Əməkdar incəsənət xadimi Rəşid Şəfəqin adı geniş musiqi ictimaiyyətinə Qara Qarayevin bəstəkarlıq məktəbini keçmiş ustad bəstəkar, pedaqoq və musiqişünas kimi çoxdan tanışdır. Onun uşaqlar üçün yazdığı xor əsərləri və miniatürləri bir çox musiqi məktəblərinin xor kollektivləri üçün maraqlı repertuara çevrilmişdir.
   
   O, Azərbaycan bəstəkarlarının 1920-70-ci illərdə yazdıqları uşaq mahnılarının bir qismini xor üçün işləyərək, ”Beynəlxalq uşaq ili” elan olunmuş 1979-cu ildə ”Göyərçinik biz” mahnılar toplusu kimi nəşr etdirmişdir. 1986-cı ildə isə Rəşid Şəfəq uşaqlar və yeniyetmələr üçün “Məktəblinin musiqi aləmi” adlı ensiklopedik xarakterli fundamental bir kitabı “İşıq” nəşriyyatı tərəfindən çap etdirmişdir.Həmin kitabın ilk səhifəsində ölməz bəstəkarımız Qara Qarayevin uşaqlara müraciəti faksimile (əlyazma) şəklində dərc olunmuşdur.Ön sözü isə həmişəyaşar bəstəkarımız Fikrət Əmirov yazmış,bu kitabı ərsəyə gətirmiş uşaqların sevimli bəstəkarı Rəşid Şəfəqin əməyinə yüksək qiymət vermişdir. Daha 2 il sonra - 1988-ci ildə xor almanaxı şəklində ”Pioner və məktəbli mahnıları” adı ilə yeni çap vəsaiti həyata vəsiqə alıb. Həmin xor məcmuəsinə Moskvadan zəmanəmizin görkəmli bəstəkarı və pedaqoqu D.B.Kabalevski rəy və ön söz yazaraq, qeyd etmişdir ki, bu mahnılar toplusu antologiya səviyyəsində Rəşid Şəfəq tərəfindən hazırlanmış və tərtib edilmişdir. (Bu yaxınlarda isə uşaqlar üçün “Min bir mahnı” məcmuəsini üç cilddə tərtib edərək onlara Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət yeni bir müjdə təqdim etmişdir).
   Uşaqlıq illərindən danışarkən Rəşid Şəfəq xatırlayır: ”Xalamın ömür-gün yoldaşı Cavad bəy Cuvarlinski Qori seminariyasını Üzeyirbəylə birgə oxumuşdular. Mənim 5 yaşım olanda o, məni Üzeyirbəyin yanına aparmışdı. Üzeyirbəy mənim eşitmə və musiqi qabiliyyətimi yoxlayıb razılığını bildirdi və mənim musiqiçi olmağımı tövsiyə etdi. Bu görüş mənim həyatımda müstəsna rol oynadı və özümə inamımı artırdı. Mən uşaqlıq illərindən başlayaraq bəstəkar Midhəd Əhmədovun sinfində ilk bəstəkarlıq vərdişlərinə yiyələnməyə, eyni zamanda violonçel sinfində təhsil almağa başladım”.
    1967-74-cü illərdə Rəşid Şəfəq Bakının 190 saylı məktəbində Məktəbli Filarmoniyası yaratmışdır. Çox keçmir ki, o Filarmoniyanın nəzdində Uşaq opera studiyasını da təşkil edir. Abdulla Şaiqin məşhur “Tülkü həccə gedir” adlı komik-alleqorik opera-nağılını Rəşid Şəfəq məhz o vaxt yaradır. Balaca aktyorların ifasında bu əsər böyük uğur qazanır.
   70-ci illərdə sovet dövründə çoxsaylı mədəni-kütləvi tədbirlərin təşkil olunmasında fəallıq göstərən bəstəkar, uşaqların bədii-estetik tərbiyəsinin vacibliyini dərk edərək bu sahədə flaqman rolunu yerinə yetirirdi. O vaxtlar, ənənə şəklini almış mahnı bayramları keçirilirdi. Birləşmiş xorun repertuarını hazırlayan və xor üçün işləyəni, məhz Rəşid Şəfəq idi. Respublika stadionunda Bakı məktəbləri də daxil olmaqla bütün bölgələrdən gəlmiş10 mindən çox uşağı özündə cəmləşdirən ikisəsli xorun təşkil olunmasında Rəşid Şəfəqin misilsiz xidmətləri olmuşdu. Birləşmiş xora maestro Niyazi, Ə.Bədəlbəyli və b. dirijorluq edirdi. Nəfəs alətləri orkestri və ona dəstək verən Xəzər Dəniz Donanmasının, eləcə də digər hərbi xarakterli müəssisələrin musiqiçiləri xoru müşayiət edirdi. Belə tədbirlərə Moskvadan məşhur bəstəkarlar - Kabalevski, Xrennikov da gəlirdilər...
