Bəstəkar öz fikirlərini doğma musiqi dilində ifadə etdikdə xalqa daha yaxın olur
  
  
Üzeyir Hacıbəyov
  
   Bu ilin aprel ayında 75 yaşı tamam olacaq. Öz əsərləri ilə xalqımızın qəlbinə yol tapan, bir çox musiqi janrlarında qələmini sınayan, bənzərsiz bəstəçi, xalq artisti, «Şöhrət» ordenli, Prezident təqaüdçüsü, professor Ramiz Mirişli redaksiyamızın qonağıdır. Deyir ki, ömür vəfa etsə opera da yazacam.
  
  
   «Dalğalar»dan başlayan sənət yolu
  
   Görkəmli bəstəkarla görüşməzdən əvvəl dəniz sahilinə getdim. «Uzaq səfərlərdən» gələn dalğalara tamaşa etmək üçün. Yorğun dalğalar sahilə çırpılıb nəğmə oxuyurdu. Həzin, ruha qida verən, qəlbə sığal çəkən bir nəğmə. «Dalğalar» adlanırdı bu nəğmə. Bir zamanlar məhəbbət şairi İslam Səfərli, bəlkə də elə bu yerdə dalğaların səsinə qulaq açmışdı, sonra da bu səslər sətirlərə dönmüşdü:
  
   Siz qaynar həyatsınız
   Nəğməyə qanadsınız.
  
   Bu sözlərə də Ramiz Mirişli musiqi bəstələmişdi. O zamandan da bu nəğmə dillər əzbəri oldu.
  
   Oxuyub bildiklərim
  
   Ramiz Miraqil oğlu Mirişli1934-cü il aprel ayının 14-də Naxçıvanda müəllim ailəsində doğulub. Onun mənsub olduğu Mirişlilər nəslinin Naxçıvanda maarif, teatr, səhiyyə sahəsində böyük xidmətləri olub. Bu nəsildən musiqiçi yetişməyib. Ramiz Mirişli isə özünə bu yolu seçir. Naxçıvanda uşaq musiqi məktəbini bitirdikdən sonra Bakıya gəlir. Qəbul imtahanlarında onun fitri istedadını nəzərə alıb A.Zeynallı adına Musiqi Məktəbinin Xalq çalğı alətləri şöbəsinin ikinci kursuna qəbul edirlər. 1957-ci ildə bu təhsil ocağını bitirir. Lakin bəstəkar olmaq həvəsi Ramizi rahat buraxmırdı. Bu həvəs onu 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirir. Hər il bəstəkarlıq şöbəsinə cəmi iki nəfər qəbul olunurdu. Həmin ildə qəbul olunanların biri Ramiz Mirişli idi. O, bu təhsil ocağında müəllimi xalq artisti, professor Gövdət Hacıyevdən bəstəkarlığın sirlərini öyrənir, sənətin incəliklərinə bələd olur.
   1962-ci ildə Ramiz Mirişli konservatoriyanı müvəffəqiyyətlə başa vurur.
  
   Görkəmli bəstəkarla üz-üzə
  
   - Ramiz müəllim, maşallah, yaxşı qalmısınız. Heç 75 yaş vermək olmaz.
   - Nə deyim? Ömrümü boş yerə xərcləməmişəm, hər dəqiqəmin qədrini bilmişəm. Ola bilsin ki, vaxtının qədrini bilənləri Allah da sevir. Hələ şikayətim yoxdur.
   - İlk bəstələdiyiniz mahnını xatırlayırsınızmı?
   - Bəstəkarlıq təhsilimi başa vurduqdan sonra mahnı yazmaq barədə axtarışlar aparırdım. Bir dəfə şair İslam Səfərli ilə bir məclisdə idik. O, mənə «Dalğalar» adlı bir şeir verdi. Şeiri oxudum, məni çox sehrlədi. Həmin şeirə bir mahnı bəstələdim. Mahnı hazır olduqdan sonra getdim Şövkət Ələkbərovanın yanına. Onda onun həyat yoldaşı Lətif Səfərov sağ idi. O, mənə dedi ki, bir o mahnını çal, qulaq asaq. Mahnını çaldım, xoşlarına gəldi. Şövkət xanım mahnını ifa etdi. Həmin mahnı mənə uğur gətirdi. Yaradıcılığım «Dalğalar»dan başlayır.
  
