Azərbaycan incəsənəti və mədəniyyəti öz uğurları ilə yüksək zirvələrdə daim diqqət mərkəzində olmuşdur. Mədəniyyətimiz xarici ölkələrdə də öz orijinallığı və fərqliliyi ilə marağa səbəb olaraq digər xalqları heyrətə gətirmişdir. Professional musiqiçilərimizin qastrol səfərləri isə milli mədəniyyətimizin necə yüksək və diqqətəlayiq səviyyədə olmasını bir daha təsdiq edir.
   
   Belə bir uğurlu konsert səfərlərindən biri də Dövlət Gənclər Simfonik Orkestri tərəfindən həyata keçirildi. Qeyd edək ki, 29 iyun - 2 iyul tarixlərində Rusiya Federasiyası və daha sonra Tatarıstanın paytaxtı Kazan şəhərində Azərbaycan Mədəniyyəti Günləri qeyd edildi. Mədəniyyət günləri çərçivəsində keçirilən konsertlər isə respublikanın xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi altında Dövlət Gənclər Simfonik Orkestrinə həvalə edildi. Mədəniyyət günlərinin, eləcə də konsertlər və orkestrin (qeyd edək ki, bu tədbirlərdə Bakı Xoreoqrafiya Məktəbinin rəqs qrupu da iştirak edirdi) məharətli ifalarını qeyd etməzdən öncə, Dövlət Gənclər Simfonik Orkestrinin yaranması haqqında bir neçə cümlə qısaca məlumat vermək istərdik.
   Görkəmli musiqiçi Mstislav Rostropoviç Bakıya olan səfərlərinin birində Azərbaycanda Gənclər Simfonik Orkestrinin yaradılması haqqında öz fikrini söyləmişdir. Və bu fikir də yeni gənc musiqiçilər kollektivinin yaranmasına bir təkan oldu. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2006-cı ilin martında kollektivin formalaşması işi başladı. Müxtəlif musiqi məktəblərinin yaş həddi 13-23 arasında olan şagirdlərindən ibarət olan gənc musiqiçilər dəvət olundular. Orkestrin bədii rəhbəri və baş dirijoru isə respublikanın xalq artisti Teymur Göyçayev təyin olundu.
   1 dekabr 2006-cı ildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə kollektivə Dövlət Gənclər Simfonik Orkestri adı verilmişdir. Yarandığı gündən orkestr 30-a yaxın konsertlər vermişdir. 15 dekabr 2007-ci il tarixdə M. Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalında orkestrin çıxışı onun yaradıcılıq yüksəkliyi oldu. Orkestr M. Rostropoviç adına hər iki (I və II) Beynəlxalq Musiqi Festivalında böyük müvəffəqiyyətlə çıxış etmişdir. Elə birinci musiqi festivalında orkestrin böyük uğurla keçmiş konsertində M. Rostropoviçin həyat yoldaşı, dünyaşöhrətli müğənni Q.P.Vişnevskaya iştirak etmiş və o, gənc kollektivin yüksək səviyyədə çıxış etməsini, professionallığını və gözəl ifaçılıq qabiliyyətini qeyd etdi. Orkestrin Fransa, Belçika, İsveç, Hollandiya, Rusiya və s. kimi ölkələrdə uğurlu konsertləri böyük ümidverici potensiala malik olduğunun sübutudur.
   Bu gün orkestrin repertuarında bir çox müəlliflərin və cərəyanların 30-dan çox əsərləri var. Bunlardan - Azərbaycan klassik professional musiqisinin banisi Ü.Hacıbəyovun “Koroğlu” operasından və “Arşın mal alan” musiqili komediyasından uvertüralar, “Arazbarı”, eləcə də A.Zeynallının, Q.Qarayevin, F.Əmirovun, T.Quliyevin, V.Adıgözəlovun, V.Mustafazadənin, L.Vanşteynin, M.Mirzəyevin əsərləri; xarici bəstəkarlardan - Hendel, Y.Haydın, V.A.Motsart, A.Vivaldi, E.Kapua, L.Dents, T.Albinoni, C.Vilyams, B.Yumens, İ.Ştraus, C.Pyerpontan; rus bəstəkarlarının əsərləri - P.İ.Çaykovski, S.Prokofyev, Q.Sviridov, İ.Frolov və b. qeyd etmək olar.
