Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyevlə R.Babayev adına 25 saylı musiqi məktəbinin müəllim və tələbə kollektivinin görüşü keçirilib. Ü.Hacıbəylinin anadan olmasının 125-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində keçirilən görüşdə dahi bəstəkarın yetişdirdiyi görkəmli musiqiçi və pedaqoqların həyat və yaradıcılığı haqqında söylənən xatirələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
   Görüşdə görkəmli tarzən Ramiz Quliyevin gənc musiqiçilərə verdiyi «ustad dərs»i çox maraqla dinlənilib. Görüşün sonunda Musiqi Akademiyasının zalında məktəb şagirdlərinin ifasında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, Niyazi, S.Rüstəmov, A.Məlikov, T.Bakıxanov, A.Motsart, F.Şopen, Debüssi və digər bəstəkarların əsərləri, muğamlarımız səslənib.