   Bəstəkarın sənət bioqrafiyası
  
   R.Mirişli 1962-ci ildə, «Dalğalar» mahnısından sonra Fikrət Qocanın sözlərinə «Küsüb məndən», «Bir xumar baxışlı» və başqa mahnılar bəstələdi və bu mahnılar dillər əzbəri oldu.
   Azərbaycan estradasına ilk dəfə duet janrını da məhz R.Mirişli gətirib. Doğrudur, Xan Şuşinski və Sara Qədimova duet oxumuşdular, lakin onların oxuduqları duet xalq mahnısı idi. F.Qocanın «Günəşi gözləyirəm», Rafiq Zəkanın «Səadət» və Ənvər Əlibəylinin «Ulduzlar» sözlərinə yazılan mahnılar sırf estrada janrında idi. Yaşar Səfərov və Elmira Rəhimovanın ifasında səslənən bu duet mahnıları, üstündən 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, indi də sevilə-sevilə oxunur və dinlənilir.
   1965-ci ildə R.Mirişli xalq çalğı alətləri orkestri üçün xüsusi «Konsert» yazır və yeni səpkili bu əsər dəfələrlə ifa olunaraq musiqi xadimlərinin müsbət rəyini qazanır. Sonrakı illərdə o, xalq çalğı alətləri üçün daha iki «Konsert», 12 süita, 3 uvertüra, musiqi lövhələri və miniatürlər yazır.
   1972-1980-ci illərdə daha iki simfonik poema, bir simfoniya, 1984-cü ildə tar ilə simfonik orkestr üçün «Konsert»in bəstələyir.
   Nəsiminin 600 illik yubileyinə həsr etdiyi «Nəsimi» balladasına və İkinci Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr etdiyi «Əsgər andı» mahnısına görə mükafata layiq görülmüşdür.
   R.Mirişli bir bəstəkar kimi yalnız simfonik, kamera, xalq çalğı alətləri orekstri üçün əsərlər, mahnı və romanslar yaratmaqla kifayətlənmir. O, öz yaradıcılığında səhnə janrına da yer verir. Onun musiqisini yazdığı «Qaçırılmış qız» komediyası dəfələrlə müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Bu əsərdən sonra o, bu janrda daha 4 komediya yazmışdır.
   Son illərdə bəstəkar gənclərə mənəvi dayaq olan, onlara cəsarət aşılayan və qələbəyə ruhlandıran «Böyük əsgər ol», «Haydı, igid əsgər, irəli!», «Əsgər haqqında mahnı»larını bəstələmişdir. 1997-ci ildə simfonik orkest üçün yaratdığı «Şəhidlər» adlı ikinci simfoniyası da onun yaradıcılığında xüsusi yer tutur.
   Bundan başqa o, bir çox bədii, sənədli və cizgi filmlərinə də musiqi bəstələmişdir.
   - Ramiz müəllim, sənət bioqrafiyanıza nəzər salanda, doğrudan da hiss edirsən ki, ömrünüzü boş yerə xərcləməmisiniz. Sizə yaradıcılığınızda İlham verən nədir?
   - Mənim Cəfər Cabbarlının sözlərinə yazılmış bir mahnım var, «Həyat, söylə sən kiminsən?» Həyat ondan ilham alanlarındır, onu sevə-sevə yaşayanlarındır. Mən də xalqımdan ilham almışam. Yaratdığım mahnıları xalq dəyərləndirib. Bu dəyərlər mənə yaşamağı öyrədir.
   Bir də ailəmə, uşaqlarıma çox bağlı olmuşam. Tanrı mənə üç oğul bəxş edib. Onları böyüdüb, boya-boya çatdırmaq mənə fərəh verib. Çox sevinirəm ki, oğlanlarımdan ikisi - Nazim və Yusif mənim yolumu davam etdirirlər. Yusif böyük bəstəkarımız Arif Məlikovun tələbəsidir, bir çox əsərlər, o cümlədən iki simfoniya müəllifidir.
   Nazim isə konservatiriyada, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. «Mərasim» adlı simfoniya yazıb, «Yarasa» filminə musiqi bəstələyib. Əliağa Vahidin həyatından bəhs edən «Qəzəlxan» filminə mənimlə birlikdə musiqi yazıb.
   Üçüncü oğlum isə hüquqşünas işləyir. Mənim ilham mənbəyim bunlardır.
   - Ramiz müəllim, bir neçə bədii və sənədli filmlərə mahnı yazmısınız. Sonradan bu nəğmələrin çoxu ekrandan «adlayıb» müğənnilərin repertuarında qərar tutmuşdur. Ümumiyyətlə, bəstəkarın kinematoqrafiyadakı fəaliyyəti nə ilə səciyyəvidir?
   - Aydındır ki, kino özlüyündə sintetik sənət janrıdır. Yəni burada ədəbi materialın ekran təcəssümündə rejissor konsepsiyası, aktyor oyunu, operator işi, bəstəkarın musiqisi ilə bir həmahənglik təşkil etməlidir. Bu da bəstəkardan ciddilik və məsuliyyət tələb edir. Elə etmək lazımdır ki, musiqi ekranda hər hansı obraz səviyyəsində müstəqil məna daşısın, hadisələrin təbii axarında sadəcə iştirakçı olmaqdan savayı, eyni zamanda aparıcı və əsas qüvvə sayılsın.
