Dövlət səviyyəsində təşkil olunan musiqi tədbirlərindən çox-çox fərqlənən bu konsert proqramı böyük rəmzi məna daşıyan konsepsiya üzərində qurulmuşdu. Kiplinqin məşhur bir kəlamına - «Şərq Şərqdir, Qərb isə Qərb və onlar heç zaman kəsişməyəcəklər» - zidd olaraq, dünyaşöhrətli bəstəkar, xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin layihəsi və rəhbərliyi ilə hazırlanan musiqi proqramında Şərqlə Qərb nəinki kəsişdi, hətta vahid bir dünya halında qarşımızda canlandı. 

   Bu hadisənin məhz Azərbaycan torpağında baş verməsində də dərin bir qanunauyğunluq mövcuddur. Axı, Azərbaycan əsrlərdən bəri Şərq və Qərb sivilizasiyalarını tarixi İpək Yolu boyunca körpü kimi birləşdirib, ən müxtəlif mədəni dəyərləri özündə cəmləşdirən qeyri-adi bir məkandır. Bəlkə, elə bunun nəticəsidir ki, müsəlman Şərqində ilk demokratik respublikanın qurulmasından tutmuş, ilk dram əsərləri, opera, Avropa anlamlı yazılı bəstəkarlıq ənənəsinin yaranması da məhz ölkəmizin adı ilə bağlıdır. Əlamətdardır ki, XX əsrin əvvəllərində Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarları Şərqlə Qərbin tamamilə fərqli musiqi ənənələrini və təfəkkür tiplərini bir araya gətirərək, mədəniyyətlərarası dialoqun ən parlaq nümunəsini dünyaya bəyan etdilər. Muğam operaları, simfonik muğamlar, milli alətlər üçün virtuoz konsertlər, «muğamsayağı» və «aşıqsayağı» üslubunda yazılmış çoxsaylı əsərlər - bir sözlə, Avropa musiqi janrları ilə milli musiqi formalarının sintezindən irəli gələn mühüm tapıntılar və yüksək bədii kəşflər... Təsadüfi deyil ki, hazırkı gündə də məhz Azərbaycan bəstəkarı - YUNESKO-nun «Dünya artisti» kimi tək-tək sənətkarlara nəsib olan fəxri tituluna layiq görülmüş Firəngiz Əlizadə Şərq dünyasının Avropada ən böyük uğurlar əldə etmiş və dünyada ən çox tanınmış bəstəkar nümayəndəsidir. Onun düşünüb-daşındığı konsert proqramında da yaradıcılığında olduğu kimi, Azərbaycan musiqisinin rəngarəng və bənzərsiz özəllikləri, axtarış və tapıntıları beləcə qeyri-adi üslubda tamaşaçılara təqdim olundu. Dəfələrlə dinlədiyimiz və bəlkə də, hər notuna bələd olduğumuz musiqi tamamilə yeni bir libasda və çərçivədə göz önündə canlandı. Fasiləsiz, musiqi termini ilə desək «attaca» üsulu ilə düzənlənmiş bu sanballı konsert proqramı birnəfəsə qavranıldı. İlk sədalardan tütəyin qərinələrdən süzülüb gələn saf və kövrək «Çobanbayatı» intonasiyaları dinləyicini uzaq keçmişlərə apardı və bu ovqatı «Natiq» ritm qrupunun arxaik ritmləri daha da gücləndirdi. Milli musiqi arxaikası XX əsr milli bəstəkarlıq təfəkkürünün incisi olan Fikrət Əmirovun «Kor ərəbin mahnısı» ilə əvəzləndi. Alim Qasımovun təkrarolunmaz səsi bizləri Ulu Tanrının əbədi eşq və məhəbbət dünyasına qərq etdi. Beləcə bir konsert proqramı çərçivəsində Firəngiz Əlizadə xalq musiqimizin, zəngin muğamlarımızın və xalq çalğı alətlərinin - tütək, ud, tar, kamança, kanon, balaban, sazın hər birinin ayrı-ayrılıqda ən cazibədar və virtuoz imkanlarını bəstəkar təxəyyülünün nadir sənət inciləri ilə bir araya gətirməyə müvəffəq oldu. Səhnədə Avropa musiqi mədəniyyətinin möcüzəsi sayılan simfonik orkestr və Azərbaycan Xalq Çalğı Alətləri Orkestri - Şərq və Qərbin məxsusi musiqi dünyalarını təcəssüm etdirən iki fərqli səslər aləmi üz-üzə əyləşmişdi. Bu, möhtəşəm bir yarış-dialoqa bənzəyirdi. Milli və Avropa rəqs üslublarının da bu dialoqa qatılması onu daha rəngarəng və dolğun etmişdi.
