Ankaranın Altındağ məhəlləsində yerləşən Anadolu Mədəniyyətləri Muzeyi 1921-ci ildə qurulub. Dünyanın sayılı muzeyləri arasında yer alan bu məkanda Anadolunun qədim mədəniyyət nümunələri sərgilənir. 1997-ci ildə muzey Avropa Muzey Forumunun mükafatına layiq görülüb. Türkiyədə bu nüfuzlu beynəlxalq mükafatı qazanan yeganə muzeydir.

Muzeyin tarixçəsi və memarlıq quruluşu

Ankarada ilk muzeyin yaradılması burada yeni Türkiyənin təməlinin atıldığı dövrə təsadüf edir. 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisi fəaliyyətə başlamışdı, Anadoluda Qurtuluş savaşı ilə bərabər gələcək Cümhuriyyətin təməli qoyulurdu. Muzey mədəniyyət müdiri Mübarək Qalib bəy tərəfindən 1921-ci ildə qədim şəhər qalasında, Akkale adlanan bürcdə təşkil edilmişdi. Atatürkün göstərişi ilə ölkənin digər bölgələrindən qədim tarix və sənət nümunələri Ankaraya göndərilməyə başlanınca geniş məkanlara malik olan bu muzey binası artıq vacib bir mədəniyyət obyektinə çevrilib. 1938-ci ildən sonra burada restavrasiya işlərinə başlanılıb. Alman arxeoloqu H.Guterbokun rəhbərlik etdiyi heyət tərəfindən əsərlər yerləşdirilməyə başlanılıb.
1943-cü ildə binaların təmiri davam edə-edə bir bölüm ziyarətə açılır. Muzey strukturu 1968-ci ildə son şəklini alır. Qeyd edək ki, muzey iki Osmanlı tikilişində yer alır: bunlar Vəli Mahmud Paşa və Rum Mehmet Paşanın tikdirdiyi karvansara tipli ikimərtəbəli binalardır (Mahmud Paşa Bedesteni və Kurşunlu Han). XV əsrə aid olan tikililər dövrün memarlığını əks etdirir.

Qədimdən bu günə

Muzey Ankaranın Atpazarı adlı hissəsində, Ankara qalasının çöl divarının cənub-şərq tərəfində yerləşir. Mərkəzində böyük hovuzu olan tikilinin bağçalı həyətində Anadolunun qədim mədəniyyətinə aid arxeoloji tapıntılar, daş heykəllər, küplər və digər nümunələr yer alıb. Bu mənzərənin özü elə ilk addımda ziyarətçini qədim Anadolunun mədəni ab-havasına kökləyir. Elə bu təsirlə də binaya daxil olur və qədimdən bu günə tarixi izləyirik. Anadolu arxeologiyası, Paleolit (daş dövrü) erasından başlayaraq günümüzə qədər Osmanlı dövrü bu tarixi məkanda xronoloji sıra ilə sərgilənməkdədir.
Anadolu Mədəniyyətləri Muzeyi həm də Ankaraya gələn hər bir turistə ziyarət üçün tövsiyə edilən məkandır. Burada daş dövründən başlayaraq Hit, Finikiya, Urartu dövlətlərinin mövcud olduqları dövrlərin mədəniyyət nümunələri var. Öz qədimliyi və orijinallığı ilə seçilən bəzi əsərləri qeyd edək.
Məsələn, Finikiya kralı Midasın yaşı 3 min olan möhtəşəm masası kimi təəccübləndirməz ki? Krallığı kimi, yaşamı və ölümü ilə bağlı çoxlu əsatirlər var. Krım mənbələrində Qiblə kimi tanınan Ana tanrısının (türk dilində isə günümüzə qədər Sibel kimi tanınır) Çatalhöyükdən tapılan möhtəşəm heykəli, Çorum-Boğazköydə tapılan və eradan əvvəl 1235-ci ilə aid Misir kraliçasına yazdığı məktub, Finikiya dövründə ana tanrısı heykəli, Altıntəpədə tapılan fil dişi oymaları, öküz başları və digərləri tarixin ən qədim qatlarından xəbər verir.
Qadın bərbəzək əşyalarından ibarət kolleksiyaya baxanda isə bu qənaətə gəlmək olur: min illər keçsə də, qadın bəzəkləri dəyişmir ki, dəyişmir. Muzeydə turistlərin marağını doğuracaq çox eksponatlar var. Çatalhöyükdə tapılan və dünyanın ilk xəritəsi kimi qəbul edilən Hasan Dağı şəkli, dünyanın ən qədim güzgüsü və s. bu qəbildəndir.

Anadolu sivilizasiyasının səhifələri

Muzeyin salonlarını gəzdikcə tarix də gözlərimiz önündə irəliləyir. Eradan əvvəl 1200-cü ildən başlayaraq, Anadolu üzərinə hücumlar burada köklü dəyişikliyə səbəb olur. Anadolunun böyük bir hissəsində hökmranlıq edən Hit imperatorluğu tarix səhnəsindən silinir. Yunan tayfalarının qərbi Anadoluya koloniya şəklində yerləşmələri ilə tarixdə pərgarla cızılmış motivlər meydana gəlir. Elə ona görə də bu dövr tarixə “Protogeometrik dövr” kimi daxil olub.
Muzeydə həmin dönəmə aid bölmədə maraqlı və orijinal əsərlərə rast gəlmək mümkündür. Buradakı böyük mərmər heykəllər də o dövrün məhsuludur. Ekspozisiya keramika sənət nümunələrindən heyvan rəsmli boyalı çanaq, qablar və Anadolunu o zamankı rəngli həyatını əks etdirən nümunələrlə davam edir. Beləliklə, arxaik dövrdən yavaş-yavaş klassik dövrə keçirik. Həmin dövrün rəngarəngliyi həm də ondan ibarətdir ki, bu illərdə Anadoluda bir sıra krallıqların - Lidiya, Finikiya, ardınca farsların hakimiyyəti mövcud olub. Ona görə də klassik dövr salonunda fars təsirinin hiss olunduğu yunan abidələrinə də rast gəlmək olur.
Olduqca zəngin kolleksiyalardan ibarət muzeyin növbəti salonu “Ellinizm dövrü”dür. Makedoniyalı İsgəndər tərəfindən Anadoluda fars hökmranlığına son qoyulur və onun ölümündən sonra Anadolunun önəmli bir hissəsində Berqama krallığı qurulur. O zaman Berqama Roma hakimiyyəti altında olsa da, onun ənənəvi mədəniyyəti yaşadılırdı və bu öz isbatını muzeydə həmin dövrü yaşadan abidələr bölməsində təsdiqləyir.
Yol bizi yavaş-yavaş Oğuz və Səlcuq dövrlərinə aparır. Alp Arslanın 1071-ci ildəki Malazgirt savaşı ilə türklər Anadolu qapılarını açır və İznikə qədər gələrək onu paytaxt edirlər. Az keçməmiş paytaxtı Konya olan Anadolu Səlcuq dövləti qurulur. Muzeydə bu dövrün işləmə sənətləri yer alıb. Səlcuq dövlətindən sonra Osmanlı dönəmində türk-islam və Anadolu mədəniyyəti meydana gəlir...
Anadolu Mədəniyyətləri Muzeyi Osmanlı memarlığının ən gözəl nümunələrindən biridir. Muzeydən ayrıldıqda bu qənaətə gəlmək olur: bura Anadolunun qədim tarixindən bu gününə qədər əyani informasiya üçün əvəzsiz məkandır.

Mehparə Sultanova,
Ankara