“Muğam Radio” saytında muğam əsərlərinin ən böyük toplusu təqdim edilib. Dünyada ilk və yeganə olan “Muğam Radio” xalq musiqisinin bu janrına aid əsərlərin ən böyük kolleksiyasını sənətsevərlərin mühakiməsinə verib.
   
   Muğam kolleksiyası radiostansiyanın aşağıdakı ünvanlı saytında yerləşdirilib:
   http://mugamradio.az/audio/classic-mugam/
   Saytda klassik muğamla yanaşı, etno-caz muğam stilində kompozisiyalar da təqdim edilir.
   Yaxın vaxtlarda bu radiostansiyanın dinləyiciləri onlayn videotranslyasiya vasitəsilə radiostansiyanın qonaqlarının canlı ifasını da izləyə biləcəklər.
   “Muğam Radio” Azərbaycanın klassik şifahi musiqi ənənələrinin bu nadir janrını dünyada tədliğ etmək üçün nəzərdə tutulub. Layihə 2009-cu ilin oktyabr ayında istifadəyə verilib. İndi hər bir internet istifadəçisi dünyanın istənilən guşəsində “Muğam Radio” saytına daxil olaraq, bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin bu şedevrini - muğam musiqisini dinləyə bilər.
   Saytda 24 saat ərzində seçmə muğam kompozisiyaları translyasiya edilir. Burada həmçinin muğam, onun tarixi barədə geniş informasiya, məşhur ifaçıların tərcümeyi-halı da yerləşdirilib.