Görkəmli Azərbaycan müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin doğum günündə, avqustun 17-də Rusiyanın musiqi kanallarından olan “Radio Alla”nın efiri bu dahi insanın həyat və yaradıcılığına həsr olunub.
   Sovet estrada ulduzlarından Müslüm Maqomayevlə rəqabət aparanı az tapılardı. Onun təkrarolunmaz bariton səsi, yüksək artistlik qabiliyyəti, zəngin mənəviyyatı insanların ürəklərini fəth edirdi. Müslüm Maqomayev indi aramızda olmasa da, hələ də milyonların kumiridir.
   Avqustun 17-i “Radio Alla”nın efirində Müslüm Maqomayevin mahnıları səslənib, dahi müğənninin yaxın dostları və pərəstişkarları onunla bağlı xatirələrini bölüşüblər.
   Bundan əlavə, “Radio Alla”nın saytında (www.radioalla.ru) müğənninin həyat və yaradıcılığından bəhs edən xüsusi səhifə açılıb. Səhifədə hər kəs Müslüm Maqomayevin təkrarsız sənətinə vurğunluğunu ifadə edə bilər.