   Hər dəfə bir milli alətin, habelə xanəndənin ifa etdiyi muğam kadensiyasından sonra simfonik və xalq çalğı alətləri orkestrləri növbə ilə F.Əmirovun «Azərbaycan kapriççiosu»nu, Ü.Hacıbəylinin «Arşın mal alan» operettasından qızların xorunu, F.Əlizadənin «Qarabağnamə» operasından Ananın ariyasını, S.Hacıbəyovun «Karvan» simfonik lövhəsini, V.Adıgözəlovun «Qarabağ şikəstəsi» (solist - Babək Niftəliyev) oratoriyasından bir hissəni, İ.Ştrausun «Vyana meşəsinin nağılları» valsını, C.Puççininin «Turandot» operasından Kalafın ariyasını, H.Rzayevin «Çahargah» rapsodiyasını, Q.Qarayevin «Yeddi gözəl» baletindən Valsı böyük ruh yüksəkliyi ilə ifa etdi. Əsərlərin düzümündə də ciddi bir məntiq duyulurdu. Bu, Azərbaycan tarixinin və gerçəkliyinin musiqi salnaməsinə bənzəyirdi. Bu salnamədə qəhrəmanlıqla, şücaət və mübarizə ilə dolu şərəfli səhivələr, acılı-ağrılı, faciəvi məqamlar da yetərincədir. Bu baxımdan, proqramın dramaturji mərkəzində yer almış «Qarabağnamə» operasından «Ana»nın son dərəcə təsirli ariyası (solist - Qərinə Kərimova) vətənimizin hələ də sızlayan və heç vaxt yaddan çıxmayan Qarabağ yarasına güclü bir işarə idi. Konsertə Avropa ölkələrindən ifaçıların (Avstriyadan Anton Brukner kvarteti və Litvadan opera solisti Vaydas Vişnyauskas) dəvət edilməsi və onların da Ştrausun, Puççinin ən məşhur əsərlərinin ifasına qatılması isə Bakını, nəinki İslam mədəniyyətinin paytaxtı, habelə bütün dünyaya açıq bir şəhər kimi təqdim etdi. Onu da qeyd edək ki, Litva ifaçısının konsertə dəvət olunması da rəmzi məna daşıyırdı: bu ölkənin paytaxtı Vilnüs şəhəri 2009-cu ildə Avropa mədəniyyətinin paytaxtı seçilmişdir. Beləcə, əks qütbə sırf şərqsayağı, daha doğrusu, Azərbaycan tolerantlığı və qonaqpərvərliyi ruhunda sayqı və ehtiram...
   Nəhayət, orijinal musiqi dialoqu sonda bütün iştirakçıların birgə ifasında səslənən Ü.Hacıbəylinin «Koroğlu» operasından ölməz uvertüra və möhtəşəm final səhnəsi ilə başa çatdı. Adətən bütün musiqi tədbirlərimizi açmaq missiyasını dahiyanə surətdə «yerinə yetirən» «Koroğlu» uvertürası ilk dəfə olaraq bütün səslənənlərin yekunu, Qərb-Şərq musiqi sintezinin ən əzəmətli və təkrarolunmaz tacı kimi qarşımızda canlandı. Konsert boyu səslənən musiqi eyni zamanda nəhəng ekranda təsirli və çox parlaq vizual görüntülərlə müşayiət olunurdu.
   Mübaliğəsiz demək olar ki, həmin gün Heydər Əliyev Sarayında gördüklərimiz və eşitdiklərimiz hafizələrdən uzun müddət silinməyəcək. Bu, əslində dahi Üzeyir bəyin 100 il bundan əvvəl musiqi dili ilə aparmağa başladığı dialoqun təntənəsi idi.
   
   Lalə Hüseynova,
   sənətşünaslıq namizədi, BMA-nın dosenti