıb. Toppuz başı isə 2007-ci il arxeoloji qazıntılar zamanı II Plovdağ nekropolunda aşkarlanıb. Hazırda tapıntıların inventarlaşdırılması və pasportlaşdırılması istiqamətində işlər aparılır.
Arxeologiya fonduna daxil olmuş bu materiallar ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi tədqiqatlarda, xüsusilə təmsil etdikləri dövrün sosial-iqtisadi münasibətləri, hərb işi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında dəyərli mənbədir.