Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib. Həm də Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunan tədbirdə dahi bəstəkarla Rostropoviçlərin yaradıcılıq əlaqələrindən bəhs edilib.
   
   Rostropoviçlərin ev-muzeyinin T.İsmayılov adına uşaq qalereyası ilə birgə tərtib etdiyi, Ü.Hacıbəyli və Rostropoviçlərin dostluğuna həsr olunmuş uşaq rəsmləri sərgisi maraqla qarşılanıb. Üç yaş qrupunda olan şagirdlərin iştirak etdiyi müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif edilib.
   Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, L. və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin şagirdlərinin və Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin birgə konserti də maraqla qarşılanıb. Konsertdə musiqi məktəbinin şagirdləri Ü.Hacıbəylinin, digər Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Sonra 21 saylı musiqi məktəbinin 11-ci sinif şagirdi Dəniz Tacəddin qonaqlar üçün “L.Rostropoviçlə Ü.Hacıbəylinin dostluq və yaradıcılıq əlaqələri” mövzusunda interaktiv ekskursiya aparıb. Tədbirin bir özəlliyi də onun interaktiv xarakter daşımasında idi. Qonaqlar tədbirin həm iştirakçısı, həm də yaradıcısı idilər.