Müasir türk musiqisini Avropa və Amerikada da yayımlayacaq “Türk Musiqi Birliyi” (Türkish Music Box) kanalının devizi belədir: “Türk dünyasının gənc qəlbi gələcək üçün döyünməyə başladı”. Kanal türkdilli ölkələrdən olan müğənnilərin və musiqiçilərin əsasən modern ifalarını yayır. TMB-nin Azərbaycan təmsilçisi, jurnalist Tahir Aydınoğlu ilə söhbətimiz bu kanalın əsas məqsəd və məramları barədədir.
   
   
   - Tahir müəllim, bilənlər bilir, məlumatı tam olmayanlarçün bir aydınlıq gətirərdiniz; “Türk Musiqi Birliyi” nədir?
   - “Türk Musiqi Birliyi” kanalı türkdilli xalqların ilk ortaq telekanalıdır. Türkdilli xalqların musiqisinin dünyaya çatdırılması baxımından bu kanalın fəaliyyətin xüsusi əhəmiyyətə malikdir. Bütün türkdilli ölkələr belə bir kanalın yaradılması ideyasını müsbət qarşıladılar. Bizə həm ictimaiyyət, həm də dövlət səviyyəsində qucaqlar açıldı. Bu telekanalda bütün türk xalqlarının musiqiləri səsləndirilir. Heç bir türkdilli ölkə diqqətdən kənarda qalmayacaq.
   - Kanalın yaranmasında zəhməti olanlar barədə yığcam bir məlumat verərdiniz...
   - “Türk Musiqi Birliyi” kanalının rəhbəri Naim Burak Elçi Türkiyədə bir neçə musiqi kanallarının ("Kral TV", "SHOW TV", "NTV") yaradıcılarındandır. Ona görə də bu işə başlayanda əsl mütəxəssislə işləyəcəyimizi bilirdik. Bu, bizim böyük türk dünyası ilə birliyimizə xidmət edən iş olduğundan müğənnilərimiz də bizə dəstək verməli, öz kliplərini özləri bizim müraciətimizi gözləmədən təqdim etməlidirlər. Kanal azərbaycanlı muğənniləri tanıtmaq üçün şərait yaradacaq. Bir şərtlə ki, onların təqdim etdikləri ifalar standartlara uyğun olsun. Xüsusilə kliplərin yüksək keyfiyyətliliyi vacibdir.
   Naim Burak Elçi Amerikada təhsil görmüş bir şəxsdir. O, bu işə böyük həvəslə başlayıb. Musiqi kanalının xarici əlaqələr departamentinin rəhbəri Nazilə Abbaslı, telekanalın Azərbaycan təmsilçiliyinin rəhbəri olaraq mən - Tahir Aydınoğlu üstümüzə götürdüyümüz öhdəliyi vicdanla yerinə yetirməyə çalışırıq. Biz tanınan və tanınmaq arzusunda olan istedadlı gənclərin mahnılarını və kliplərini toplayıb, İstanbuldakı mərkəzi studiyaya göndəririk. Oradakı jüri isə ən səviyyəli klipləri efirə buraxırlar.
   - Yeni fəaliyyətə başlayan bu telekanala türkdilli ölkələrdə münasibət, reaksiyalar necədi, hələlik nələri müşahidə edirsiniz?
   - Kanala maraq böyükdür. İnandırım sizi, türkdilli ölkələr arasında Azərbaycanın tamaşaçı marağı daha güclüdür. Telekanala zəng çalanlar, musiqi sifariş edənlər, arzu-istəklərini bildirənlər daha çox Azərbaycandandır. Bir də görürsən Cəlilabaddan, ya hansısa başqa bir rayondan kimsə zəng edib, öz arzularını bildirirlər. Bu nüanslar insanda çox xoş təəssüratlar oyadır.
    Belə kanalın açılması xalqlarımızın bir-birinin musiqilərini yaxından tanımağa, öyrənməyə, sevməyə xidmət edir. Kanalın rəhbəri Naim bəyin dili ilə desək, hər bir türkdilli respublikada tarkanlar, sibelcanlar, sezenaksular və bəlkə də onlardan da güclü müğənnilər var, ancaq bunlardan xəbərimiz yoxdur. İstəyirik ki, bütün türk xalqları bir-birinin musiqilərinə, mədəniyyətinə yaxından bələd olsun, o cümlədən dünya bizim müasir musiqilərimizi tanısın. Bu, zaman keçdikcə əlaqələrimizin genişlənməsinə və daha sıx birliyimizə səbəb olacaq.
   - Telekanalın daha nə kimi işləri var, orda işləyənlər hansı meyarlara əsasən seçilir və bu kanal Azərbaycan jurnalistləri üçün nə dərəcədə əlçatandı?
   - Bilirsiniz ki, kanalda kliplər təmənnasız yayımlanır. Bu, kanalın özəllik-gözəlliklərindən biridir. Bu telekanal Beynəlxalq Yayım Şəbəkəsində olduğu üçün artıq iri reklam şirkətlərindən müraciətlər alırıq. Reklamlardan qazandığımız pul hesabına fəaliyyət göstəririk. Bu işin mənəvi bir tərəfi də var. Azərbaycanın musiqi məhsulları türkdilli ölkələrə, o cümlədən dünyaya ixrac olunur. Həmçinin, başqa türkdilli ölkələrin məhsullarını da biz idxal edirik, ölkələrin turizm potensialı təbliğ olunur, mədəniyyətləri qarşılıqlı yayınlanır və sair.
