Simli alətlər üzrə musiqi təhsilinin yaxşılaşdırılması, istedadlı uşaqların aşkara çıxarılması, dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mayın 17-21-də Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə II Respublika Müsabiqəsi keçirilib.
   
   Üç yaş qrupunda keçirilmiş müsabiqədə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərindən, Naxçıvan Muxtar Respublikasından, Goranboy, Hacıqabul, Quba, Qusar, Salyan, Samux və digər rayonlardan skripka, violonçel və arfa üzrə 100-ə yaxın gənc musiqiçi iştirak edib.
   Müsabiqə qaliblərinin yekun konserti mayın 27-də Dövlət Filarmoniyasında keçirildi.
   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, professor Tofiq Aslanov, Xalq artisti Zəhra Quliyeva çıxış etdilər. S.Məmmədəliyeva belə müsabiqələrin musiqimizin inkişafındakı əhəmiyyətindən danışaraq hər bir iştirakçıya uğurlar arzu etdi.
   Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Z.Quliyevanın sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, Bakı, Gəncə və Naxçıvanın uşaq musiqi məktəblərində təhsil alan 20 gənc skripka və violonçel ifaçısı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görüldülər.
   Müsabiqəyə yüksək səviyyədə şagird hazırladıqlarına görə münsiflər heyətinin qərarı ilə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri Nəzmiyyə Abbaszadə, Hökümə Əliyeva, Aidə Qədimova, Sevinc Kərimova, R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri Fatima İdyatulina, Arzu Səfərova, L. və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi İlhamə Ağayevaya pul mükafatı verildi.
   Bir sıra şəhər və rayon uşaq musiqi məktəblərinin müəllim və konsertmeysteri Fəxri Fərmanla təltif edildi.
   Bakı, Gəncə, Naxçıvan, Şəki, Şirvan şəhərlərinin, Abşeron, Salyan, Samux rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri Habil Əliyev, Samir Hüseynov, Niyazi Məmmədli, Qorxmaz Şıxəliyev, Əli Məhəmmədoğlu və Əlövsət Bəşirzadə həvəsləndirici mükafata layiq görülərək tərifnamələrlə təltif olundular.
   
   Yeganə