Azərbaycan təmsilçisi Səfurə Əlizadə mayın 27-də ikinci yarımfinalda çıxış edəcək
   
   Mayın 23-də Norveçin paytaxtı Osloda “Eurovision-2010” mahnı müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib. Mərasim Oslo bələdiyyəsinin binasında gerçəkləşib. Müsabiqənin iştirakçısı olan 39 ölkə təmsilçisinin adı bələdiyyə binasının qarşısında yerə salınmış qırmızı xalça üzərində yazılıb.
   
   Təntənəli açılış mərasimində Oslo meri Fabian Stang qonaqları salamlayaraq müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
   “Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius Norveçin təşkilatçılıq işindən razı qaldığını vurğulayıb və 55-ci “Eurovision” müsabiqəsini açıq elan edib.
   Açılış mərasimində “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak çıxış edib.
   Qeyd edək ki, mərasimdə müsabiqənin favoritlərindən hesab edilən Azərbaycan təmsilçisi Səfurə Əlizadəyə xüsusi maraq olub. S.Əlizadənin piarı məqsədilə xususi promo-materiallar da hazırlanıb. Bura üzərində təmsilçimizin müxtəlif fotolarının yerləşdirildiyi çanta, köynək və "Drip drop" mahnısının CD və DVD versiyası daxildir. Azərbaycan təmsilçisinin promo-materialı bütün iştirakçı ölkələrin nümayəndə heyətlərinə və media mənsublarına hədiyyə edilib.
   Qeyd edək ki, müsabiqə ilə bağlı bukmeker kontorlarının proqnozlarında da S.Əlizadəyə üstünlük verilir. Liderlər üçlüyünə Azərbaycan təmsilçisi ilə yanaşı, Almaniya nümayəndəsi Lena Meyer-Landrut və israilli Harel Skat daxildir.
   “Eurovision-2010” müsabiqəsinin ilk yarımfinalı mayın 25-də keçirilib. Təmsilçimiz Səfurə Əlizadə mayın 27-də müsabiqənin ikinci yarımfinalında sayca yeddinci çıxış edəcək. On yeddi yarımfinalçıdan on nəfəri final mərhələsinə keçəcək. Final yarışması isə mayın 29-da olacaq.