May ayında Osloda keçiriləcək 55-ci «Eurovision» mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin “Drip drop” mahnısına klip çəkilişləri davam edir. Ukraynada aparılan çəkilişlər yaxın günlərdə bitəcək və klip aprelin 25-də təqdim olunacaq.
   Bu barədə “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli məlumat verib. Onun sözlərinə görə, klip ukraynalı rejissor tərəfindən çəkilir və mahnının mövzusuna və ritminə uyğundur.
   A.Kərimli deyib ki, hazırlıq proqramına uyğun olaraq Səfurə Əlizadə bir sıra xarici ölkələrdə konsert proqramı ilə çıxış edəcək: “Klip təqdim olunduqdan sonra təmsilçimiz Danimarka və İslandiyada çıxış edəcək. Bundan sonra digər ölkələrdə də bu kimi konsertlərin təşkil ediləcəyi planlaşdırılır”.
   Nümayəndə heyətinin rəhbəri bildirib ki, hazırda Səfurə Əlizadə səhnə görünüşü və performansı üzərində çalışmaqla bərabər, həm də ingilis dili biliklərini artırır: “Əsas odur ki, ifa və performans tamaşaçıların yadında qalsın. Hazırlıq prosesi mayın 15-dək tam yekunlaşacaq”.