Balaca balamın dodağı daim nəğməli. Atadan-anadan irsən aldığı ən yaxşı spesifik keyfiyyət bu. Rəqs etməyə, mahnı oxumağa olduqca meyilli. Ancaq söylədiyi parçaların bircəciyi də yaşına uyğun deyil - qat-qat kənar, mövzu yabançılığında: gah türk-pop anlaşılmazlığından nümunə, gah da azəri estradasının animasiya xarakterli hay-küyündən bir kəsik. Oyuncaq sevgi notlarından bəhrələnmiş söz yığnağı (“Bas qaza, aşkım, bas qaza”, “Leylican, Leyli. Sən də yan, Leyli” və s.). Marağının səbəbini anlamaqda acizəm. Niyə körpələrin (başda özümünkü olmaq şərtilə) musiqi zövqünü mizan-düzənləməkdə acizik? Eşitmək istədiklərimizi tapıb oxuda bilmirik, onların qurduqları - mütləq qurmalı olduqları səsli-sehrli dünyanın təşkilinə müdaxilə etməkdə çətinlik çəkirik. Əvəzində böyüklərin bir çox hallarda mahnı adıyla uydurub istehsal etdikləri dırınqı materialları körpələrin kövrək «evcik-evcik» aləminə təcavüz edir. Qarşısını almaq mümkünsüzmü? Axı bizim incəsənətin çox zəngin uşaq musiqisi səhifəsi var. O səhifədə Qəmbər Hüseynli, Oqtay Rəcəbov, Ağabacı Rzayeva, Əfsər Cavanşirov... kimi sevimli imzalar var. Deyək ki, bəziləri ideya-mövzu aktuallığına rəğmən zamanın sınağından çıxmadı. Bəs qalanları? Niyə XXI əsrin balaları cücələrə, kuklalara nəğmə demək istəmir? Bəlkə, daha toyuqlar da müasirləşib, yumurtalamır, yaxud yumurtadan birbaşa fərə, beçə çıxarırlar. Bəlkə indi uşaqlar kukla əvəzinə, atlant oynatmaq istəyirlər? Fakt bu ki, bu gün körpələrimizin də maraq payını, informasiya rasionunu sehrli güzgülər ödəyir. Televizionlar nə tökür aşlarına, o da çıxır qaşıqlarına. Çox belə məsəllər deyən rəhmətlik babalarımız “Aşıq gördüyünü çağırar”. Uşaq «aşıq» da neyləsin? Efirdə gördüyünü çağırmasınmı? Bizim uşaqlığımızın təsadüf etdiyi illərdə təkcə Yeni il bayramı ərəfəsində Azərbaycan Televiziyasının hazırladığı şənlikləri yada salaq. Məkan üçün əsasən bağçalar seçilirdi. Uşaqların özəl aləminə gözəl təsir göstərə biləcək ssenarilər yazılırdı.
   Məsələyə bir başqa yöndən yanaşaq. Türkiyə Respublikası ilə həm din , həm də dil yaxınlığı səbəbindən baxsaq, görərik ki, incəsənətin bir çox növlərindəki fərq gözə girir. Kinossenari sahəsindəki mövzu-problematika üstünlüyümüz, teatr aləmindəki yaşam özəlliyimiz, aktyor, yazıçı, bəstəkar yaradıcılığındakı dünyəvilik cizgilərinin çoxluğu və s. nüanslardakı fərqlər yerlə göy arasındadır. Amma gərək düzə düz deyək, əyriyə əyri. Türk televiziyaları uşaq saatını dolduran onlarca filmlərlə, kukla tamaşaları ilə, oyunlarla zəngin. Doğma kanallarımızdakı dedi-qodu meyarlı vaxtaparmalardan usanıb məcburən balamızı sözü gedən türk proqramlarına yönəldirik.
   Çarəmiz nədir? Vallah, düşündükcə belə qənaətə gəlirəm ki, beş-altı nəfər üzdə olan sənətçilərimiz var ki, böyüklərlə bahəm uşaqlarımız da onları dinləməyə məcbur. Göydən yağanı yer qəbul edən kimi, onlar bizim yazıq qulaqlarımıza nə ərməğan etsələr, cümləmiz buna qail oluruq. Əlac ona qalıb ki, həmin müğənnilər öz repertuarlarına uşaq nəğmələrini də əlavə etsinlər. Bəlkə, bu yolla kiçik yaşlı mahnılarımız da kütləviləşə, yayıla, sevilə.
   Uşaqların sərbəst vaxtının əhəmiyyətli təşkili zəminində birinci vəzifə, təbii ki, telekanallarımızın öhdəsində. Məsələn, uşaq mahnıları yazılması yönündə müsabiqə elan oluna bilər ki, bu da ortaya müasir, yenilikli dünyamızı özündə ehtiva edən, dili sadə, musiqisi oynaq ritm dinamikasına əsaslanan nəğmələrin meydana gəlməsinə şərait yaradar. Çox yaxın keçmişdə kanallarımızın birində uşaqlar arasında mahnı oxuma yarışı keçirilirdi (baxmayaraq ki, səsi olan yüzlərlə uşaq var, nədənsə, bu yarışmadakı balacaların tək birinin də «musiqi qulağı» yox idi). Görəsən, təşkilatçılardan heç kim repertuar məsələsi barədə düşünməmişdimi? Axı söylənilən nəğmələr mövzu baxımından uşaq dünyasına tamamilə yad idi...
   Əgər sırf uşaqlar üçün yeni kanallar açılması mümkünsüzsə, heç olmasa, indi fəaliyyətdə olan kanalların hərəsindən üç-dörd saat «oğurlamaqla» balalarımızın həyatına müəyyən qədər rəng qatıb nəğmələşdirə bilmərikmi?!
   Samirə Rüstəmova