Noyabrın 25-də Ağsu Şəhər Mədəniyyət Sarayında çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı, ustad sənətkar Əli Kərimovun 135 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
   AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin və Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə ölkənin və bölgənin tanınmış elm, mədəniyyət xadimləri iştirak edəcəklər.
   Muzeyin Aran regional şöbəsinin rəhbəri Yaqut Bahadurqızının verdiyi məlumata görə, çağdaş Azərbaycan zurna (surnay) sənətinin inkişafında özünəməxsus məktəb yaradıcısı olan məşhur balabançı Əli Kərimovun (1874-1962) xidmətləri çoxdur. Onun çalğısında bu alətin bütün imkanları aşkarlanır: “Bu gün çoxlarının lağ obyektinə çevirdiyi zurna aləti, əslində, milli duyğularımızın, döyüşkənliyimizin haray səviyyəsi, musiqinin təkrarsız dili ilə yetkin ifadəsidir. Əli Kərimov zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib”.
   Y.Bahadurqızının sözlərinə görə, ustad təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə araşdırmaçı Qalib Soltanoğlunun “Asta çal balabanı: Kalvalı Əli Dədə” kitabı işıq üzü görüb. Əli Kərimovun mahnıları Azərbaycan Milli Radiosunun “Qızıl fondu”nda və Dövlət Səs Yazıları Arxivində qorunur.
   Tədbir çərçivəsində ustadın havalarından ibarət diskin də təqdimatı keçiriləcək. Sözügedən diskdə 2 el havası - “Tərəkəmə” və “Uzundərə” mahnıları yer alır.