   Məhz belə bir proqram repertuarı və uğurlu konsertləri ilə diqqəti cəlb edən orkestrə ilk dəfə Rusiyada zəngin Azərbaycanın mədəniyyət günləri ilə bağlı tədbirlər həvalə olundu. 29 iyun - 2 iyul tarixlərində keçirilmiş konsertlər Moskvanın “Kolonnı Zal”ında və “Zvezdnıy qorodok”-da, sonra isə Tatarıstanın Kazan şəhərində “Zurzal” böyük konsert zalında, eləcə də digər yerlərində keçirildi. Gənclər orkestri ilə yanaşı, Azərbaycanın xalq artisti Yusif Qasımovun rəhbərliyi altında Bakı Xoreoqrafiya Məktəbinin rəqs qrupu və respublika müsabiqəsinin laureatı, xanəndə Elməddin İbrahimovun parlaq, orijinal ifaları tədbirlərə xüsusi bir rəngarənglik qatdı.
   
   * * *
   Nəzrin Mahmudova (fortepiano), Mustafa Aşurov (tar), Elməddin İbrahimov (xanəndə), Çinarə Quliyeva, Zəminə Sadıqzadə, Həmid Cəfərov, Akif Kərimli (rəqs qrupu), beynəlxalq müsabiqələr laureatları Ceyla və Anar Seyidovlar (skripka), Günel Sadıqova (fortepiano), respublika müsabiqələr laureatı Mədinə Şahgəldiyeva (kamança), Nicat Məmmədov (fleyta), İsmayıl Yunusov (vokal) kimi istedadlı musiqiçilərimizin yüksək səviyyəli ifaları və təqdim etdikləri zəngin, rəngarəng proqram repertuarı (Ü.Hacıbəyovun “Koroğlu” operasına uvertüra, V.A.Motsart “Fiqaronun toyu” operasına uvertüra, Q.Qarayev “İnsan məskən salır” k/f-dən musiqi, İ.Brams “Macar rəqsi”, Ü.Hacıbəyov “Arşın mal alan” musiqili komediyasından uvertüra(rəqs qrupu), V.Adıgözəlov “Skerso”, “Qarabağ şikəstəsi” (üçlük), “Mənim Azərbaycanım” xoreoqrafik süita (rəqs qrupu), Q.Qarayev “Yeddi gözəl” baletindən “Ayişənin rəqsi”, “İldırımlı yollarla” baletindən “Qızların rəqsi”, J.Bize - F.Drdla “Karmen-fantaziya” iki skripka üçün, V.Mustafazadə “Mart”, C.Cahangirov “Rondo”, İ.Ştraus “Ovçu polkası”, Niyazi “Rast” simfonik muğamından fraqmentlər, N.A.Rimski-Korsakov “Çar Soltan haqqında nağıl” operasından “Arı uçuşu”, Q.Qarayev “Yeddi gözəl” baletindən Vals, italyan mahnısı “Camayka”, Azərbaycan xalq mahnısı “Qalalıyam” ( vokal), F.Əmirov “Azərbaycan kapriççiosu”) çox böyük diqqət və heyranlıq, isti və səmimi hisslərlə qarşılandı. Qeyd edək ki, Mədinə Şahgəldiyeva istisna olmaqla, digər bütün ifaçılarımız qastrol səfərlərində olmuş və simfonik orkestrin müşayiəti ilə təqdirəlayiq konsertlər vermişlər. Q.Qarayev adına 8 saylı Musiqi məktəbinin (direktor, respublikanın əməkdar müəllimi Kamal Paşazadə) şagirdi Mədinənin (müəllim - “Tərəqqi” medallı Təranə Babayeva) ilk dəfə olaraq simfonik orkestrin müşayiəti altında, üstəlik də belə bir məsuliyyətli konsertlərdə virtuoz ifası, həm Moskva, həm də Kazan tamaşaçıları heyrətə gətirdi. Qeyd edək ki, Mədinə bu konsertlərdən öncə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə may ayında Moskvada keçirilən Spivakov fondunun 15 illiyinə həsr edilmiş “Moskva vstreçayet druzey” VI beynəlxalq festivalında da yüksək səviyyədə çıxış etmişdir. Və Spivakov özü balaca və zərif Mədinəni dəfələrlə səhnəyə dəvət edərək onun ifasını yüksək qiymətləndirmişdir.
