İyulun 25-də Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanıb.
   
   Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun “Bayram uvertürası”, Fikrət Əmirovun “Fortepiano və orkestr üçün konsert”i, Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, “Vasif Adıgözəlovun “Fortepiano və orkestr üçün konserti” musiqi əsərləri təqdim olunub. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə konsertin solistləri olub. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq ediblər.
   İyulun 26-da II Beynəlxalq musiqi festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti olub. Sənətçilər klassik musiqi həvəskarlarına Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini təqdim ediblər. Əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov və Azad Əliyevin dirijorluq etdikləri konsertdə bəstəkar Edvard Qriqin “Fortepiano və orkestr üçün konsert”, Rauf Əliyevin “Şuşanın dağları başı dumanlı”, Fərhad Bədəlbəylinin “Şuşa”, Sergey Raxmaninovun “Fortepiano və orkestr üçün konsert”, Füzuli Hüseynovun “Kapriççio”, Cüzeppe Verdinin “Bolero”, Manuel de Falyanın “İspan bağlarında gecələr” əsərləri, Corc Bizenin “Karmen” operasından “Qaraçı” mahnısı səsləndirilib.
   Konsertin solistləri Murad Hüseynov, Fəridə Məmmədova, Səidə Tağızadə, Gülnaz İsmayılova, Səbinə Əsədova, Cavid Səmədov və Yeganə Axundova olublar.
   İyulun 27-də isə festivalda dünya şöhrətli Kuba cazmenlərinin konserti keçirilib.
   Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcək. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, Britaniya, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən Yuri Başmet, Boris Berezovski, ingilis skripka ifaçısı Kloya Xanslep, meksikalı tenor Emilio kimi dünya şöhrətli musiqiçilərin ifalarını dinləyəcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
   Festivalın rəsmi açılışı iyulun 30-da olacaq. Həmin gün Kral Filarmoniya Orkestri (London) festivala təşrif buyuracaq.
   Avqustun 2-də İstanbulda yaşayan azərbaycanlı dirijor Ramiz Məlikaslanov və skripka ifaçısı inglis Kloya Xanslep Kloya Mendelsonun simfoniyasını ifa edəcək. Ayın 3-ü festivalda “fransız musiqisi gecəsi” olacaq. Avqustun 4-ü Murad Adıgözəlzadə solo konsertlə Resetal, Şopen və Azərbaycan bəstəkarlarından ifa edəcək. Nəhayət ayın 5-i festivalın bağlanış mərasimində pianoçu Boris Berezovski Kral Filarmoniya Orkestri ilə S.Raxmaninovun 3-cü konserti və 2-ci simfoniyasını ifa edəcək.
   
   
   
   Fərhad Bədəlbəyli:
   “Heydər Əliyev Fondunun köməyi olmasaydı,
   belə bir festivalı keçirə bilməzdik”
   
   Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli son vaxtlar Azərbaycanda bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsinin bir ənənəyə çevrildiyini bildirib.
   
   Bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çox böyük qayğısını hiss etdiklərini bidirən Fərhad Bədəlbəyli musiqimizin xarici ölkələrdə də yüksək səviyyədə təbliğ olunduğunu diqqətə çatdırıb.
   Fərhad Bədəlbəyli deyib: “İyulun 15-də Londonda Qara Qarayev və Fikrət Əmirovun əsərlərini səsləndirdim. Konsertdən sonra ingilis, yapon və alman tamaşaçılar mənə yaxınlaşaraq dedilər ki, biz indiyədək bu musiqi əsərlərini eşitmədiyimizə görə çox təəssüflənirik. Bunlar dahiyanə musiqilərdir, şedevrdir. Biz indiyədək müsəlman ölkəsində belə yüksək səviyyəli simfonik musiqi əsərlərinin mövcudluğuna inana bilmirdik.
   Şübhəsiz, bunun təqsiri özümüzdə olub. Açığını deyim ki, təbliğat məsələsində passivliyimiz var idi. İndi isə ölkəmiz bu sahədə çox irəli gedib. Birinci növbədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya kollektivimiz adından təşəkkür etmək istəyirəm. Səmimi şəkildə etiraf edirəm ki, Heydər Əliyev Fondunun köməyi olmasaydı, biz belə bir festivalı paytaxtdan kənarda yüksək səviyyədə keçirə bilməzdik”.
   F.Bədəlbəyli deyib ki, bu festival kommersiya xarakteri daşımır. Burada əsas məqsəd maarifçilik, musiqimizin təbliğidir. Ona görə də builki festivalın proqramını daha da zənginləşdirərək oraya Azərbaycanla bağlı daha bir neçə konsertlər əlavə etmişik. Ötən il olduğu kimi, builki festival günlərində də Qəbələdən əlavə, Bakı, Gəncə, Oğuz, Ağdaş, İsmayıllı, Şəki, Mingəçevirdən müəllimlər, musiqiçilər, həkimlər, ziyalılar, gənclər konsertə gəlir və Azərbaycan bəstəkarlarının simfonik əsərlərini, dünya musiqi incilərini heyranlıqla dinləyirlər.
   
   
   
   
   Dmitri Yablonski:
   “Bakı mədəniyyət paytaxtına,
   Qəbələ isə musiqi şəhərinə çevrilib”
   
   Festivalın bədii rəhbərlərindən biri olan Dmitri Yablonski tədbirin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
   
   Musiqisevərlər 12 gün müddətində bir çox dünya şöhrətli musiqi kollektivlərinin, o cümlədən London Kral Filarmoniya Orkestrinin, Xloe Hanslipin, Emilio Ponsun, Boris Berezovskinin, Yuri Başmetin, Fərhad Bədəlbəylinin, Murad Adıgözəlzadənin, Rauf Abdullayevin maraqlı konsert proqramından həzz almaq imkanı əldə edəcəklər. Birinci festivaldan fərqli olaraq builki konsertlər bir deyil, üç səhnədə təşkil ediləcək.
   Dmitri Yablonski əlavə edib ki, musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ festivalına dünyanın müxtəlif ölkələrini təmsil edən gənc musiqiçilər də qatılıblar. Ötən il olduğu kimi, bu dəfə də onlar üçün ustad dərsləri keçiriləcək.
   Dmitri Yablonski deyib: “Mən deyərdim ki, son illər Azərbaycanda mədəniyyətin inkişafına, çiçəklənməsinə dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verilir, ölkədə musiqi ilə bağlı beynəlxalq tədbirlər keçirilir. Artıq Bakı mədəniyyət paytaxtına, Qəbələ isə musiqi şəhərinə çevrilib. Mən bir ildir ki, Qəbələdə işləyir və yaşayıram. Füsünkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə gözəl musiqi bayramının keçirilməsi yerli və xarici qonaqlara unudulmaz anlar yaşadır”.
   
   
   
   Dirijor Yalçın Adıgözəlov:
   “Festival Azərbaycan
   mədəniyyətini dünyaya təqdim etmək üçün ən yaxşı fürsətdir"
   
   Festival çərçivəsində ilk olaraq Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
   
   Konsertin dirijoru, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov bildirib ki, ölkəmizi dünyada təbliğ etmək üçün onun siyasəti, idmanı və mədəniyyəti ön sıradadır: “Artıq ikinci ildir ki, təşkil edilən festival Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək üçün ən yaxşı fürsətdir. Ümid edirəm ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmağa imkan yaradacaq. Mən sevinirəm ki, təşkilatçılar festivalın proqramını daha da zənginləşdirərək beynəlxalq musiqi bayramına ABŞ, Kuba, Rusiya, İngiltərə, Fransa və İtaliyadan tanınmış musiqiçiləri dəvət etmiş, ən əsası isə burada Azərbaycan musiqisinin təbliği üçün daha geniş imkanlar yaradılıb”.