Türkiyənin meqa-starı Tarkan Azərbaycan mahnısını repertuarına daxil edəcək
   
   Konsert proqramlarının təşkilatçısı Nahid Emiloğlu bildirib ki, Tarkan “Səndən nigaranam”(bəstəkar Kamal, sözlərinin müəllifi Baba Vəziroğlu) mahnısını Nəsibə Abdullayevanın ifasında eşidib və məhz bu mahnını ifa etmək üçün təşkilatçı Nahid Emiloğlunya müraciət edib: “Hazırda mahnının sözləri Türkiyə türkcəsinə uyğunlaşdırılır. Məzmun və sözlər eyni qalacaq, sadəcə, bəzi sözlər türkcəyə tərcümə olunur. Hazırda Ozan Çolakoğlu tərəfindən mahnı oranjeman olunur”.
   N.Emiloğlu deyib ki, yaxın günlərdə mahnının aranjemanı bitəcək və studiyada mahnı yazılması prosesi həyata keçiriləcək. On gündən sonra isə “Səndən nigaranam” mahnısı Tarkanın ifasında dinləyicilərin ixtiyarına veriləcək: “Bu mahnını Tarkan növbəti albomuna da daxil etmək fikrindədir. Eyni zamanda mahnıya klip çəkdirəcək. Tarkan bu klipin məhz Azərbaycanda çəkilməsini istəyir”.
   Təşkilatçı deyib ki, mahnı Türkiyə və Azərbaycanın, eləcə də digər ölkələrin radio dalğalarında səslənəcək. Məhz bu mahnının Azərbaycan xalqına təqdim etmək üçün Tarkan iyulda Azərbaycana səfər edəcək. N.Emiloğlunun sözlərinə görə, səfər çərçivəsində Tarkanın Azərbaycanda mahnının təqdimatını keçirəcəyi, burada konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.