   Həm Moskvada, həm də Kazanda baş tutmuş konsertlərin hər ikisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edərək geniş nitqlər söyləmiş, gənc ifaçılarımıza hərtərəfli dəstək olmuşdur. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti - Uşaq Filarmoniyasının rəhbəri Fərəh Şəkinskaya, Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri Murad Adıgözəlzadə və digər həmyerlilərimizin bu tədbirlərdə olmaları və dəstəkləri gənclərimizə xüsusi bir ruh yüksəkliyi verdi.
   Sözsüz ki, gənc musiqiçilərimizin parlaq, virtuoz və rəngarəng ifaları və konsertlərin təqdirəlayiq səviyyədə keçməsində orkestrin bədii rəhbəri və baş dirijoru, respublikanın xalq artisti Teymur Göyçayevin əməyi və zəhməti böyükdür. Teymur müəllimin maraqlı,zəngin səfər və konsert təəssüratlarını qısaca olaraq qeyd etmək istərdik: - “Əlbəttə, müəyyən bir risk var idi. Biz bir qədər həyəcanlanırdıq ki, uşaqlar necə ifalar və çıxışlar edəcəklər. Lakin konsert zamanı bəlli oldu ki, onlar səhnədə çox sərbəst idilər və gözəl ifalar təqdim etdilər. Mən əsas etibarilə gənc ifaçılarımızın çıxışlarından razıyam. Proqramda kifayət qədər mürəkkəb, çətin əsərlər var idi. Məsələn: Niyazi “Rast” simfonik muğamından fraqmentlər, F.Əmirov “Azərbaycan kapriççiosu”, Motsartın “Fiqaronun toyu” operasından uvertüra, İ.Brams “Macar rəqsi” (sol min., N3).Lakin bizim istedadlı və gənc musiqiçiləırimiz bu çətinliklərin öhdəsindən çox uğurla gəldilər. Qeyd edim ki, “Kolonnı zal»da keçirilmiş konsertimizdə əsas tamaşaçı kütləsini Moskvanın yaşlı ziyalıları təşkil edirdi. Konsertin sonunda onların müsbət mənada təəccüb və heyranlığı bizim üçün qürurverici bir hiss idi. Kazanda keçirilmiş konsertimizə gəldikdə isə, çox yüksək səviyyədə keçdi. Biz onların qonaqpərvərliyindən və bizi gözəl, yüksək səviyyədə qarşılamalarından, onlar da bizim konsertimizdən, gənc musiqiçilərimizin təqdirəlayiq ifalarından razı qaldılar. Kazan əhalisi və dövlət nümayəndələri bizi həddindən artıq çox isti və səmimi qarşıladılar. Maraqlı bir faktı da qeyd edim ki, Kazan konservatoriyasının rektoru ilə söhbət zamanı o bizə belə fikir söylədi: - Bizim tamaşaçılar əvvəlcə eşidəndə ki, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsindəki konsertə incəsənət ustaları yox, gənclər gələcəklər, çox təəccübləndilər. Lakin sonda yüksək və gözəl ifaları dinlədikdən sonra söylədilər ki, nazir Ə.Qarayevin ideyası çox düzgün və dəqiq düşünülüb. Və onlar nəticədə Azərbaycan mədəniyyətinin gələcəyini gördülər. Bundan əlavə, sonda onu da vurğulamaq istərdim ki, xüsusilə Azərbaycan nümayəndə heyəninin iştirakı məni müsbət dərəcədə çox təsirləndirdi”.
   Biz də öz növbəmizdə mədəniyyətimiz və musiqimizin istedadlı təmsilçilərinə uğurlar, onlara daim maddi və mənəvi dəstək olmuş dövlət nümayəndələrinə isə dərin təşəkkürümüzü bildiririk. Ümidvarıq ki, Azərbaycan mədəniyyəti və incəsənəti hər zaman olduğu kimi daim zirvələrdə qalaraq uğurları ilə bizi heyrətləndirəcək.
   
   Leyla Əliyeva,
   sənətşünas