Bildiyimiz kimi, sovet dönəmində nəşriyyatlar dövlət sifarişləri ilə fəaliyyətlərini qururdular. Lakin bazar iqtisadiyyatına keçdikdən sonra hər şey dəyişdi. Artıq nəşriyyatların əksər hissəsi özəl müəssisələrə çevrilib.  Sifarişlə işləməyə öyrənmiş nəşriyyat rəhbərləri yenə kimlərinsə onlara sifariş verəcəyini gözləyirdilər. Bu da ondan irəli gəlirdi ki, nəşriyyat rəhbərlərinin bəziləri bazar iqtisadi sistemini və onun prinsiplərini lazımınca mənimsəməmişdilər. SSRİ dağıldıqdan sonra nəşriyyatların bəziləri "küçəyə atılmış körpə" kimi nə edəcəklərini bilmirdilər. Lakin nəşriyyat və mətbəə sırf istehsalat müəssisəsi deyil ki, yalnız sifarişlə işləsin. Nəşriyyat həm də yaradıcılıq müəssisəsidir. Bu gün oxucu kütləsinin azlığını, İnternet ədəbiyyatının inkişafı ilə bağlı olduğunu iddia edənlər də var. Bu və ya digər xırda amillər qeyd edilsə də, onlar problem səviyyəsində qəbul olunmur. Hər il ölkəmizdən xarici sərgilərə, kitab müsabiqələrinə aparılan kitablar müxtəlif nominasiyalar üzrəfəxri yerlər tutur. Bundan başqa dərslik çapı ilə bağlı tenderlər keçrilir.  Bütün bunlar göstərir ki, respublikamızda nəşriyyatlar arasında ciddi rəqabət, inkişaf var. Bu gün paytaxtımızda  "Təhsil", "Çaşıoğlu", "Aspoliqraf", "Lider", "Qismət", "Qapp-poliqraf" kimi güclü yaradıcılıq və istehsalat bazasına malik olan nəşriyyatlar fəaliyyət göstərir.


Hazırda  xüsusi nəşrlərin tirajı nadir hallarda 1000 ədədi keçir. Son dövrdə kitab mağazalarına nəzər salsaq, çoxtirajlı nəşrlərin yalnız lüğətlər olduğunu görərik. İngilis dili ölkəmizdə qlobal dil kimi yayıldığından ona maraq böyükdür. Nəşr olunan lüğətlərin əsas hissəsi tərtibatına və çap texnologiyasına görə müasir standartlara cavab vermir. Sadəcə lüğətlərə tələbat yarandığından kütləvi şəkildə nəşrlər olunur. Belə zəif nəşrlərdən "Azərbaycanca-rusca" ("Araz" nəşriyyatı, 2008), "İngiliscə-Azərbaycanca lüğət" ("Təfəkkür", 2005), "Ərəbcə-Azərbaycanca lüğət" ("Adiloğlu", 2008), "Məktəblilərin izahlı lüğəti" ("Nurlan", 2006) və s. göstərmək olar. Yuxarda sadalanan nəşriyyatlar təbii ki zəif nəşriyyatlar deyil, sadəcə lüğət çapına görə onların nəşr nümunələri başqa nəşriyyatlardan geri qalırlar. Amma bu o demək deyil ki, bütün nəşriyyatlar dizayn, tərtibat, poliqrafik cəhətdən zəif lüğətlər çap edir. Azərbaycan Kitab Araşdırmalar Mərkəzinin 2008-ci ildə nəşr etdiyi "Rusca-Azərbaycanca, Azərbaycanca-rusca universal lüğət", “Azərbaycanca-rusca hüquq lüğəti” ("Qanun", 2002"), "Məktəblinin orfoqrafiya lüğəti" ("Təhsil") "Azərbaycan dilinin orfoqrafiya lüğəti" ("Lider", 2006) "Müasir İngiliscə-Azərbaycanca - Azərbaycanca-ingiliscə lüğət" (Çaşıoğlu, 2007) bundan başqa sözün əsl mənasaında peşəkarlıq nümunəsi olan "Şərq-Qərb" nəşriyyatının çap etdiyi lüğətlər - "Azərbaycan dilinin izahlı lüğəti", "Politologiyanın izahlı lüğəti", Azərbaycan dilinin dialektoloji lüğəti", "Azərbaycan ədəbiyyatında işlənən ərəb-fars sözləri lüğəti", "Azərbaycanca-rusca lüğət" poliqrafiyanın dəyərli nümunələridir. Sevindirici haldır ki, ölkəmizdə lüğət çapı sahəsində ixtisaslaşmış, güclü yaradıcı, istehsalat, kommersiya bazasına malik nəşriyyatlar var.


Nəşriyyatların çap məhsulları içərisində ingilis, rus, ərəb dillərində lüğətlər çoxluq təşkil edir.  Ancaq fransız, fars, alman, ispan dillərində lüğətlərin çapına da ciddi ehtiyac var. Ölkəmizdə ixtisas sahələri üzrə lüğətlərin çapında isə vəziyyət ürəkaçan deyil. Belə ki, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr öz sahələrinə uyğun lüğət tapa bilmirlər.  Son dövrlərdə bir neçə nəşriyyatlar bu problemi aradan qaldırmaq üçün bəzi işlər görüblər. "Şərq-Qərb" "Nurlan" "Maarif" "Qanun" kimi nəşriyyatlar sahə lüğətlərinin nəşrinə başlamışlar.


Göründüyü kimi, ölkəmizdə son illərdə lüğət çapında ciddi dönüş yaranıb. Bu, həm də əcnəbi dillərə günbəgün artan marağın ifadəsidir. 

Fərid