Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən başlayaraq Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə antik və orta əsr şəhər məskənində tədqiqatlar aparır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin bildirdiyinə görə, ümumi sahəsi 26 hektar olan bu məskənin 2 hektara yaxın hissəsi akropolun – yuxarı şəhərin payına düşür. 2008-2013-cü illərdə burada 300 kvadratmetr sahə tədqiq edilib, 10 metrə yaxın mədəni təbəqə öyrənilib. İlkin tədqiqatlar abidənin üst qatının orta əsrlərə – IX-XIII əsrin əvvəllərinə aid olduğunu göstərir.

2013-2014-cü illərdə yuxarı şəhərin cənub-şərq hissəsindəki 200 kvadratmetr sahədə qazıntı işləri aparılıb. Hazırda burada qazıntılar davam edir. Orta əsrlərə (XI-XIII əsrlər) aid bu təbəqə zəngin maddi qalıqları ilə diqqəti çəkir. Qalatəpədə həyat monqolların ilk hücumlarından sonra dayanıb. Qalatəpə tariximiz üçün Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Uti vilayətində mövcud olmuş mühüm bir şəhər məskəni kimi də xüsusi əhəmiyyət kəsb edir.

Təvəkkül Əliyev bildirib ki, Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası hazırda Mil-Qarabağ bölgəsində tədqiqatları davam etdirir. I və IV Kamiltəpədə, Döllüktəpədə, Şahtəpə və onun ətrafında, eləcə də 18 və 124 saylı qədim məskənlərdə aparılan qazıntı işlərinin nəticələri Neolit və Eneolit dövrlərində (e.ə. VII – IV minilliklər) Azərbaycanın bu qədim bölgəsində baş verən sosial-iqtisadi proseslərin rekonstruksiyasında, burada təşəkkül tapan ibtidai cəmiyyətin mədəni-təsərrüfat həyatının araşdırılmasında əhəmiyyətli rol oynayır.