«Kainat» Gənclik Mərkəzi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirdiyi ənənəvi 2-ci beynəlxalq uşaq muğam festivalının bölgələrdə seçim turuna başlayıb. Seçim turuna yaşı 16-dək olan yeniyetmə ifaçılar cəlb olunub. Mərkəzin direktoru Rahib Rəsulzadə bildirib ki, ilk olaraq seçim turu Qarabağ bölgəsini əhatə edib. Mayın 18-də Ağcabədi şəhərində keçirilən seçim turunda Ağcabədi, Ağdam, Tərtər, Bərdə və digər rayonlardan 60 yeniyetmə iştirak edib. Onlardan iki nəfər - Bərdə rayonundan Muradbəyov Bahadurbəy, Laçın rayonundan Məmmədova Aypəri finala vəsiqə qazanıb.
   Festivalın bölgələr üzrə növbəti seçim turları Şirvan regionu üzrə Qəbələdə, Gəncə bölgəsi üzrə isə Gəncə şəhərində keçiriləcək. Festivala oktyabr ayında Bakıda yekun vurulacaq. Direktor bildirib ki, artıq festivalda iştirakla bağlı Türkmənistan, Özbəkistan və Türkiyədən müraciətlər var.
   Qeyd edək ki, «Kainat» Gənclik Mərkəzi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1-ci beynəlxalq muğam festivalını 2009-cu ilin oktyabrında keçirib.