Flaşmobda milli rəqslərimiz təqdim olundu

Dekabrın 4-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Metro Park” ticarət və əyləncə mərkəzində “Milli irsə dəstək olaq” adlı flaşmob keçirildi.

Layihə milli-mədəni irsin qorunması, təbliği və bu sahədə həyata keçirilən işlərin daha geniş auditoriyaya çatdırılması məqsədini daşıyır. Tədbirə mədəniyyət, incəsənət nümayəndələri, gənclər və paytaxt sakinləri qatılmışdı.
Açılış mərasimində çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev layihənin əlamətdar vaxta təsadüf etdiyini bildirdi. Qeyd etdi ki, dekabrın 1-də UNESCO Hökumətlərarası Komitəsinin sessiyasında Azərbaycan xalqının daha bir sənət nümunəsi - Lahıc misgərlik sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilib: “Hesab edirəm ki, bu hadisə Azərbaycanın apardığı mədəni diplomatiyanın daha bir uğurudur. Bu əlamətdar hadisə münasibətilə hər birinizi təbrik edirəm. Xalqımızın qədim mədəni irsini qorumaq və təbliğ etməkdə hamımız fəal olmalıyıq”.
Xalq artisti Təranə Muradova "Azərbaycan milli rəqsləri", Əməkdar artist Kamil Dadaşov "Rəqs tarixi" adlı mövzularda məruzə ilə çıxış etdilər.
Çıxışlarda Azərbaycan milli rəqslərinin yaranma tarixi, rəqs ənənələrinin qorunub inkişaf etdirilməsi və dünyada təbliğ olunması məsələlərinə toxunuldu.
Sonra milli musiqilərimizi təbliğ edən flaşmob başlandı. Suraxanı rayon Mədəniyyət evinin “Azad” rəqs qrupu “Şənlik” və “Çobanlar” rəqslərini, Vaqif Mustafazadə adına uşaq incəsənət məktəbinin “Aysel” ansamblı “Azərbaycan” mahnısını, Seyid Şuşinski adına uşaq incəsənət məktəbinin “Mədinə” qrupu “Yallı” rəqsini nümayiş etdirdilər. Həmçinin Səid Rüstəmov adına uşaq incəsənət məktəbinin “Cəsur şahinlər”, Niyazi adına uşaq incəsənət məktəbinin “Şuşa” rəqs qrupu və Süleyman Ələsgərov adına uşaq incəsənət məktəbinin rəqs kollektivinin ifasında “Odlar yurdu”, “Qaytağı”, “Köçəri” və başqa milli rəqslər təqdim olundu.
Flaşmobda fəal iştirak etdiklərinə görə rəqs kollektivlərinin rəhbərlərinə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin diplomları təqdim olundu. Flaşmob iştirakçılarına mərkəzin əməkdaşları tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan mədəniyyət nümunələri haqqında bukletlər paylanıldı.

Fariz Hüseynov