Belçikalı virtuoz Kristian Pluver: «Bu fleyta mənə muğamın gözəlliyini duymağa və onu fəth etməyə imkan verdi»
   
   Xəbər verdiyimiz kimi, ötən həftə (21-22 iyul) dünya şöhrətli fleytaçı Kristian Pluver Bakıda konsertlər verib. Sənətçi əvvəlcə Belçikanın Müstəqillik günü münasibətilə düzənlənən konsertdə, sonra isə xeyriyyə konsertində çıxış edib.
   
   Konsertdən əldə olunan pullar uşaqların hüquqlarının müdafiəsi üçün Azərbaycanda ötən ildən fəaliyyət göstərən qaynar xəttə (“916”) köçürüləcək.
   Qeyd edək ki, xeyriyyə konsertini BUTA İncəsənət Mərkəzi (Moskva) təşkil edib.
   R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində keçirilən xeyriyyə konsertində çıxış edən BUTA İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev bildirdi ki, rəhbərlik etdiyi qurum yarandığı vaxtdan (2004) Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ etməyi qarşısına məqsəd qoyub. «Bu konserti təşkil etməklə biz «Mədəniyyətin Qaynar Xətti» layihəsi adı altında silsilə tədbirlərə başlamaq niyyətindəyik». O, xeyriyyə konsertinin təşkilinə köməklik göstərdiyinə görə Belçikanın Azərbaycandakı səfirliyinə və Dövlət İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlıq edərək, digər diplomatik missiyaları da bu xeyirxah işə qoşulmağa çağırdı.
   Konsert məşhur pianoçu Murad Hüseynov və skripkaçı Cavid Əsədovun ifasında Hendelin 2-ci sonatası ilə başladı. Daha sonra skripkaçını dünya şöhrətli belçikalı fleytaçı Kristian Pluver əvəz etdi. Fortepiano və fleytada ifa olunan Fikrət Əmirovun rəngarəng bəstələri dinləyicini sanki uzaq nağıllar aləminə aparırdı. Yüksək peşəkarlıq tələb edən bu musiqiləri Kristian Pluver böyük zövqlə ifa edirdi. Belçikalı fleytaçının virtuoz ifasında “Bayatı-Şiraz” muğamı və “Sarı gəlin” musiqisinin səslənməsi isə tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Qeyd edək ki, «Sarı gəlin»in fleyta üçün partiturasını tanınmış azərbaycanlı cazmen Şahin Növrəsli tərtib etmişdi. O belçikalı sənətçinin ifasına heyranlığını gizlətmədi: «Kristian Pluverin yaradıcılığı ilə çoxdan tanışam və onun bizim musiqiləri, Fikrət Əmirovun əsərlərini ifa etməsi bizim üçün böyük fərəhdir. O özünün improvizasiyaları ilə musiqinin təsir gücünü artıraraq onu daha da emosional etdi. “Bayatı-Şiraz”, “Sarı gəlin” isə tamaşaçılar üçün əsl sürpriz oldu».
   Belçikanın ölkəmizdəki səfiri Filipp Jottard konsertdən məmnunluğunu bildirərək Azərbaycanın mədəni həyatındakı yenilikləri, dünyanın məşhur musiqiçilərinin mütəmadi olaraq respublikamıza təşrif buyurmasını yüksək qiymətləndirdi: “Kristian məşhur musiqiçidir. O, fleytası ilə dinləyicini sehrləyib öz təsirində saxlamaq gücünə malik sənətçidir. Onun ifasında Avropa musiqisi ilə Azərbaycan muğamının sintezi isə sanki möcüzə idi”.
   Onu da qeyd edək ki, konsert Almaniyanın «Deutsche Welle” kanalı üçün lentə alınırdı. Bu ilin sentyabr-oktyabr aylarında «Deutsche Welle” kanalında Azərbaycan haqqında film nümayiş olunacaq və filmdə bu konsertdən fraqmentlər səslənəcək.
   
   Kristian Pluver Fikrət Əmirovun əsərləri ilə Tokioda tanış olub
   
   Fürsətdən istifadə edərək belçikalı sənətçinin Azərbaycan musiqisi barədə fikirlərini öyrəndik. O, Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun əsərləri ilə tanış olduğunu və onları çox bəyəndiyini dedi: «Bu yaxınlarda Türkiyədə dirijor Rauf Abdullayevin rəhbərliyi altında orkestrdə Qara Qarayevin musiqilərini ifa etmişəm. Fikrət Əmirovun əsərləri ilə ilk dəfə Tokioda tanış olmuşam, orada mağazaların birində onun not yazılarının toplusunu almışam. Elə o vaxtdan tanış olduğum bu musiqiləri çox sevirəm. Mən müxtəlif xalqların musiqilərini, mədəniyyətlərini sintez etməkdən böyük zövq alıram».
   
   45 min avroluq qızıl fleyta
   
   Konsetdə belçikalı virtuozun ifa etdiyi alətin isə maraqlı tarixçəsi var. Məlum oldu ki, sənətçinin bundan öncəki fleytası 3 min avro qiymətində olub. Bakıya gətirdiyi alətin qiyməti isə nə az, nə çox - 45 min avrodur.
   Kristian Pluver: «Yaponiyanın «Miozava» firması bu fleytanı xüsusi olaraq mənim üçün təmiz qızıl və gümüşdən hazırlayıb. Bu fleytada ifa etmək mənə heç nə ilə müqayisəyə gəlməyən hədsiz bir həzz verir. Bu fleyta mənə muğamın gözəlliyini duymağa və onu fəth etməyə imkan verdi».
   Fleyta ustası Bakıdan Yaponiyaya yola düşdü. Orada konsert verəcək və ustad dərsləri keçəcək. Yeri gəlmişkən, belçikalı fleytaçı yapon dilini təmiz bilir. Bizimlə vidalaşarkən Kristian Pluver bildirdi ki, artıq 40 ildir səhnədədir və arzu edir ki, növbəti gəlişində azərbaycanlı fleytaçılar üçün də ustad-dərsləri keçsin.
   
   Svetlana Şıxəliyeva