Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmış və onun Əsasnaməsi təsdiq edilmişdir. Müvafiq normativ-hüquqi aktların, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsinin bu fərmana uyğunlaşdırılması məqsədilə dövlət başçısı tərəfindən 16 sentyabr 2015-ci il tarixdə fərman imzalanmışdır. Fərman Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib.
Qeyd olunub ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edən Dövlət Xidməti mədəni irsin qorunmasını və inkişafını təmin edir və mədəni irsin qorunmasına dövlət nəzarətini həyata keçirir.
Dövlət Xidməti eyni zamanda dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirir və müvafiq sahədə əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin səmərəli idarə edilməsini təmin edir.
Daşınmaz tarix və mədəniyyət obyektlərində aparılan abadlıq, inşaat, təmir, bərpa, rekonstruksiya, konservasiya və yenidənqurma işlərinin layihələrinə də Dövlət Xidməti tərəfindən AMEA-nın rəyi nəzərə alınmaqla razılıq verilir və işlərin gedişinə nəzarət olunur.
Dövlət başçısının 16 sentyabr 2015-ci il tarixli fərmanı Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yuxarıda göstərilmiş fəaliyyət istiqamətlərinin həyata keçirilməsini hüquqi cəhətdən tənzimləyir.