Mədəniyyət və Turizm Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Bakı Caz Mərkəzində görkəmli pianoçu və bəstəkar, Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyinə həsr olunmuş konfrans keçirildi. Konfransda görkəmli musiqiçilər, tələbələr, musiqisevərlər iştirak edirdilər.
   
   Konfransda çıxış edən Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə, V.Mustafazadənin yaradıcılıq fəaliyyətinin ideoloji ziddiyyətləri haqqında danışdı: «Dünyaşöhrətli musiqiçinin yaradıcılığında ümumilikdə Bakının mənzərəsini görmək olar. V. Mustafazadə möhtəşəm şəhərin gözəlliklərini musiqinin dili ilə obrazlı şəkildə tamaşaçılara çox gözəl çatdırıb. Yəni musiqinin dili ilə şəhəri insanlara sevdirib. V.Mustafazadənin yaradıcılıq yolu o qədər də hamar olmayıb. Azərbaycan cazına dünya şöhrəti gətirən, musiqimizi dünyada tanıdan sənətkar bu xidmətlərinin qarşılığını sağlığında ala bilməyib. Uzun illər o, bir çox çətinliklərlə üzbəüz qalıb. Ancaq bütün bu çətinliklərə sinə gərərək, qoyulan qadağaları, qarşısına çəkilən sədləri qırmağı bacarıb. Musiqi onun həyatı idi. O, dərs zamanı tələbələri ilə məşq edəndə biz saatlarla onun ifasını dinləyirdik”.
   Professor, Xalq artisti Tofiq Bakıxanov, V.Mustafazadə haqqında uzun illərin xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
   Sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi İmruzə Əfəndiyeva, konfransda V.Mustafazadə haqqında səslənən elmi məqalələrin, çıxışların, xatirələrin bir yerə toplanaraq çap olunmasını və bütün dünyaya yayılmasını təklif etdi: «V.Mustafazadə qeyri-adi bir insan olub. O, dünyaşöhrətli pianoçu, cazmen və bəstəkardır. Vaqif Mustafazadə milli harmoniya ilə caz musiqisini böyük sənətkarlıqla, ustalıqla sintez edərək nailiyyətlərə imza atıb. Digər tərəfdən, o, rus və Avropa bəstəkarlarının ənənələrini milli ənənələrlə birləşdirib, muğamla cazın sintezindən olduqca gözəl, orijinal və təkrarsız vəhdət alınıb”.
   Tədbirdə çıxış edən digər görkəmli musiqiçilər də istedadlı pianoçumuzun həyat və yaradıcılıq yolundan danışdılar, onun caz musiqisində etdiyi yenilikləri xatırlatdılar. Sonra tədbir konsert proqramı ilə davam etdirildi. Konfrans iştirakçıları “Retro - Sevil” vokal-instrumental ansamblı, Arif Cahangirovun rəhbərliyi ilə saksofonçular qrupu, pianoçu Əfqan Rəsulov, vokalçı Aynur İsgəndərli, saksofonçular Rafiq Seyidzadə, Zaur Mirzəyev və başqalarının ifalarında musiqi nömrələrini dinlədilər.
   
   Fəxriyyə ABDULLAYEVA