Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 10 günlük treninqlər təşkil olunub.
Kitabxanadan bildirilib ki, avqustun 10-da başlanan treninq sayca dördüncüdür. Qax, İmişli, Zərdab, Ağcabədi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm ALİSA proqramında işləmək üçün MARC 21 formatını öyrənəcək, həm də proqramda iş vərdişlərini mənimsəyəcəklər.
Milli Kitabxananın direktoru Kərim Tahirov treninqin kitabxananın və “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən iş prosesləri ilə yaxından tanış olacaq, yeni iş üsullarını, yeni xidmət növlərini əyani izləyəcəklər. Sonda müdavimlər sertifikatla təmin olunacaqlar.