   Hələ ki, çox işçimiz yoxdur. Yetərli maliyyə vəsaiti əldə etdikdən sonra yeni işçilər götürməyi düşünürük. TMB-nin Azərbaycanda yaşayan jurnalistlər üçün əlçatan olması məsələsinə gəlincə, kanalın internet ünvanı (www.tvtmb.com) əlaqə telefonları var, o cümlədən Azərbaycan Təmsilçiliyinə müraciət edə bilərlər.
   Azərbaycan oxucularına, tamaşaçılarına, məxsusi olaraq musiqisevərlərinə bildirmək istəyirik ki, TMB türk xalqlarının musiqisini təmənnasız olaraq bir-birinə və dünyaya çatdırmaq yolunda öz məqsədinə pillə-pillə yaxınlaşır. Yeganə təmənna kanalın mövcudluğunu hər bir tamaşaçıya çatdırmaq və yayımın genişləndirilməsinə kömək etməkdir. TMB-nin prezidenti Naim Burak Elçini və kanalın xarici işlər müdiri nazilə Abbaslını Bakıda qəbul edən Türkiyənin ölkəmizdəki böyük elçisi Hulusi Kılıç bildirdi ki, belə bir nadir telekanalı türkdilli dövlətlərin birgə səyi ilə yaratmaq mümkün idi. Bu kanalın özəl bir təşəbbüslə yaranması isə daha gözəl oldu. Çünki dövlətlər tərəfindən yaradılsaydı, düşünülərdi ki, bu bir dövlət siyasətinə xidmət edən kanaldı. Amma belə - türkdilli xalqların könüllü şəkildə yaratmaqları daha yaxşıdır. Bizə bu işdə TÜRKSOY dəstək verir. Digər dövlət qurumlarının da bizə dəstək olmasını çox istərdik.
   - Azərbaycan tamaşaçısı bu kanalın yayımını necə izləyə bilər və yayım şəbəkəsinin genişləndirilməsi istiqamətində hansı işlər görülüb?
   - Türk dünyasının ilk və tək musiqi kanalı TMB Azərbaycanda hər bir musiqiçinin, musiqisevərin üzünə açıqdır. Hələlik onu “Türksat-doğu” peyk yayımında “12025” kodu və KATB-i rəqəmsəl şəbəkəsində “117” sırada izləmək olar. TMB-nin www.tvtmb.com internet saytı və elektron poçtu ilə də onun yayımını izləmək və kanalla canlı bağlantı qurmaq mümkündür. Yaxın vaxtlarda türk musiqi kanalının “B-B tv kommunikation” və “Konnekt” TV şəbəkələri ilə yayımı da nəzərdə tutulur. Bu kanalı Avropanın tanınmış kabel kanallarında da izləmək mümkündür.
   - Tahir müəllim, bunu bilirik ki, bu kanal Novruz bayramı şənliklərini canlı yayımlamaq istəyir, başqa hansı perspektiv planlarınız var?
   - Kanalın gələcək planları çoxdur. İstanbulda türkdilli ölkələrin və toplumların ilk ortaq televiziyası kimi fəaliyyətə başlayan «TMB» kanalı mart ayında bütün türk dövlətləri sənətçilərinin iştirakı ilə keçiriləcək Novruz şənliyindən (həmçinin ABŞ-da da geniş şəkildə qeyd etmək niyyətimiz var) başqa, payız aylarına doğru “Evrovizion”un ekvivalenti olacaq “Türkvijn” layihəsi vasitəsi ilə türkdilli xalqlara məxsus mahnıların yarışmasını keçirməyi planlaşdırırıq. Belə bir düşüncəmiz də var ki, türkdilli ölkələrin özəl günlərini canlı yayımlayaq. Məsələn, hər hansı türkdilli dövlətin müstəqillik bayramı ilə bağlı reallaşan tədbirin canlı yayımı olsun, daha geniş formatlı musiqi proqramları hazırlayaq və s.
   TMB-nin məramı türkdilli ölkələrin modern musiqisini qlobal məkana çıxartmaqdır. Bu mənada, yeni telekanal dünyada məşhur olan MTB musiqi kanalı ilə rəqabətə girişmişdir. Dünya türk musiqisini, nəhayət, tanımalıdır və tanıyacaq. Bu işdə irəliləmək üçün Türkiyənin, beynəlxalq aləmin peyk şəbəkəsindən əlavə, geniş yerli yayım da həyata keçirilir.
   - İşlərinizə uğurlar!
   - Mən də Azərbaycan KİV-ində çalışan həmkarlarıma, Azərbaycan Mətbuat Şurasına türk dünyasının ilk və tək musiqi telekanalının yaradılmasına göstərdikləri informasiya dəstəyinə görə, TMB rəhbərliyinin dərin minnətdarlığını çatdırıram. Bu işdə medianın tanıtma materialları çox əhəmiyyətli olmuşdur və sizin qəzetinizə də təşəkkür edirəm.
   
   Söhbətləşdi: Turan