    Yaxın keçmişə nəzər salaq. 1985-ci ilin yayında Moskvada «Muzıkalnaya jizn» adlı ayda iki dəfə dərc olunan maraqlı bir dərgi vardı.Adi bir təsadüf nəticəsində redaksiyanın yanından keçən bəstəkar, baş redaktorun müavini İrina Yuryevna Andropova (Y.V.Andropovun qızı) ilə tanış olur.Bəstəkara jurnalda dərc olunmaq üçün musiqi materialı vermək təklif olunduqda, Rəşid bəy Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibəti ilə onun “Ey Vətən” mahnısını qadın xoru üçün işləyərək, V. Dubrovin adlı şairlə birgə mətni rus dilinə tərcümə edərək, jurnalın not əlavəsi səhifəsində dərc etdirir. Beləliklə, Moskvanın “Sovetskaya muzıka” və “Muzıkalnaya jizn” jurnalında dahi Üzeyirbəyin 100-illik yubileyinə həsr olunmuş “Ey Vətən” xor əsəri çap edildi.
   1988-ci ildə S.Marşakın poemaları əsasında yazdığı “Səfeh siçan balası” və “Ağıllı siçan balası” nağıllarını musiqi dilinə çevirərək Rəşid Şəfəq uşaqlar üçün maraqlı uşaq operaları yaratmışdır. Əsərlər Moskvada «Muzıka» nəşriyyatında nəşr olunmuşdur. Ümumiyyətlə, Rəşid Şəfəqin Moskvanın “Sovetskiy kompozitor” və «Muzıka” nəşriyyatları tərəfindən bir çox əsərləri çap edilmişdir. Onların içərisində “Ana yurdumuz” mahnılar almanaxını xüsusilə qeyd etməliyik. Həmin topluya bəstəkarın ən gözəl və ecazkar xor və solistlər üçün nəğmələri, ”Cəngavərlər” vokal-xor silsiləsindən “a capella” xoru üçün yazılmış miniatürləri və s. diqqəti cəlb edir. O, əsərlərin əksəriyyətini Moskvanın Sveşnikov adına oğlanlar xoru, Mərkəzi Teleradionun uşaq xoru, Leninqrad (indiki Sankt - Peterburq) Televiziya və radiosunun uşaq xoru, Tallinn şəhərinin “Bahar” xor studiyası. Tomsk şəhərinin birləşmiş xoru, Sumqayıtın yeganə uşaq xor studiyası, Özbəkistan, Türkmənistan, Gürcüstan, Tatarıstan, həmçinin Türkiyənin, Çexoslovakiyanin “Mladost” xor studiyası, Bolqarıstanın “Bodra smyana” xor studiyası, Almaniyanın “Gevandhaus” xoru və s. kollektivlərin repertuarında özünə layiqli yer tutub. Ümumittifaq “Melodiya” firmasının buraxdığı vallardan uşaqlar üçün yazılmış fortepiano əsərləri sırasında sənətkarın S.Prokofyevə həsr etdiyi “Sonatina” da vardır. S.Prokofyevin stilistikasına uyğun bəstələnmiş əsər xüsusi maraq kəsb edir. Belə tərzdə yazılmış, sonatinalar, həsr etdiyi müəlliflərin yaradıcılıq manerasına uyğunlaşdırılaraq, bəstəkarlardan Q,Qarayev, F.Əmirov, D.Şostakoviç, Bartok və s. həsr olunmuşdur.
   Rəşid Şəfəq yaradıcılığının maraqlı bir səhifəsi də Hüseyn Cavid irsi ilə bağlıdır. Cavidin qızı mərhum Turan xanım və Firudin Mehdiyevin librettosuna bəstəkar, ədibin “Ana” adlı poeması əsasında 3 pərdəli opera yazmışdır. H.Cavidin 130 illiyi münasibətilə bu operanın səhnəmizdə gedəcəyinə ümidvarıq.
