Binə qəsəbəsindəki 24 saylı Uşaq Musiqi Məktəbinin V sinif şagirdi Elçin Əliyev üçün 2008-ci il uğurlu olub. Bildirək ki, gənc istedad nəfəs alətləri şöbəsində təhsil alır. Bu ilin mayında Təhsil Nazirliyinin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə keçirdiyi I Respublika müsabiqəsində Elçin Əliyev musiqi alətlərində ifa nominasiyasında fərqləndiyinə görə xüsusi diploma layiq görülüb. Bu ilin yayında isə o, Rusiyanın Suzdal şəhərində bədii sənət üzrə YUNESKO xətti ilə keçirilən beynəlxalq kurslarda təcrübə keçib.


On iki yaşlı Elçin bugünlərdə Moskvadan - gənc musiqiçilərin «Yeni adlar» beynəlxalq müsabiqəsindən qayıdıb.  Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Təhsil və Elm Nazirliyi, Xarici İşlər Nazirliyi, Moskva hökuməti, Çaykovski adına Moskva Dövlət Konservatoriyası və «Yeni adlar» regionlararası İctimai Xeyriyyə Fondunun təşkil etdiyi müsabiqədə iştirak edib.

Qeyd edək ki, Elçin bu ilin iyununda bu müsabiqənin Moskvada keçirilən I turundan qalib çıxaraq növbəti mərhələyə vəsiqə qazanıb. II turdan başlayan müsabiqədən o, Veberin «Konsert»ini və Arif Məlikovun «Məhəbbət əfsanəsi»ndən «Noktürn»ü ifa edib. Avstraliya, Tailand, Rusiya, Qazaxıstan, Ukrayna, Ermənistan və digər ölkələrdən gələn 160 gənc musiqiçidən 40 nəfər III tura vəsiqə qazanır ki, onlardan biri də istedadlı həmyerlimiz olub. Elçin III turda Oberin «Jiqa» və Hecadzenin «Qaranquş» əsərləri ilə çıxış edib. Əsasən, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorlarından ibarət olan münsiflər heyəti Elçin Əliyevin ifasını yüksək qiymətləndirib. O, beynəlxalq müsabiqənin diplomuna layiq görülüb.


Gənc ifaçının bu uğuru, əlbəttə, sevindiricidir. İnanırıq və istəyirik ki, yaxın illərdə Elçin Əliyevin adı dünyanın möhtəşəm salonlarından eşidilsin.

Ayxan