Bakının Səbail rayonunda Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbi əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
   
   Məktəbin direktoru Qəmər Quliyeva iştirakçıları salamlayaraq 70 yaşını qeyd etməyə hazırlaşan təhsil ocağının tarixi barədə məlumat verib.
   Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məktəbdə aparılan əsaslı təmir işlərinin başa çatması münasibətilə pedaqoji kollektivi, valideynləri və şagirdləri təbrik edib, mərasimin 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunduğunu bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizə göstərdikləri diqqət və qayğı nəticəsində son illərdə ölkəmizdə yüzlərlə məktəb binası tikilib və təmir edilib.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son dövrdə mədəniyyət ocaqlarında, musiqi məktəblərində aparılan təmir-bərpa və yenidənqurma işlərinin mədəniyyətin inkişafına dövlət qayğısının nümunəsi olduğunu vurğulayıb: «Fərəhləndirici haldır ki, dahi sənətkarlarımız Tofiq Quliyev, Qara Qarayev və Rəşid Behbudovun adını daşıyan musiqi məktəbləri əsaslı təmir olunub. Görülən işlər mədəniyyətimizin inkişafına, gələcəkdə yeni-yeni dahi musiqiçilərin yetişməsinə əsas yaradır».
   Görkəmli sənətkar Rəşid Behbudovun qızı Rəşidə Rəşid atasının adını daşıyan məktəbin təmir olunmasında əməyi olanlara təşəkkürünü bildirib.
   Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
   Tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, deputat Fuad Muradov iştirak ediblər.