   Rəşid Şəfəq 13 yaşından mətbuat səhifələrində maraqlı və cəlbedici yazılarla çıxış edib. Onun bir çox bəstəkarlar, artistlər, yaradıcı kollektivlər və ifaçılar haqqında məqalə, musiqi təqvimləri, resenziyaları dövri mətbuatda dərc edilib. O, musiqi tədqiqatçısı kimi də yorulmadan çalışır. Belə ki, Azərbaycanın döyüşçü bəstəkarlarından M.İsrafilzadə, S.Srebnitski, Ə.Cavid haqqında maraqlı tədqiqat isləri göz qabağındadır. 1979-cu ildən bu günədək onun əsas yaradıcılıq və axtarış fəaliyyəti dahi Hüseyn Cavidin yeganə oğlu, Üzeyirbəyin tələbəsi Ərtoğrul Cavidlə bağlıdır desək, yanılmarıq. Rəşid Şəfəq 1981-ci ildə Ərtoğrulun fortepiano üçün 9 variasiyasını, uşaqlar üçün “Musiqi albomu”nu redaktə edərək nəşr etdirmişdir. Bu yaxınlarda isə onun natamam əlyazma şəklində qalmış, nəfəs alətləri üçün yazdığı “Vətənpərvərlik marşı”nı simfonik orkestr üçün işləmişdir.
   Rəşid Şəfəqin mahnıları “Qaya” vokal kvarteti, ”Sevil” vokal-instrumental ansamblı və digər peşəkar musiqi ifaçıları tərəfindən radio, televiziya dalğalarında səsləndirilir. Uşaq xor kollektivlərinin, o cümlədən, Aztv-nin “Bənövşə” usaq xorunun, “Qız qalası” uşaq xor kapellası, ”Mələklər”, ”Bəri bax” və s. vokal ansambllarının ifasında bir çox mahnıları uğurla səslənməkdədir.
   Azərbaycan Radio və Televiziyası simfonik orkestrində çalışması,onun daim yaradıcı kollektivlə təmasda olması,ona yaradıcılığında ilham verən əsas amillərdən biridir.
   Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunduğu, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısının ön plana çəkildiyi bir vaxtda bəstəkardan sevindirici xəbər aldıq. O uşaqlar üçün yeni müjdə hazırlamışdı. Musiqili Komediya Teatrı öz qapılarını uşaq auditoriyasından ibarət geniş tamaşaçı kütləsinə açdı. ”Yağmurcuğun macəraları” adlı 2 hissəli müzikl janrında yazılmış bu tamaşa anşlaqlarla keçir. Qısa vaxt ərzində bu müzikl dəfələrlə göstərilib və teatrın repertuarında möhkəmlənərək, vaxtaşırı məktəbliləri öz görüşünə dəvət edir.
   Tamaşanın ərsəyə gəlməsində, ilk növbədə musiqi rəhbəri, teatrın baş dirijoru Nazim Hacıəlibəyovun, quruluşçu rejissor B.Qrafomankin, rəssam Validə İmaməliyeva, baletmeysterlər Yelena və Zakir Ağayevlər, xormeyster Vaqif Məstanov, konsertmeyster Emin Həsənov, baş rejissor Yusif Əkbərov, rejissor assisenti Elməddin Dadaşov və teatrın aktyor heyətinin əməyini xüsusi qeyd etmək lazımdır.
   Rəşid Şəfəq yaradıcılığının digər bir hissəsini də onun musiqişünaslıq sahəsinə aid olan, çoxsaylı qəzet, jurnal elmi, publisistik, tənqidi məqalələri təşkil edir. O, musiqi aləmində baş verən hər bir mütərəqqi yeniliyi sevinclə qəbul edir,diletantlığa,məna boşluğu olan, səviyyəsiz musiqiyə qarşı həmişə öz etirazını bildirir. Dünyaşöhrətli bəstəkarımız Qara Qarayevdən dərs almış Rəşid Şəfəqin yaradıcılıq planları çoxdur. Ümid edirik ki, o, uşaqları da, böyükləri də yeni-yeni musiqi əsərləri ilə sevindirəcəkdir. Gəlin, bu işdə ona sənət uğurları diləyək!
   
   Şahin Qarayev,
   musiqişünas