“Adiloğlu” nəşriyyatında ikihissəli “Azərbaycan musiqi ədəbiyyatı” dərsliyi işıq üzü görüb. Dərsliyin birinci hissəsinin müəllifi Solmaz Qasımovadır. Burada Azərbaycan musiqi mədəniyyəti tarixinin əsas inkişaf mərhələlərinin şərhi və qısa icmalı verilib. Dərslikdə görkəmli bəstəkarlar - Ü.Hacıbəyli, M.Maqomayev, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, C.Hacıyev və Ə.Bədəlbəylinin həyat və yaradıcılıqları işıqlandırılıb. Dərsliyin ikinci hissəsini Zemfira Abdullayeva qələmə alıb. Burada da ötən əsr Azərbaycan musiqi mədəniyyətinin ümumi şərhi verilib, Niyazi, S.Hacıbəyov, C.Cahangirov, A.Məlikov, V.Adıgözəlov, S.Rüstəmov, T.Quliyev, R.Hacıyev və X.Mirzəzadənin həyat və yaradıcılıqları monoqrafik prinsip əsasında təqdim olunub. XX əsri Azərbaycan incəsənəti tarixində yüksəliş dövrü kimi səciyyələndirən müəllif, dərslikdə adları çəkilən sənətkarların bəşər mədəniyyətinə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Dərslik Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında hazırlanmışdır. Dərsliyin redaktoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadədir.