Yaponiyalı mütəxəssislər və yerli arxeoloqların birgə ekspedisiyası Daş dövrünə aid dəyərli nümunələr aşkarlayıb

Azərbaycan ərazisində Daş dövrü üzrə ilk dəfə arxeoloji tədqiqatlar 1953-cü ildə aparılıb. Həmin il rusiyalı Paleolit dövrü üzrə mütəxəssis S.N.Zamyatin və yerli arxeoloq M.Hüseynov Qazax rayonunda, Avey dağındakı Damcılı bulağı ətrafında kəşfiyyat xarakterli qazıntı işləri aparıblar. Nəticəyə gəlinib ki, burada arxeoloji dövrlər, yəni Orta Paleolit, Yuxarı Paleolit, mezolit və neolit qalıqları qarışıq halda olub.

1957-ci ilin yaz, payız aylarında M.Hüseynovun apardığı qazıntıda arxeoloji dövrlərin materialları təxminən iki metr dərində gil təbəqəsinin üstündə qalıb. Həmin dövrdə bu ərazidə iki minə yaxın alət, ümumilikdə yeddi minə yaxın tullantı aşkarlanıb.
2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunub. Birhəftəlik kəşfiyyat xarakterli axtarışlardan sonra Avey dağında, Damcılı mağara düşərgəsinin ətrafında Damcılı mağarası da daxil olmaqla dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün üçtərəfli beynəlxalq memorandum imzalanıb. Memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti Muzeyi arasında bağlanıb.
2016-cı ilin avqustunda “Avey” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılıb. Kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, Tunc dövrünün sonuna aid daha dərində isə Neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrlərinin son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub. Damcılıda tapılan maddi mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulub.
Azərbaycan ərazisində bir neçə ildir tədqiqatlar aparan Daş dövrü üzrə mütəxəssis, professor Yoşihiro Nişiaki qoruq ərazisindən tapılan alətlərin Azərbaycanın digər ərazilərindən tapılan alətlərə nisbətən daha qədim olduğunu düşünür. İlkin arxeoloji qazıntıların nəticəsinə əsasən demək olar ki, Damcılıda elmə yararlı kifayət qədər materiallar əldə edilib.
Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail olunub. Növbəti ilin yayında tədqiqatlar daha geniş sahədə davam etdiriləcək. Gələn ilin arxeoloji tədqiqatları zamanı Qazax rayonu ərazisində yerləşən ali təhsil ocaqlarının tələbələrinin, qoruq əməkdaşlarının və gənc mütəxəssislərin də bu tədqiqatlara cəlb olunması nəzərdə tutulur.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar