TÜRKSOY-un Gənclər Evi Orkestri Ankarada toplanaraq ilk məşqlərinə başlayıb. Təşkilatın baş katibi Düsen Kaseinovun dəstəyi ilə yaradılmış orkestrdə türk dünyası ölkələrindən 21 musiqiçi, o cümlədən Azərbaycandan Nigar İbrahimova, Mustafa Mehmandarov və Üzeyir Mahmudbəyli Türkiyə paytaxtının Hacəttəpə Universitetinin konsert salonunda bir araya gəliblər.
   TÜRKSOY-un baş katibi Düsen Kaseinovun sözlərinə görə, bu mədəniyyət layihəsinin həyata keçirilməsində əsas məqsəd türkdilli ölkələrin musiqi potensialının dünya klassik musiqisi ilə sintezi, türk dünyası musiqisinin ən gözəl nümunələrinin təbliğidir. Orkestrin yaradılması, eyni zamanda, mədəniyyətlərarası dialoqun təmin olunmasına töhfə verəcək.
   Orkestrin şefi Qazaxıstandan olan uyğur mənşəli maestro Ənvər Əkbərovdur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları musiqiçilərinin birləşdiyi orkestrin ilk konsert proqramına türk dünyasının görkəmli bəstəkarları - Q.Qarayev, S.Mədətova, T.Kajqaliyeva ilə yanaşı, İ.S.Baxın, A.Şnitkenin, D.Şostakoviçin əsərləri də daxil edilib.
   TÜRKSOY Gənclər Evi Orkestri avqustun 2-də Türkiyə Dövlət Rəsm Muzeyində çıxış edəcək, avqustun 4-də isə Aya İren kilsəsində Birinci İstanbul Beynəlxalq gənclik orkestrləri festivalına qatılacaq. Sonra türk dünyasının gənc musiqiçiləri Almaniyada Beynəlxalq Bayrot incəsənət festivalında iki konsert verəcəklər.