   Mən də bu meyarları əsas götürüb, «Alma almaya bənzər», «Evdə kişi var», «Köhnə bərə» (duruxur, sonra gülümsünür) nə bilim hansını deyim, adları yadımdan çıxıb. Saysam, 15-ə yaxın filmə mahnı yazmışam.
   - Bir ziyalı, bir şəxsiyyət, nəhayət, mahnı janrında tanınmış bəstəkar kimi, hazırda bəstələnən mahnıları necə qiymətləndirirsiniz?
   - Bir fikir verin: indi irəliyə getmək barədə deyil, arxaya boylanmaq barədə fikirləşirik. Biz yüksəkzövqlü, əsl xalq mahnıları ruhunda, professional bəstəkar yaradıcılığı zəminində olan mahnıları dinləyib zövq ala biləcək tamaşaçı - dinləyici kütləsini itirməkdəyik. Toylarda, evlərdə, avtomobillərdə eşitdiyimiz ara mahnıları ilə estetik tərbiyədən söhbət aça bilərikmi? Belə dinləyicilərin sayı durmadan artır. Bu da narahatlıq doğurmaya bilməz.
   Mənim yadımdadır, sovet dövründə incəsənətdə Bədii Şura var idi. Bəzən mən mahnı göstərirdim, qəbul olunmurdu. Ya sözdə, ya mahnıda nə isə bir çatışmazlıq olurdu və yaxud da başqa xalqların mahnılarına oxşayırdı. Bəstəkarlar da deyirdilər ki, bu mahnının filan yerini belə düzəlt. Mən də düzəldirdim. Tələbkarlıq çox böyük idi. Mən də çalışırdım ki, elə mahnı yazım ki, mənə Bədii Şurada bir söz deməsinlər. Amma indi necədir? Bir də görürsən, biri deyir ki, mən gündə 10 mahnı yazıram, biri deyir 5-ni yazıram. Belə mahnıların nəyi yadda qalar? Bir dəfə oxunur, sabah yaddan çıxır. Gərək mahnını əvvəl ürəyində bəstələyəsən. Sonra da nota köçürəsən.
   Düzdür, indi biz demokratik ölkədə yaşayırıq, deyirlər ki, Bədii Şura lazım deyil.
   Bədii Şura hər zaman olmalıdır. Deyilən fikirlər hamısı müəllifin xeyrinə deyilir. Belə əsərlər uzunömürlü olur.
   - Eşitdiyimə görə, sizin mahnılarınızı Türkiyədə də sevirlər.
   - Hə, Türkiyədə tanınmış müğənnilər Ajda Pekan, Nəşə Qaraböcək, Fateh Qısabarmaq və başqaları mənim çox mahnılarımı oxuyublar. Bu ilin oktyabr və ya sentyabr ayında Ankarada mənim yaradıcılıq gecəm keçiriləcək. Həmin gecədə türk müğənnilərinin ifasında mənim mahnılarım səslənəcək. İranda da mahnılarımı çox bəyənirlər. Bir neçə mahnımı fars dilinə çevirib oxuyurlar. Bir dəfə mən Tehranda bir konsertdəydim. Mənim adımı çəkdilər, bütün zal ayağa qalxıb məni alqışladı.
   - Ramiz müəllim, uzun həyat yolu keçmisiniz, kamillik, ululuq, müqəddəslik zirvəsinə yüksəlmisiniz. Şübhəsiz, çoxlarının qibtə edəcəyi bu zirvəyə birdən-birə yüksəlməmisiniz. Ömrün bu zirvəsindən boylananda nəyə heyifislənirsiniz. Nəyə öyünürsünüz?
   - Deyim ki, insan zirvəyə heç də açanlıqla qalxmır. Bunun üçün gərək zəhmət çəkəsən. Çətin günlərim də olub. 13 il kirayədə yaşamışam. Sevinirəm ki, həyatda nə qazanmışamsa, öz zəhmətimlə əldə eləmişəm. Özümə çoxlu dostlar qazanmışam. Xoşbəxtəm ki, mənim mahnılarımı Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Arif Babayev və onlara korifey sənətkarlar ifa ediblər. Daha niyə heyifislənməliyəm.
    - Sizinlə nə qədər desəm söhbət etmək olar. Yaradıcılığınız sonsuz, mahnılarınız ürəyəyatımlı, bir mahnınız var. "Bir könül sındırmışam". Bu mahnıda deyildiyi kimi, bir qəbahət iş görüb, könül sındırmamısınız ki?
   - Bu sualı mənə çox veriblər. Mən də İslam Səfərlidən soruşmuşam. Axı sözlər onundur. O da deyib ki, belə bir iş olmayıb, amma mahnı yaranıb.
   - Ramiz müəllim indi nə üzərində işləyir?
   - Bircə opera yazmamışam. Bir dostum var, hazırda bir operanın ssenarisini yazır. Ömür vəfa etsə, o işi başa çatdıracağam.
   - Ramiz müəllim, qarşıdan gələn 75 illik yubileyini təbrik edir, Sizə cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
   - Sağ olun ki, məni «Mədəniyyət» qəzetinə dəvət etmisiniz. Mən də sizin qəzetin kollektivinə öz təşəkkürümü bildirirəm.
  
   Fərahim Dünyamalıoğlu